İşğalçıların yeni bəhanəsi ANALİZ

Yaxud, ermənilər aprel məğlubiyyətini niyə Manvel Qriqoryanın üstünə atırlar?

Azərbaycan Ordusunun 2016-cı ilin aprel zəfərinin ardınca, işğalçı Ermənistanın rəhbərliyi və hərbi dairələri müxtəlif bəhanələr gətirərək, hələ o vaxt aldıqları sarsıdıcı məğlubiyyət acısına min-bir cür don geyindirməyə çalışırdılar. Lakin ölkənin bir sıra hərbi ekspertləri və siyasi şərhçiləri də var idi ki, onlar ağır və sarsıdıcı məğlubiyyətin əsas səbəbini haqlı olaraq, orduda mövcud olan korrupsiya ilə əlaqələndirirdilər. Serj Sarkisyan iqtidarının daxilində olan hərbi generalitetin əsas kontingentinin silahlı qüvvələrə aid olan hər şeyi talan etmələri, hərra əsgər yemkəklərinə qədər mənimsəmələri, o cümlədən, silah-sursatları ələ keçirib öz anbarlarına yerləşdirmələri faktları yüzlərlə idi.

Məhz Paşinyanın Sarkisyan rejimini devirməsindən sonra Ermənistanın milli təhlükəsizlik xidməti hərəkətə keçərək, orduda baş alıb-gedən korrupsiya hallarının qarşısını almağa cəhdlər göstərdilər ki, sonuncu həbs – Manvel Qruqoryan olayı buna sübutdur. Daha dəqiq desək, hazırda Ermənistan ictimaiyyəti, eləcə də mətbuatı bu ölkəni 20 il idarə etmiş Qarabağ klanının əsas dayaqlarından biri, respublikaçı deputat Azərbaycan ərazilərinin işğalına başçılıq edən və çoxsaylı hərbi cinayətlər törədərək ad çıxaran general, "Artsax qəhrəmanı” Manvel Qriqoryanın rüsvayçı sonu barədə danışır və yazır.

Aram Sarkisyan: “1999-cu ilə qədər, yəni Horadiz istiqamətində öz dəstəsi ilə dayanan vaxtlarda Manvelin Eçmiədzində heç evi də yox idi”

Bu arada Ermənistan parlamentinin deputatı, Qarabağda xüsusi qəddarlığı ilə tanınmış digər bədnam "qəhrəman”, 1999-cu ildə güllələlən səhra komandiri Vazgen Sarkisyanın qardaşı Aram Sərkisyan Manvel və onun kimi komandirləri Robert Köçəryanla Serj Sarkisyan cütlüyünün korladığını mətbuata açıqlamasında deyib. "Bu "korladılar” sözü nə deməkdir? Cavab verirəm. Bu adamları qeyri-məhdud qüdrət və əmlak sahibi etdilər. Əvəzində isə hakimiyyəti bütün üsullarla müdafiə etməyi xahiş etdilər. Və bu adamlar şirnikləndi”- Sarkisyan deyib.O, eyni zamanda bildirib ki, 1999-cu ilə qədər, yəni Horadiz istiqamətində öz dəstəsi ilə dayanan vaxtlarda Manvelin Eçmiədzində heç evi də yox idi. 1999-cu il oktyabrın 27-dən (parlamentdə Vazgen Sarkisyanın və digərlərinin güllələnməsindən) sonra Robert Köçəryan onu Yerevana apardı, general-leytenant rütbəsi verdi, müdafiə nazirinin müavini təyin etdi və sərvətə qeyri-məhdud çıxış imkanı açdı. SİTAT: “O da bu sınağa dözmədi. Söhbət təkcə Manveldən getmir. Yeri gəlmişkən o sərvətini hamının gözləri önünə sərirdi. Bəs gözə dəyməməyə üstünlük verəcək qədər "ağıllı” olan başqalarının nə qədər kapitalı var?”.

Yuri Manvelyan: “Əslində hamı bu adamın hakimiyyətə necə gəldiyini bilirdi”

A.Sarkisyan həmçinin bildirib ki, 2016-cı ilin aprel döyüşləri zamanı "Yerkrapa” təşkilatından 5 minə qədər könüllü Qarabağa yola düşdü, onlara M.Qriqoryan rəhbərlik edirdi: "Aydındır ki, ona həmin adamlar üçün konservlər verə bilərdilər. Amma burası aydın deyil ki, nəyə görə o həmin yardımı hərbi hissələrə verməyib, evində saxlayıb? Adam xərçəngdən və diabetdən əziyyət çəkir. Ağ ciyərinin yarısını kəsiblər. Kimya terapiyası qəbul edib. Qatılaşdırılmış süd onun nəyinə lazımdır? Hesab edirəm ki, cavab eynidir: onun yoluxduğu acgözlük, hərislik”

Erməni jurnalisti Yuri Manvelyan isə "Azadlıq” radiosunun "Exo Kavkaza” proqramına müsahibəsində M.Qeiqoryanın Ermənistanda məxməri inqilab qalib gələn kimi üzv olduğu hakim partiyadan yaxasını kənara çəkdiyini xatırladıb: “O jurnalistlərə tez-tez deyirdi ki, mən Respublika partiyasının üzvü deyiləm, Qarabağ qəhrəmanıyam, müharibə qəhrəmanıyam. Və əslində hamı bu adamın hakimiyyətə necə gəldiyini bilirdi. Bəli, o doğrudan da Ermənistanın simvoludur, bu adam karyerasını müharibədə və müharibədən çıxandan sonra qurub. Və onun bütün sərvətlərinin, zənginliyinin başlanğıcı Qarabağda, müharibə gedən ərazilərdə törətdiyi qarətlərdən qaynaqlanır”.

Jurnalistə görə, Manvelin həbsi Ermənistanda on illərdir hökm sürən mifi dağıdır. Hansı ki, bu mifə onu yaradanların özləri də inanmağa başlamışdı. Bu, Manvel və onun kimiləri olmadan Ermənistanın yaşamasının mümkün olmayacağı barədə mif idi: “İstənilən qəhrəmanın və istənilən kamuflyajın arxasında, hansı ki, həmin Serj Sarkisyan da həmişə kamuflyajın və Qarabağın arxasında gizlənirdi,-nələrə başa gəlib, bunu biz görmüşük və bilirik. Bəli, indi miflərin dağıdılması baş verir. Və bu adamlar əslində nə müharibədə faydalı olmayıb, nə müharibədən sonra. Bu adamların bir hissəsi hələ də müharibə təhdidi ilə manipulyasiya edərək hakimiyyətdə qalırlar. Bu baxımdan çox yaxşı simvoldur ki, artıq belə adamlarsız və müharibə ilə alver etmədən keçinməyin mümkün olduğu görünür…”

Ermənistan ordusu yalnız koprrupsiya sarıdan deyil, eləcə də nizamsız həbri birləşmələri və hərbi təchizatı baxımından da Azərbaycana uduzmaqdadır

Beləliklə, M.Qriqoryanın həbsinin ardınca, hazırkı Ermənistan hakimiyyəti aprel müharibəsindəki məğlubiyyətin əsas hissəsini onun üzərinə atmağa çalışır. Lakin bir həqiqət də mövcuddur ki, aprel məğlubiyyətinin digər faktoru Azərbaycan Ordusunun gücü və qüdrəti sayəsində yaşanıb. Əgər belə olmasa idi, may ayının sonlarında Naxçıvanda əldə edilən hərbi uğur da baş verməzdi. Daha doğrusu, Ermənistan ordusu yalnız koprrupsiya sarıdan deyil, eləcə də nizamsız həbri birləşmələri və hərbi təchizatı baxımından da Azərbaycana uduzmaqdadır. Ermənistan generalitetini isə daha ağır günlər gözləyir…

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə