Ermənistan ordusunda araşdırmalara başlanılıb

Ermənistanın Milli Təhlükəsizlik Xidməti hərbi hissələrdə yeni yeyinti hallarına görə araşdırmaya başlayıb. SİA Ermənistan mətbuatına istinadən xəbər verir ki, xidmətin araşdırmasına görə hərbi hissələrdə külli miqdarda yanacaq və ehtiyat hissələrinin mənimsənilməsi faktları aşkarlanıb.

Faktlara görə müxtəlif hərbi hissələrdə yanacaq-sürtkü xidməti rəisləri hissə komandirləri ilə əlbir olub qeyri-qanuni şəkildə yanacaq və ehtiyat hissələrinin satışını həyata keçiriblər.

Onlar qanunsuz olaraq sənədlərdə sildikləri yanacaq və ehtiyat hissələrini yaxınlıqdakı avtomobil təmiri sexlərinə satıblar. Əldə olunan gəlir isə komandir və xidmət rəisi arasında bölünüb.

Xidmət rəisi və sex sahibi belə bir yanacaq alveri zamanı yaxalanıblar. Digər hərbi hissədə isə daha ciddi ticarət aparılıb. Belə ki, maşınların hissələri köhnələri ilə dəyişdirilir, bütün təzə hissələr isə satışa çıxarılıb. Onlar maşınların müxtəlif növ ehtiyat hissələrini o cümlədən ötürücü karobkalarını və hətta mühərriklərini belə satıblar.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə