Ramiz Həsənov əfqanıstanlı həmkarını qəbul edib

İyunun 21-də xarici işlər nazirinin müavini Ramiz Həsənov Əfqanıstan İslam Respublikası xarici işlər nazirinin müavini Nəsir Əhməd Andişanı qəbul edib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Azərbaycana rəsmi şəxs qismində ilk dəfə gəldiyini deyən qonaq “Asiyanın qəlbi” prosesi çərçivəsində, Əfqanıstandakı sülhməramlı əməliyyatlarda, eləcə də ölkədə sabitliyin təmin edilməsində Azərbaycanın oynadığı vacib rolu böyük məmnuniyyətlə qeyd edib. O, ölkəsinin həmişə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Azərbaycana dəstək göstərdiyini və beynəlxalq təşkilatlarda ənənəvi əsasda bu prinsipial mövqeni nümayiş etdirdiyini söyləyib

Nazir müavini Ramiz Həsənov iki ölkə arasında dövlət başçıları və xarici işlər nazirləri səviyyəsində təmasların daimi əsasda saxlanıldığını, ümumiyyətlə, siyasi sahədə münasibətlərin qarşılıqlı anlaşma şəraitində uğurla inkişaf etdiyini söyləyib. Bununla yanaşı, ticari-iqtisadi, mədəni, elm və təhsil sahələrində ikitərəfli əməkdaşlıq potensialından daha geniş istifadə edilməsinin faydalı ola biləcəyindən bəhs edilib.

Qeyd olunub ki, 2017-ci ilin oktyabrında istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu Uzaq Şərq, Mərkəzi Asiya, o cümlədən Əfqanıstanı Avropa ilə birləşdirən ən qısa və münasib yoldur. Bu layihənin əvvəl yerinə yetirilmiş Bakı-Tbilisi-Ceyhan və digər infrastruktur təşəbbüsləri kimi, nəinki təkcə Azərbaycan, bütün qonşu bölgələrə böyük səmərə gətirəcəyi bildirilib. Səmimi şəraitdə keçən görüşün yekunlarına dair tərəflər Azərbaycan-Əfqanıstan münasibətlərində əldə edilmiş zəminə əsasən, iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində müvafiq işlərin aparılacağından əminlik ifadə ediblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə