"Məşğulluq haqqında” qanun III oxunuşda müzakirə edilib

İyunun 21-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. SİA-nın xəbərinə görə, komitənin sədri Hadi Rəcəbli əvvəlcə “Məşğulluq haqqında” qanun layihəsini üçüncü oxunuşda müzakirəyə təqdim edib.

Bildirilib ki, qanun layihəsində birinci və ikinci oxunuşdan sonra təkliflər nəzərə alınaraq müəyyən dəyişikliklər edilib. Qanun layihəsi 6 fəsil, 37 maddədən ibarətdir. Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə və 94-cü maddəsinin birinci hissəsinin birinci bəndinə uyğun olaraq məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, eləcə də işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edəcək. Qanun Azərbaycan vətəndaşlarına, ölkədə yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilir. Məşğul şəxslərə muzdla işləyənlər, mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər, əyani təhsil alanlar, sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri və sair aiddir.

Müzakirələrdə çıxış edən komitə üzvləri İlham Əliyev, Elmira Axundova, Yaqub Mahmudov, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova layihə barədə qeyd və təkliflərini bildiriblər.

Sonra “Məşğulluq haqqında” qanun layihəsi üçüncü oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Sonra Əmək və sosial siyasət komitəsinin 2018-ci ilin yaz sessiyası müddətində gördüyü işlər diqqətə çatdırılıb. Hadi Rəcəbli bildirib ki, yaz sessiyası ərzində əmək və sosial siyasət komitəsinin 10 iclası keçirilib, 33 məsələyə baxılıb, iki qanun işlənilib. Komitəyə 477 sənəd, 500-ə qədər ərizə və şikayət daxil olub.

Müzakirələr zamanı deputatlar komitənin 2018-ci ilin yaz sessiyasındakı fəaliyyətini qənaətbəxş hesab ediblər.

Bununla da Əmək və sosial siyasət komitəsinin iclası başa çatıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə