Elmar Məmmədyarov belaruslu həmkarı ilə görüşüb

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Minskdə keçirilən Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin iclasında iştirakı çərçivəsində belaruslu həmkarı Vladimir Makey ilə görüşüb. SİA-nın verdiyi məlumata görə, nazir Elmar Məmmədyarov səfər əsnasında ona və nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib.

Nazirlər bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunmasına toxunaraq ötən illər ərzində Azərbaycan və Belarus arasında arasında qarşılıqlı anlaşma və etimada əsaslanan dostluq və tərəfdaşlıq münasibətlərinin qurulduğunu məmnuniyyətlə vurğulayıblar.

Görüşdə nazirlər ölkələrimiz arasında yüksək səviyyəli dialoqu təqdir ediblər və dövlət başçılarının iradələrinə uyğun olaraq ikitərəfli əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdiyini bildiriblər.

İkitərəfli əməkdaşlığın ruhuna uyğun olaraq ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdiyini qeyd edərək qarşılıqlı dəstəyin bundan sonra da davam etdirilməsinin vacibliyini diqqətə çatdırıblar.

Görüş əsnasında nazirlər həmçinin, beynəlxalq və regional gündəliyə aid məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə