Müasir Azərbaycanın əsasını qoyan Milli Qurtuluş Günü ŞƏRH

“Hər bir insan öz xalqı, vətəni, milləti ilə tanınır desək yanılmarıq. Lakin tarixdə elə nadir insanlar, şəxsiyyətlər də var ki, onlar mənsub olduğu xalqı, vətəni, millətı tanıdır, şöhrətləndirirlər. Ulu Tanrı tərəfindən seçilmiş belə şəxsiyyətlərdən biri də Ümummilli lider Heydər Əliyevdir”. Bu fikirləri SİA-ya açıqlamasında ANQSİHİRK-nin sədr müavini, UNEC-in İqtisadiyyatın tənzimlənməsi kafedrasının baş müəllimi Sadiq Qurbanov deyib.

O bildirib ki, 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri kimi gördüyü işlər xalqın yaddaşında xüsusi bir iz buraxıb: “Belə ki, milli ruhda özünə qayıdış və özünüdərk proseslərinin başlaması, bu yöndə milli ruhun daşıyıcısı olan kadrların sovet imperiyasının pəncəsindən qoruması, dilimizin konsitutsiya ilə qorunması, paytaxtımızın milli tərkib baxımından yenilənməsi, sənaye, kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində əldə edilən böyük uğurlar bu gün müstəqil dövlət olmağımızın, Azərbaycanın müasir beynəlxalq münasibətlərdə aparıcı yerdə olmasının əsas faktorudur”.

S.Qurbanov söyləyib ki, sovet imperiyasının sonları və dağılmasından sonra qul psixologiyalı "siyasətçi"lərin rəhbərliyə təyin edilməsi, sonradan isə qeyri-peşəkar, səriştəsiz insanların qısa müddətdə hakimiyyətə gəlməsi, əldə olunan müstəqilliyimizi itirmək təhlükəsi ilə üz-üzə qoydu: “Min illərlə arzulanan müstəqilliyimizi itirməmək üçün qədirbilən xalqımız üzünü yenidən Ulu Öndər Heydər Əliyevə tutdu. Xalqın təkid və tələbi ilə dövləti, milləti, xalqı sevən, müstəqilliyi öz həyatından üstün tutan Ümummilli lider Heydər Əliyev paytaxta çağrıldı”.

ANQSİHİRK-nin sədr müavini qeyd edib ki, Azərbaycanın müstəqilliyinin əbədi olma prosesi Naxçıvandan başlayıb: “Həmin vaxt xalqının ağır vəziyyətində onunla bir yerdə olmaq üçün vətəninə dönən Ulu Öndər hakimiyyətdə olan səriştəsiz rəhbərlərin nəticəsində tarixinin ən ağır dövrlərini yaşayan Naxçıvana dönməyə məcbur oldu. Bundan sonra müstəqilliyimizin əbədi olma prosesi məhz Naxçıvandan başladı. Qısa bir müddətdə Naxçıvan Muxtar Respublikasının adından “sovet sosialist” sözləri çıxarıldı, üç rəngli Milli Bayrağımız ilk dəfə Naxçıvanda dövlət bayrağı kimi qəbul olundu. Həmin dövrdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü müəyyən edildi, 20 yanvar faciəsinə siyasi qiymət verildi, SSRİ-nin saxlanılması barədə referendumdan imtina edildi, mühüm imperiya strukturlarının fəaliyyəti dayandırıldı, ilk dəfə olaraq sovet qoşun hissələri Muxtar Respublikadan çıxarıldı. 1993-cü ildən başlayaraq Ümummilli lideri Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası nəticəsində Azərbaycan məhv olmaq, təhlükəsini aşaraq inkişaf edən bir dövlətə çevrildi”.

S. Qurbanov vurğulayıb ki, Ulu öndər müasir Azərbaycanın banisidir: “Bu gün əsası Ulu Öndər tərəfindən qoyulan siyasətin uğurlu davamı nəticəsində Azərbaycan müasir, güclü bir dövlətə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev Ulu öndərin siyasi xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Ona görə də Azərbaycan durmadan yüksəlir, inkişaf edir, uğurlar qazanır. Nə qədər Azərbaycan var, Ulu Öndər və Onun ideyaları yaşayacaq, bizi irəliyə aparacaq. Hər kəsi 15 iyun – “Milli Qurtuluş Günü” münasibəti ilə təbrik edir, həmvətənlərimi Azərbaycan tarixinin yeni şərəfli səhifələrinin yazılması naminə Prezident İlham Əliyev ətrafında sıx birləşməyə dəvət edirəm. Gəlin biz də daha layiqli insan, layiqli vətəndaş olaq. Dövlətimizi sevək və qoruyaq!!!”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə