Vardan Malxasyan: "Onlar özlərinə hökm oxudular"

Robert Köçəryan və Serj Sarkisyan hakimiyyətlərinin Qarabağ klanının aparıcı üzvlərindən sayılan general Manvel Qriqoryanın həbsinin ardınca, erməni ictimaiyyəti onu sərt və hiddətli şəkildə qınamaqda davam edir. Belə ki, M.Qriqoryanın Ermənistanda və işğal olunmuş Qarabağ ərazilərində gizli silah-sursat, əsgər qidası və s. anbarlarının üzə çıxmasından sonra ona qarşı ard-arda kəskin ittihamlar səslənməkdədir. SİA-nın məlumatına görə, Ermənistanın milli konqresinin idarə heyətinin üzvü Vardan Malxasyan baş verənlərlə bağlı 1in.am saytına açıqlamasında bildirib ki, ifşasından sonra M.Qriqoryan hərisliyinə və tamahkarlığına görə çirkab bataqlığına düşüb: “Onun əməlləri kriminal-oliqarx bandokratiyasını tam çılpaqlığı ilə ortaya çıxardı” deyə qeyd edən Malxasyana görə, Qriqoryan da daxil olmaqla, Qarabağ klanının üzvləri ölkəni istədikləri qədər və kim necə bacarırdısa talan ediblər: “Bu ifşa baş vermiş talanlar içində ən balacasıdır”.

Ermənistan milli konqresinin üzvü: “Əclaflıq edənlərin nəvə-nəticələri də yaxşı bilirlər ki, onların balaları, ulu babaları necə ləyaqətsiz olublar”

V.Malxasyanın sözlərinə görə, M.Qriqoryanın nəvələri onun əməllərindən utanıb-yerə girəcəklər: “Sən hər hansı xidmətlər göstərə bilərsən, ancaq sonda əclaflıq etmək olmaz. Məsələn, Aştarakda adamlar var ki, 1937-ci ildə əclaflıq ediblər və bu günə qədər insanlar onlar barədə danışırlar. Hansı ki, əclaflıq edənlərin nəvə-nəticələri də yaxşı bilirlər ki, onların balaları, ulu babaları necə ləyaqətsiz olublar. Onlar həmin insanlar barədə danışmağa çəkinirlər. Bax, indi M.Qriqoryan və Yerkrap təşkilatında olanların nəvələri bu əməllərdən utanacaqlar. Onlar özləri-özlərinə hökm oxudular...”

Nana Muradyan: “Oğlumu məhz hərbi hissədən yanacağın oğurlanmasını gördüyünə görə öldürüblər”

Adıçəkilən saytda qeyri-müharibə şəraitində övladları öldürülmüş əsgər anaları da fikirlərini bildiriblər və deyiblər ki, onlar illərdir ki, orduda baş verən talanlar, qanunsuzluqlar barədə danışıblar. “Mənim oğlumu məhz hərbi hissədən yanacağın oğurlanmasını gördüyünə görə öldürüblər” deyə Nana Muradyan M.Qriqoryanın cinayətləri barədə fikirlərini bildirərkən deyib.

N.Muradyan eyni zamanda tələb edib ki, yalnız M.Qriqoryan deyil, onunla yanaşı Ermənistanın baş qərargahının sabiq rəisi Movses Akobyan, sabiq müdafiə nazirləri Seyran Ohanyan və Vigen Sarqsyan, əsasən isə, Serj Sarkisyan cinayət məsuliyyətinə cəlb olunmalıdır.

N.Muradyan özü də daxil olmaqla, digər əsgər analarının sülh şəraitində öldürülmüş övladlarının günahkarlarının cəzalandırılacaqlarına ümid etdiklərini bildiriblər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...