Paytaxt sakinləri Azərbaycan Ordusu haqda nə düşünür? SORĞU

Tarix boyu xalqımız qəhrəmanlıq ənənələri ilə ad-san çıxarıb, yadellilərə qarşı mərdliklə döyüşüb. Böyük sərkərdələr yetirən Azərbaycan xalqının çox yaxşı bir deyimi var: “Ordun varsa, yurdun var”. Doğrudan da, nizami ordu, mərd və qorxmaz oğullarımız olmasa, Vətəni nə qorumaq, nə də yaşatmaq olar. Güclü ordumuz olmasa, müstəqilliklə, azadlıqla bağlı xalqımızın bütün arzuları puça çıxar.

Bakı sakinlərinin də tam əksəriyyəti əmindir ki, Azərbaycanın Milli Ordusu zərurət yaransa Qarabağ problemini hərbi yolla həll etməyə qadirdir. İctimai fikir sülhpərvər əhvalda olsa da, işğalçıya qarşı rəhmli də görsənmir. Bakı əhalisi öz ordusu ilə qürur duyur və şübhə etmir ki, zərurət yaranarsa, Silahlı Qüvvələrimiz Qarabağ problemini hərbi yolla həll edəcək.

Paytaxt sakinləri Azərbaycan Milli Ordusunun gücü, qüdrəti ilə bağlı fikirlərini SİA ilə bölüşüb:

Şəhər sakini Talıb Sadıqov: “Bu gün Azərbaycan Ordusu çox güclü və nizam-intizamlıdır. Əgər dünyada 3-4 ən yaxşı ordu varsa, onlardan biri Azərbaycan Ordusu, digərləri isə Türkiyə və Amerika ordularıdır. Ordumuzun həm silah-sursat, həm ərzaq təminatı, həm məişət şəraiti, həm də nizam-intizamı ən yüksək səviyyədədir. Mənim böyük oğlum II qrup müharibə əlilidir, Qazax rayonunda döyüşüb. O döyüşlər vaxtı mən Qazaxa çox gedib-gəlirdim. Orada deyirdilər ki, əgər bizə icarə versələr bir həftə içərisində Yerevana çatarıq. Ali Baş Komandan, cənab İlham Əliyev və müdafiə nazirimiz Zakir Həsənov Ordumuza daim böyük diqqət və qayğı göstərirlər”.

Şəhər sakini Vaqif Qasımov: “Ordumuzun gücünü görərkən böyük fəxarət hissi keçirirəm. Oğlum hal-hazırda orduda xidmət edir. Yəni xidmətdən artıq hərbiçidir. Avey dağının ən yüksək zirvəsində bölük komandiridir. Şükürlər olsun Allaha ki, bizim Ordumuz bizi son dərəcə qorumağa layiq bir ordudur. Milli Ordumuz dövlətimiz tərəfindən hərtərəfli təchiz olunub. Bizim ermənilərdən heç bir qorxumuz yoxdur. Ali Baş Komandanın əmri olarsa, biz nəinki Azərbaycanın işğal olunmuş torpaqlarını, hətta Ermənistanın yarısı almağa bizim Ordumuz qadirdir. Əgər sülh yolu ilə ermənilər geri çəkilməsə, yəqinki torpaqlarımızı güc yolu ilə azad edəcəyik”.

Şəhər sakini Bəsti Hacıyeva: “Mən Azərbaycan Milli Ordusuna güvənmişəm. Bu günə qədər, yəni 24 ildir ki, Bakıda yaşayıram. Ordumuza doğulub boya-başa çatdığım Füzuli rayonunu qoruduğuna görə, öz təşəkkürümü bildirirəm. Gün o gün olsun ki, onlar Füzulini Ermənistan hərbiçilərinin əlindən azad etsinlər və mən gedib oranı ziyarət edim. Mən Ali Baş Komandan, cənab İlham Əliyevə və Ordumuza çox güvənirəm. Mənim oğlanlarım, yeznəm Füzulidə döyüşüblər. Qızım isə jurnalist olub. Qürur hissi duyuram ki, mənim güclü Ordum var. Əminəm ki, tezliklə Füzuli rayonu işğaldan azad olunacaq və mən gedib orada yaşayacağam. Prezidentimizin gördüyü işləri alqışlayıram”.

Şəhər sakini Kənan Bağırov: “Düşünürəm ki, Ordumuz öz gücünü iki il bundan öncə aprel döyüşləri zamanı Lələtəpədə, keçən ay isə Naxçıvan Muxtar Respublikasının Günnüt kəndinin işğaldan azad olunması ilə göstərdi. Düz 5 gündən sonra Azərbaycan Milli Ordusunun 100 yaşı münasibətilə hərbi parad keçiriləcək. Hətta müdafiə naziri Zakir Həsənov özü də bildirdi ki, bizim ordu gücümüz qanedicidir”.

Şəhər sakini Gülsüm Mehdiyeva: “Sevindirici haldır ki, Ordumuz günü-gündən qüdrətlənir. Bu çox yaxşı bir əlamətdir. Allah Ordumuzda xidmət edən bütün hərbçilərimizə kömək olsun ki, bizi qoruyurlar. Biz onların hesabına şən və firəvan yaşayırıq. Allah Ali Baş Komandan, cənab İlham Əliyevə də kömək olsun ki, belə bir güclü ordu yaradıb. Əgər bu gün bütün insanlarımız rahat yaşayırlarsa, bunun səbəbi ordumuzdur. İnanırıq ki, tez bir zamanda torpaqlarımız da geri alınar. İnşallah o günü görər və yaşayarıq”.

Şəhər sakini Həsən Hüseynov: “Dünən axşam Müdafiə naziri Zakir Həsənovun çıxışını dinlədik və böyük qürur duyduq. Artıq Laçına gedən yol bizim hərbçilərimizin nəzarətindədir. Bütün bunları etiraf etmək lazımdır. Bu gün Ordumuz şücaətlidir. Azərbaycan Silahlı Qüvvələri bütün hərbi-texniki ləvazimatlarla təmin olunub. Bu gün mənim Ağdamdan ötrü burnumun ucu göynəir. Silahlı Qüvvələrimizə uğurlar arzulayıram. Bu gün çox gözəl Ali Baş Komandanımız və müdafiə nazirimiz var. Onlar nə lazımdırsa ordumuzdan əsirgəmirlər”.

Şəhər sakini Təvəkkül Yusifov: “Həqiqətən də Azərbaycanın güclü Ordusu vardır. Mən özüm də vaxtilə hərbçi olmuşam. O dövrlə indiki Ordumuz arasında çox böyük fərq var. Ordumuz günü-gündən güclənir və müasir silahlarla təchiz olunub. İnanırıq ki, yaxın bir zamanda ordumuzun qüvvəti, millətimizin qeyrəti ilə öz torpaqlarımızı düşməndən azad edəcəyik”.

Şəhər sakini Ülkanə Rəhimova: “Mən ordumuzla qürur hissi duyuram. Artıq 5 gündən sonra Azərbaycan Silahlı Qüvvələrinin Hərbi paradı keçiriləcək. Bütün bunlar bizdə böyük fəxarət hissi yaradır. Biz inanırıq ki, qələbələrimizin sayı durmadan artacaq, böyük bir qələbə sevincini yaşamaq istəyən arzularımız gerçəkləşəcəkdir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə