Deputatlarımız QDİƏT PA-nın plenar iclaslarında iştirak edəcək

Albaniyanın Tirana şəhərində iyunun 19-dan 21-dək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 51-ci plenar sessiyası, həmçinin Hüquqi və siyasi məsələlər üzrə komitəsinin iclasları keçiriləcək. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirlərdə QDİƏT PA-da Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri Eldar Quliyev və nümayəndə heyətinin üzvləri - Jalə Əliyeva, Aydın Mirzəzadə, Musa Quliyev, Əflatun Amaşov iştirak edəcəklər.

İclaslarda Parlament Assambleyasının fəaliyyəti barədə hesabat dinləniləcək, Qara Dəniz İqtisadi Əməkdaşlığına üzv dövlətlərin iqtisadi, ekoloji, mədəni və sosial inkişafının ümumi məqsədləri, bu ölkələrdə rəqəmsal iqtisadiyyatın inkişaf perspektivləri, mədəni əməkdaşlığın möhkəmləndirilməsi və multikulturalizm mövzuları müzakirə olunacaq.

Hüquqi və siyasi məsələlər üzrə komitənin iclasında isə komitənin sədr müavini Eldar Quliyevin “Qara Dəniz İqtisadi Əməkdaşlığına üzv ölkələrdə kibertəhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi” mövzusunda məruzəsi dinləniləcək, məruzə ətrafında müzakirələr aparılacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə