Politoloq: “Paşinyan az separatçı olmadığını sübut etməyə çalışır” MÖVQE

“Ermənistanın baş naziri Nikol Paşinyan Serj Sərkisyandan az separatçı olmadığını ətraf aləmə sübut etməyə çalışır. Onun baş nazir seçilməsindən heç iki ay keçməyib, ancaq artıq ikinci dəfə Qarabağa gəlib və yenə təxribatçı açıqlamalar səsləndirib. Geri qayıtdıqdan sonra isə Xocalıda yerləşən hava limanında turistlərin iştirakı ilə şou göstəriblər, kiçik motorlu ucaqları havaya qaldırıblar. Bu da azmış kimi Nikol Paşinyan Rusiyanın onlara hədiyyə etdiyi Cu-30 CM qırıcı təyyarəsində çəkdirdiyi şəkli sosial şəbəkəsindəki səhifəsində yerləşdirib və bununla bizə sanki acıq verib. Rusiyanın agentliyində yazısı yayınlayan erməni müəlliflərindən biri isə bu sözlərlə Azərbaycanı açıq-aşkar şantaj edib: “Ermənistan Rusiyadan aldığı hərbi təyyarələr hesabına Azərbaycanın strateji neft və qaz infrastruktuna ciddi təhlükə yaratmaq imkanına malikdir”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

“Bizim hərbi təyyarələrin Qarabağ məkanında uçuş yapmalarının zamanı çatmayıbmı? Qarabağ səması bizim hava məkanı deyilmi? Beynəlxalq qurumlar Qarabağın hava məkanının Azərbaycana məxsus olduğu hüququ tanıyır. Belədirsə, təyyarələrimiz oralarda niyə uçmur? Bizim təyyarələr Qarabağın hava sahəsində uçmadıqca separatçılar zaman-zaman işğal altında olan Xocalıdakı hava limanını addım-addım hərəkətə gətirməyə çalışacaqlar. Azərbaycanın Xarici İşlər Nazirliyi isə rus saytında yayınlanan həmin erməninin “neft və qaz infrastrukturunuzu bombalayarıq” sözlərinə dərhal reaksiya verməlidir. Neft və qaz infrastrukturlarımıza olan hədə tək bizə aid deyil, dünyanın nəhəng şirkətlərinin həmin layihələrdə böyük payları var. Onlar da erməni təxribatına qarşı öz sözlərini deməlidirlər”-deyə, E.Şahinoğlu fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə