Mərkəz sədri: "Hiss olunur ki, Lavrovun zərbəsi Paşinyana təsir etməyib" MÖVQE

“Ermənistan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ məsələsi ilə əlaqəli vacib görüşlərə gedərkən həmişə ev hazırlıqlarına malik olurlar. Bu Edvard Nalbandyanın dövründə formalaşmış ənənədir”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloqun sözlərinə görə, indiki xarici işlər naziri Mnasakanyan da həmin ənənəni davam etdirmək istədi: “Xaricə ilk səfərini Rusiyaya etdi və Rusiya XİN rəhbəri ilə görüşərkən həm Ermənistan televiziyasının, həm də “Mir” telekompaniyasının jurnalisti faktiki olaraq Ermənistan Xarici İşlər Nazirliyinin hazırladığı ev tapşırığının icrası ilə məşğul oldu. Ona görə RF və Ermənistan Xİ nazirlərinin Moskvadakı mətbuat konfransında bir-biri ilə əlaqəli iki sual verildi. İlk dəfə idi ki, S.Lavrovun gülüşü müzakirə obyektinə çevrildi. Görünür, Mnasakanyan Lavrovun fəaliyyətində əlavə orijinal bir şey tapa bilməyib. Lavrova orijinal yanaşması onun gülüşünü ictimailləşdirmək, Lavrovun gülüşünə tərif vermək idi və çünki ən azı Ermənistanın BMT-dəki keçmiş nümayəndəsi, indiki Xİ naziri Z. Mnasakanyanın sonradan verdiyi cavab bunu deməyə əsas verir. Sən demə, Lavrovun gülüşü BMT-də çox arzu olunan və cəlbedici imiş.

Ermənistanın Xİ naziri Z.Mnasakanyanın nazir statusunda ilk görüşünə ev hazırlığı RF Xİ naziri S.Lavrovun gülüşünü beynəlmiləlləşdirməklə yaltaqlanmaq və bununla divident əldə etməkdən ibarət imiş.

Ermənistan televiziyası ATƏT MQ-nin rusiyalı həmsədri Popovun adından bildirdi ki, guya Dağlıq Qarabağ tərəf kimi danışıqlara qoşulacaq. RF Xİ naziri S. Lavrov suala da çox kəskin cavab verdi ki, İ.Popov belə bir şey deməyib. Lavrov gülməyi dayandıracağı ilə Mnasakanyanı hədələdi. Dağlıq Qarabağ ermənilərinin Dağlıq Qarabağ tənzimlənməsi prosesinə qoşulması Azərbaycanın mövqeyindən asılıdır. Azərbaycan razılıq verəcəyi təqdirdə Dağlıq Qarabağ erməniləri danışıqlar prosesinə qatılacaq. Azərbaycanın da razılıq verməsi üçün Ermənistan Dağlıq Qarabağ azərbaycanlılarının danışıqlar prosesinə qatılmasına razılıq verməlidir. ATƏT MQ konsensus mexanizmi ilə işləyir. Dağlıq Qarabağ ermənilərinin və Dağlıq Qarabağ azərbaycanlılarının danışıqlar prosesinə qatılması konsensus vasitəsilə həll olunacaq. Ermənilərin diqqətinə çatdıraq ki, artıq konsensus mexanizmi həm də Azərbaycan üçün fayda verməyə başlayıb. Uzun müddət ATƏT-in Minsk Qrupundakı konsensus mexanizmi yalnız ermənilərin marağına işləyirdi. İndi artıq Azərbaycanın da maraqlarına cavab verir. Ən azı ATƏT-in Yerevan ofisinin bağlanması bunun əyani sübutlarından biridir.

Lavrovun bu sarsıdıcı zərbəsi hiss olunur ki, Ermənistanın xarici siyasət idarəsinin başçısına, eləcə də Ermənistanın baş naziri Nikol Paşinyana təsir etməyib.

Ehtimal ki, Z.Mnasakanyan ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi S.Pauerlə Yerevanda görüşərkən ona RF Xİ naziri S.Lavrovu ələ saldığını deyib. N.Paşinyan Dağlıq Qarabağ məsələsini, siyasəti bilmir. Demək olar ki, N.Paşinyan nadan, savadsız adamdır. Ona görə N.Paşinyana belə məsələlər təsir eləmir. Amma Z.Mnasakanyana savadsız demək qeyri-mümkündür. Mnasakanyan əslində özündən əvvəlki xarici işlər naziri və eləcə də özünün şefi olmuş E.Nalbandyanla sanki yalan və tərbiyəsizlik yarışına girib. E.Nalbandyan yalançı idi, ATƏT-in Minsk Qrupunun, beynəlxalq təşkilatların, digər dövlətlərin adından dəfələrlə yalan danışıb. Z.Mnasakanyan sübut etmək istəyir ki, o yalanı E.Nalbandyandan daha yaxşı bacarır. Çünki beynəlxalq ictimaiyyətin qabağında dövlətin diplomatiya idarəsinin başçısı yalan danışmamalı idi. Amma o yalanlar danışırdı. Mnasakanyan da beynəlxalq aləmin qabağında yalan danışmağa hədsiz çox meylli görünür.

Ermənistan rəhbərliyinin nadan olub-olmamasının Dağlıq Qarabağ tənzimlənməsinə o qədər aidiyyəti yoxdur. Z.Mnasakanyan bilir ki, Dağlıq Qarabağ tənzimlənməsinin özünün gedişi var. Ermənistan özünü bu tənzimlənməyə uyğunlaşdırıb, nəsə bir fayda qazana bilmələri onların bacarığından asılıdır. Amma tənzimlənmənin gedişini Ermənistanın xarici siyasət idarəsi və yaxud Ermənistan hökuməti dayandırmaq gücündə deyil”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə