Bütün kartlar açıq, bütün faktlar ortadadır ANALİZ

Rusiyalı hərbi-siyasi ekspert erməniləri məyus etdi

Azərbaycan Ordusunun potensialına “Polonez” tipli raket kompleksinin daxil edilməsi, eləcə də Silahlı Qüvvələrimizin Naxçıvanda 11 min hektar ərazini düşmən tapdağından azad edərək, mühüm strateji əhəmiyyətli mövqeləri nəzarətinə keçirməsi Ermənistan ictimaiyyətində, eləcə də hərbi-siyasi dairələrində ciddi narahatlıq və təlaş doğurmaqda davam edir. Belə ki, Ermənistanın müdafiə nazirliyi hər vəchlə baş verənləri yalanlamağa, ictimai rəyi çaşdırmağa cəhdlər göstərsə də, erməni mediasında bu mövzuda mülahizə və müzakirələrin aparılması bir daha sübut edir ki, Azərbaycan Ordusunun son zamanlar ard-arda uğurlar qazanması gerçəklikdir və bu gerçəkliyi heç bir bəhanə, yaxud yalan ört-basdır edə bilməz.

Rusiyalı hərbi ekspert: “Azərbaycan öz hərbi potensialını artırır və mövcud raket sistemi strateji və taktiki vəziyyətdən asılı olaraq istifadə ediləcək”

Misal üçün, Ermənistanın bir neçə dildə (ingilis, rus, türk) fəaliyyət göstərən news.am saytı bu mövzunu gündəmdə saxlayaraq, Rusiyanın siyasi və hərbi analiz institunun direktor müavini, hərbi-siyasi ekspert Aleksandr Xramçenkodan münasibət öyrənib. SİA xəbər verir ki, Xramçenko Azərbaycanın Belorusdan aldığı “Polonez” raket kompleksi ilə bağlı fikirlərini açıqlayarkən, Azərbaycanın hücum siyasəti arardığına və hər an müharibəyə başlamaq mümkünlüyünə işarə edib.

Azərbaycanın adıçəkiən silahı alması nəticəsində hansı üstünlük əldə etməsi barədə verilən sualı cavablandıran rusiyalı hərbi-siyasi ekspertə görə, hər yerdə hər şeyə qarşı müqavimət göstərmək olar. “Elə bir silah yoxdur ki, ona qarşı müqavimət göstərilməsin”-deyə qeyd edən Xramçenko əlavə edib: “Azərbaycan öz hərbi potensialını artırır və mövcud raket sistemi strateji və taktiki vəziyyətdən asılı olaraq istifadə ediləcək. Hər şey müharibənin gedişatından asılı ola bilər” .

Aleksandr Xramçenko: “Azərbaycan istər canlı qüvvə baxımından, istərsə də texniki cəhətdən üstünlüyə sahibdir”

Aleksandr Xramçenko Ermənistanın Rusiyadan aldığı “İsgəndər” raket sistemi ilə “Polonez”i müqayisə edərək bildirib ki, əgər “İsgəndər”in taktiki-texniki cəhətdən hədəfi daha dəqiq vurmaq imkanı olsa da, “Plonez”in kifayət qədər hərbi mümkünlüyü var ki, bu da hədəfə daha çox raket zərbələri vurmağa imkan verir.

Rusiyalı hərbi-siyasi ekspert Dağlıq Qarabağ ərazisində hərbi əməliyyatların başlaması ehtimalını qaçılmaz adlandıraraq bildirib ki, mövcud problemin həllinin müharibə etmədən tapılmasının çətin olduğunu deyib. Beləliklə, Xramçenko Azərbaycan tərəfinin hərbi əməliyyatlar baxımından daha radikal addımlar ata biləcəyini istisna etməyib və Silahlı Qüvvələrimizin üstün mövqeyə sahib olduğunu bildirib: “Azərbaycan istər canlı qüvvə baxımından, istərsə də texniki cəhətdən üstünlüyə sahibdir və yerlərdə azərbaycanlılarda keyfiyyəti üstünlüklər də mövcuddur ki, buraya hərbi hava qüvvələrini də əlavə etmək olar...”

Ekspert, Ermənistan tərəfinin hücum etməkdənsə, müdafiə olunmaq cəhətində qalmasını tövsiyə edib və hətta belə olan halda hadisələrin necə nəticələnəcəyi baxımından cavab verməyə çətinlik çəkdiyini bildirib.

Beləliklə, görünən budur ki, Ermənistanda vəziyyət həqiqətən də təlaşı nümayiş etdirir və son günlər Azərbaycan Ordusunun qazandığı nailiyyətlər, xüsusilə ən müasir silahlarla təchiz olunması erməni ictimaiyyətində xof yaradıb. Necə deyərlər, bütün kartlar açıq, bütün faktlar ortadadır...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə