Kanada sammiti: G7-nin riskləri və qeyri-müəyyənlikləri

Dünyanın ən inkişaf etmiş yeddi dövlətini birləşdirən qrupun müzakirələri həmişə maraq oyadıb. Bu dəfə isə ekspertlər daha çox nikbin deyil, bədbin məqamlara diqqət yönəldiblər. Məsələ ondan ibarətdir ki, Amerika ilə "Böyük yeddiliy"in digər üzvləri arasındakı fikir ayrılıqları bir sıra məsələlərdə daha gərgin xarakter almağa başlayıb. G7 liderlərinin La Malbe sammitindən sonra isə Donald Trampla Castin Trüdo arasında əsl mübahisə baş verib. Bunlara baxmayaraq, sammitdə yekun bəyannamə qəbul edilib. Orada qrupun ümumi maraqları və üzvlərin əməkdaşlıq istiqamətləri əks olunub. Eyni zamanda, "Böyük yeddiliy"ə olan kənar təhlükələr vurğulanıb. Bu sammitin bütövlükdə geosiyasi aspektləri maraq doğurur və onlar üzərində daha ətraflı dayanmaq məqsədəmüvafiq olardı.

Sammit öncəsi: ittihamlar və ümidlər

Dünya ictimaiyyəti Kanadanın Kvebek əyalətinin La Malbe şəhərində "Böyük yeddilik" (G7) ölkələrinin növbəti sammitinin necə keçəcəyi ilə çox maraqlanırdı. Özünün qeyri-standart və gözlənilməz davranışları ilə seçilən Donald Trampın bu dəfə hansı sürprizi edəcəyi əlavə maraq oyadırdı. Etiraf edək ki, ekspertlərin gözləntiləri özünü doğrultdu. Adətən sakit və diplomatik etika daxilində keçən G7-lərin sammiti bu dəfə qalmaqalları ilə yadda qaldı. Hətta dünyanın ən inkişaf etmiş yeddi ölkəsinin başçılarının karikaturaları KİV-də geniş yer aldı. Problem nədən ibarət idi?

Əslində, əsas ziddiyyət ABŞ-la qrupun digər üzvləri arasında meydana çıxan bir sıra faktorlarla bağlıdır. Vaşinqton hesab edir ki, onun avropalı tərəfdaşları vergi məsələsindən sui-istifadə edirlər. Konkret olaraq, ABŞ-ı çətin vəziyyətə salırlar – özləri yüksək vergi qoyur, lakin Amerikaya vergini az verirlər. D.Tramp öz Tvitter səhifəsində bunu belə ifadə edib: "ABŞ-ın qazanından istifadə edir və onu boşaldırlar". O, nümunə də gətirir: Kanada Amerika fermerlərinin süd məhsullarına 270 faizlik vergi tətbiq etməyə başlayıb. Ottavanın buna öz münasibəti vardır. Rəsmi dairələr bəyan ediblər ki, Amerikanın süd məhsullarına vergi yox idi və bazarda onlar ifrat çoxluq təşkil etməyə başlayıblar. Buna görə də hökumət bazarı tənzimləməyə məcburdur.

D.Trampın başqa iradı Avropa ölkələrinin, ilk növbədə, Almaniyanın avtomobil sənayesinin ABŞ-ı "zəbt etməsi" ilə bağlıdır. D.Tramp elə belə də deyir: onlar bizim avtomobil bazarını zibilxanaya çeviriblər! ABŞ-ın ayrıca Fransa və Yaponiya ilə də fikir ayrılıqları var.

Bütün bunlar sammit ərəfəsi siyasi mühiti gərginləşdirmişdi. Və Donald Tramp Ağ Evdə Angela Merkel, Emmanuel Makron, Castin Trüdo və Şinzo Abe ilə apardığı müzakirələrdə başlıca olaraq həmin məqamları ön plana çıxarmışdı. Maraqlıdır ki, həmin görüşlərdən sonra tərəflər kifayət qədər ümidverici bəyanatlar verirdilər. Ancaq Kanadada sammit başa çatar-çatmaz D.Tramp yenidən dünyanı heyrətə gətirdi.

Amerika Prezidenti Kanadanın baş nazirini yalan danışmaqda ittiham etdi. C.Trüdo sammitdə demişdi ki, ABŞ-ın vergi tarifləri alçaldıcıdır və Kanada heç kəsi başına çıxarmayacaq. Buna D.Tramp kəskin reaksiya verərək, kanadalı naziri ciddi tənqid etmişdi. O yazmışdı ki, danışıqlarda kifayət qədər yumşaq və mədəni olan C.Trüdonun həqiqəti gizlətməsi yolverilməzdir. Kanada Amerikanın vergi siyasətini dərk etməlidir. Üstəlik, D.Tramp ayrıca vurğulayıb ki, o, ümumiyyətlə, vergini aradan qaldırmağı təklif edib. Lakin bu təklifin qəbul edilib-edilməyəcəyi məlum deyil.

Bunlarla yanaşı, G7-də fikir ayrılığının başqa bir əlaməti də üzə çıxıb. Yenə də D.Tramp bəyan edib ki, Rusiyanı bu təşkilata qaytarmaq lazımdır. Çünki Rusiya ilə danışmaq gərəkdir. Moskvanı nə qədər təcrid etsən, qlobal mühit də bir o qədər mürəkkəb olar. ABŞ Prezidentinin bu təklifi qətiyyətlə rədd edilib. Avropalılar Ukraynanın şərqinə və Krıma işarə edərək, bunun mümkün olmadığını ifadə ediblər.

Maraqlıdır ki, D.Tramp Krım məsələsinə də aydın cavab verməyib. O deyib ki, bu məsələni Barak Obamadan soruşmaq gərəkdir. Problemi yaradan odur. Və indi artıq gecdir. Rusiya Krımın bərpasına çoxlu vəsait xərcləyib. Əgər onun prezidentliyi dövründə bu məsələ qalxsaydı, çox fərqli hərəkət edərdi. Ancaq bu fərqin nədən ibarət ola biləcəyini D.Tramp söyləməyib.

Fikir ayrılıqları: uçurum dərinləşirmi?

Bütün bunlar "Yeddilər qrupu" daxilində fikir ayrılıqlarının genişləndiyi və dərinləşdiyi anlamını verir. Üzv dövlətlər bir sıra geosiyasi əhəmiyyətli məsələlərdə fərqli mövqe nümayiş etdirirlər. Ekspertlər bunun davamlı tendensiyaya çevrilə biləcəyinə az ehtimal verirlər. Çünki söhbət bütövlükdə Qərbin geosiyasi maraqlarından gedirsə, birlik nümayiş etdirilir. Kanadadakı sammitin yekun bəyannaməsi də bunu sübut edir.

Öncə onu deyək ki, Donald Tramp Castin Trüdonun sözlərindən qəzəblənərək bəyannaməni imzalamayacaqlarını bildirmişdi. Ancaq sonradan konkret nə baş verdiyi haqqında dəqiq informasiya verilmədi. Buna baxmayaraq, yekun bəyannamə qəbul edilib. C.Trüdo sənədin əsas tezisləri barədə jurnalistlərə məlumat verib. Bəyannamədə göstərilir ki, beynəlxalq ticarət inkişaf etdirilməli və Rusiyaya qarşı sanksiyalar gücləndirilməlidir.

Bununla yanaşı, azad ticarət zonası ilə bağlı Vaşinqtonla digər üzvlər arasındakı fərqli yanaşmalar qalır. D.Tramp azad ticarət zonasından, əslində, Amerikanı zəiflətmək üçün istifadə etməyə çalışdıqlarını bəyan edib. Bu səbəbdən həmin məsələnin aqibəti məlum deyil. Yəni beynəlxalq ticarətin inkişaf etdirilməsinə dair məsələ bəyannamədə yer alsa da, onun konkret reallaşma mexanizmləri tam dəqiqləşməyib. Buna görə də sənəd daha çox üzv dövlətlərin xoş arzularını ifadə edir.

Ekspertlər burada başqa bir faktora da diqqət çəkirlər. Məsələ ondadır ki, Amerikanı problemin geosiyasi aspekti daha çox narahat edir. Çünki Yaponiya, Almaniya, Fransa, İtaliya və Kanadanın Ümumi Daxili Məhsulu alıcılıq qabiliyyətinə görə, birlikdə 19,4 trilyon ABŞ dolları təşkil edir. Bu, ABŞ-ın göstəricisindən artıqdır. Bütün Avropa İttifaqının potensialı hesaba alınsa, bu rəqəm 27,45 trilyona bərabərdir. Keçmiş Britaniya imperiyasına daxil olan ölkələrin də potensialı nəzərə alındıqda söhbət 40 trilyon ABŞ dollarından gedir.

Bu o deməkdir ki, Amerikaya alternativ ola biləcək real geosiyasi güc formalaşa bilər. Hərbi və informasiya təminatı baxımından o, Amerikadan geridə qalsa da, nəhəng maliyyə və təşkilati resurslara sahib olar. Bu isə perspektivdə Amerikanın liderliyinə təhlükə deməkdir. Məhz buna görədir ki, D.Tramp "öncə Amerika" deyir və siyasətini buna uyğun qurur.

G7-də olan fikir ayrılıqlarına həmin prizmadan baxsaq, çox ciddi durumun yarana biləcəyini proqnozlaşdırmaq mümkündür. Lakin onları birləşdirən geosiyasi faktorlar da vardır ki, onlar da bəyannamədə vurğulanıb. Sənəddə düşmən dövlətlərin fəaliyyətlərinə qarşı çevik reaksiya mexanizmi yaratmağın lazım gəldiyi yazılıb. C.Trüdo ifadə edib ki, demokratik prinsipləri təhdid edən xarici təhlükələrə qarşı konkret hərəkət etmək barədə öhdəlik götürüblər. Bu sırada ilk olaraq Rusiyanın adı çəkilir.

Böyük Britaniyanın baş naziri Tereza Mey xüsusilə qeyd edib ki, Rusiyaya qarşı sanksiyaların saxlanması qərarı zəruridir. Moskva Ukrayna və Skripal məsələlərinə görə cavab verməlidir. Rusiya həm də Suriya rejiminə dəstəyini çəkməlidir. Belə olmasa, Qərbin təhlükəsizliyi üçün təhdidlər daha da ciddiləşəcək.

Beləliklə, Kanadanın La Malbe şəhərində keçirilən sammit bir sıra maraqlı geosiyasi məqamları üzə çıxardı. Hər şeydən öncə, aydınlaşdı ki, faktiki olaraq "Yeddilər qrupu" "G6+Tramp" formatına çevrilməkdədir. ABŞ Prezidenti özünün qeyri-standart, ancaq Amerikanın maraqlarına xidmət edən davranışları ilə qrupu silkələyib. Buna reaksiya olaraq Avropa ölkələri və Yaponiya ortaq mövqe formalaşdırmağa çalışırlar.

G7-nin son sammiti həm də Rusiyaya münasibətin dəyişmədiyini təsdiq etdi. Belə görünür ki, hələ bir müddət sanksiyalar qalacaq və geosiyasi qarşıdurma davam edəcək. Bu da ümumən dünya siyasətini gərgin vəziyyətdə saxlamaq deməkdir. Qarşılıqlı ittihamlar davam etdikcə müxtəlif regionlardakı münaqişələrin həlli də qeyri-müəyyənliyə düçar olacaq.

Digər tərəfdən, Amerikanın tələbləri fonunda G7-nin özünün bu formatda nə qədər mövcud olacağı aydın deyil. Qrupun transformasiyaya ehtiyacı vardır. Bunun baş tutub-tutmayacağından çox şey asılıdır. O cümlədən yeni geosiyasi konfiqurasiya meydana gələ bilər. Artıq sammitdən sonra bu barədə analitiklər danışmağa başlayıblar. Həmin bağlılıqda Kanada sammitini qlobal geosiyasi proseslərin yeni mərhələsi kimi də qiymətləndirə bilərik. Təəssüf ki, bu mərhələdə risklər və qeyri-müəyyənliklər üstünlük təşkil edir.

Newtimes.az

Bütün xəbərlər Facebook səhifəmizdə