"15 iyun- Milli Qurtuluş Günü"nə həsr olunan bayram tədbiri keçirilib SƏS TV

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı, Səbail rayon İcra Hakimiyyətinin dəstəyi ilə müasir müstəqillik tariximizin başlanğıcı hesab olunan əlamətdar tarix- "15 iyun-Milli Qurtuluş Günü"nə həsr olunan bayram tədbiri keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə YAP Səbail Rayon təşkilatının sədri, deputat Şəmsəddin Hacıyev, Beynəlxalq Muğam Mərkəzinin direktoru, xalq artisti Murad Hüseynov, millət vəkilləri Hadı Rəcəbli, Aydın Mirzəzadə," Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Səs Media Qrupun rəhbəri Bəhruz Quliyev, Səbail rayon ictimaiyyətinin nümayəndələri, müxtəlif idarə və təşkilatların əməkdaşları, partiya veteranları və gənclər iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə tariximizə "Milli Qurtuluş Günü" kimi daxil olan "15 iyun 1993-cü il" hadisələrinə həsr olunan videofilm nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Beynəlxalq Muğam Mərkəzinin direktoru, xalq artisti Murad Hüseynov qonaqları salamlayaraq bildirib ki, 15 İyun tarixi hər birimiz üçün mühüm gündür: "Bu gün biz sevinirik ki, inkişaf edən Azərbaycanda yaşayırıq. Ölkəmiz ötən illər ərzində çox böyük inkişaf yolu keçib. Müasir Azərbaycanın qurulması Heydər Əliyev siyasətinin uğurunun nəticəsidir ki, bu siyasətin alternativi yoxdur. Bu gün ölkəmizdə əsası Ulu öndər tərəfindən qoyulan hazırda isə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində bütün sahələrlə yanaşı mədəniyyət sahəsi də intibah dövrünü yaşayır. Beynəlxalq Muğam Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılıb. Burada gözəl ifaçılar yaddaşdan silinməyən konsert proqramı ilə çıxış edirlər".

M.Hüseynov bayram təbrikini pianoda çıxışı ilə tamamlayıb.

Sonra çıxış edən YAP Səbail Rayon təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyev 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışını şərtləndirən obyektiv və subyektiv faktorları və həmin dövrdə baş verən mürəkkəb prosesləri xronoloji ardıcıllıqla təhlil edib. Deputat 1991-1993-cü illərdə ölkədə hökm sürür hərc-mərclik, Gəncə hadisələrindən, ölkəni parçalamaq istəyən şimalda və cənubda baş qaldıran separatçı qüvvələrin fəaliyyətindən, ölkənin iqtisadi və sosial cəhətdən tamamilə defolt vəziyyətində olmasından, Dağlıq Qarabağda işğalçı qüvvələrin törətdikləri qırğınlardan və ərazilərimizin işğalından danışaraq ölkənin o dövrdə necə çətin vəziyyətdə olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Ş.Hacıyev belə mürəkkəb vəziyyətdə xalqın öz xilaskarına üz tutmasının, respublikanın 91 ziyalısının Ulu Öndər Heydər Əliyevə müraciətinin, Azərbaycanım həm siyasi, həm iqtisadi, həm sosial-mədəni quruluşunun əsasını qoyduğunu bildirib. "Müstəqil inkişaf tariximiz məhz 15 iyun tarixindən başlayıb. Görkəmli siyasi xadim və cəsarət rəhbər olan Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə başlayan inkişaf yolumuz 2003-ildən yeni liderin rəhbərliyi ilə yeni yüksəlişin mərhələsinə qədəm qoydu. Məhz Prezident İlham Əliyevin müstəqil, cəsarətli və düşünülmüş siyasəti nəticəsində Azərbaycan bu gün dünya miqyasında öz mövqeyi və rolu olan, beynəlxalq əmək bölgüsündə layiqli yerini tutan önəmli strateji tərəfdaş və iqtisadi aktordur. Bu gün Azərbaycanda Ulu öndər Heydər Əliyevin əbədiyaşar ideyaları və siyasəti uğurla davam edir. Əminik ki, bu siyasət gələcəkdə Azərbaycana daha möhtəşəm uğurlar qazandıracaq və Ali Baş Komandanımızın müdrik rəhbərliyi ilə ərazi bütövlüyümüz tezliklə bərpa olunacaq",-deyə Ş.Hacıyev nitqinə yekun vurub.

Tədbirdə çıxış edən millət vəkili Hadı Rəcəbli qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanda qardaş qırığını, ərazilərimizi işğaldan, ölkəni bölünməkdən xilas etməklə yanaşı, ölkəmizdə sabitliyi təmin etmiş oldu: "Biz çox sevinirik ki, biz Ulu Öndərin fəaliyyətində yanında olub, onun canlı şahidləri olmuşuq. Mən bütün YAP fəallarını Qurtuluş günü münasibətilə təbrik edirəm. Yaşasın Azərbaycan!".

Millət vəkili Aydın Mirzəzadə qeyd edib ki, Azərbaycanın bu günkü uğurları Ulu Öndərin fəaliyyəti ilə bağlıdır: "1990-cı illərin əvvəllərində Ulu Öndər Heydər Əliyevin xalqın tələb təkidi ilə hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmadan qurtardı. Ümummilli liderin həyata keçirdiyi siyasətin nəticəsidir ki, bu gün Azərbaycan bütün sahələrdə uğurlar qazanır. Naxçıvanda ordumuzun qələbə çalması, ötən gün Türkiyədə TANAP-ın açılışı bu uğurların bariz nümunəsidir".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova hər kəsi bayram münasibətilə təbrik edərək, bildirib ki vətən üçün hər zaman canımızı verməyə hazır olmalı, gələcək nəsillərə də bunu aşılamalıyıq.

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu Qurtuluş gününün əhəmiyyətini bir cümlə ilə ifadə edərək bildirib ki, 15 İyun tarixi Azərbaycan dövlətçiliyinin Qurtuluş tarixidir: "Biz Ulu öndəri hər zaman anır, etiramla yad edirik".

Səs Media Qrupun rəhbəri Bəhruz Quliyev bildirib ki, Milli Qurtuluş Günü Azərbaycan xalqının öz liderinə sevgisi, liderin də xalqına olan sevgisinin tərənnümüdür: "Xalq yalnız etibar etdiyi Liderə inanıb, ona etimad edir. Bu gün baş verənlər göstərir ki, xalq o dövrdə öz Liderini seçməklə Azərbaycanın əbədi inkişaf yolunu seçmiş oldu".

Tədbir bədii hissə ilə davam edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə