Azərbaycan-Əlcəzair parlamentlərarası dostluq qrupu yaradıla bilər TƏKLİF

Azərbaycan Milli Məclisinin sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Bakıda səfərdə olan Əlcəzairin ədliyyə naziri Tayeb Louh ilə görüşüb. Parlamentdən SİA-ya verilən məlumata görə, görüş zamanı Z.Əsgərov bildirib ki, Azərbaycanla Əlcəzairin tarixi dostluq münasibətləri ölkələrin müxtəlif sahələrdə əməkdaşlığı üçün yaxşı imkanlar yaradır: “Azərbaycan Əlcəzairlə münasibətlərin dərinləşməsində maraqlıdır. Ölkələrimizin beynəlxalq qurumlarda qarşılıqlı əməkdaşlığı da yüksək səviyyədədir. Əlcazair Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyir”.

Azərbaycanın dünyaya, o cümlədən İslam aləminə verdiyi töhfələrdən danışan Z.Əsgərov onu da diqqətə çatdırıb ki, işğalçı Ermənistan zəbt etdiyi Azərbaycan ərazilərində dini, tarixi abidələri dağıdıb, talan edib.

Əlcazairin ədliyyə naziri Tayeb Louh Bakıya səfərinin əhəmiyyətindən danışaraq bildirib ki, münasibətlərin dərinləşməsi hər iki ölkənin marağındadır: “Dövlət başçıları səviyyəsində bu məsələyə yüksək diqqət ayrılır. Son zamanlar ölkələrimiz arasında məhkəmə-hüquq sahəsində imzalanan sənədlər bu əməkdaşlığın faydalı olacağından xəbər verir”.

O, parlamentlərarası münasibətlərin inkişafı üçün parlamentlərarası dostluq qruplarının yaradılmasının əhəmiyyətini vurğulayıb.

Söhbətdə mövcud münaqişələrin həlli məsələsindən danışan qonaq deyib ki, ölkəsi bu cür problemlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin tərəfdarıdır və bu mövqe dəyişməz olaraq qalır.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə