İnqilabçı baş nazirin qısa vaxtda "qabında nə olduğu" üzə çıxdı

Son günlər Nikol Paşinyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı səsləndirdiyi son fikirlər sayıqlamalardan başqa bir şey deyil. Görünür, gərgin inqilabi proseslərin mərkəzində yer almış Paşinyanın bu qovhaqovda ən çox zərər çəkmiş orqanı, məhz başı olub. Bəs, Ermənistanın yeni rəhbərliyinin düşdüyü labirintdən çıxış yolu varmı? Bəli, var. Bu yolu növbəti dəfə Azərbaycan Prezidenti İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinin müqəddəs Ramazan bayramı münasibətilə təşkil etdiyi iftar mərasimində göstərdi. Ölkə Prezidenti bildirdi ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki rəhbərliyin səhvlərini təkrar etməməlidir, konstruktiv danışıqlar aparmalıdır, Azərbaycan torpaqlarını işğaldan azad etməlidir. Bəli, bu, Ermənistanın yeganə nicat yoludur. Paşinyan bunun əksini edərsə, Sarkisyanın yolu ilə getmiş olacaq. Sözün bütün mənalarında...

Paşinyan Sarkisyanın rolunu kobud və pis formada oynayır

Yeni baş nazir hakimiyyətə gəldikdən dərhal sonra işğal olunmuş Dağlıq Qarabağa səfər etməsi, separatçı rejimi tərəf kimi danışıqlar masasına əyləşdirməyə çalışması, eyni zamanda, davamlı şəkildə bir-birinə zidd açıqlamaları ilə özünü gülünc vəziyyətə salmaqda davam edir.

Ekspertlərin fikrincə, ilk bir-iki ayda bəlli oldu ki, Paşinyan da Sarkisyanın "yolunu" getməyə çalışır, ancaq təcrübəsizliyi buna imkan vermir və Sarkisyanın rolunu kobud və pis formada oynayır. Deməli, yaxın illərdə nə Ermənistan normal ölkəyə çevriləcək, nə erməni gəncləri normal yaşamaq üçün ölkəsinə qayıdacaq, nə də Qarabağdan Ermənistana daşınan əsgər meyitlərinin ardı kəsiləcək.

Digər bir məqam isə, Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı aparılan danışıqlarda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin tərəf kimi iştirakını təklif etməklə özünə dividend qazanmaq istəməsidir. Daha dəqiq desək, Paşinyanın bu sərsəmliyi münaqişənin nizamlanması ilə bağlı danışıqları yubatmaq istəyindən irəli gəlir. Çünki Ermənistan iflas vəziyyətindədir, ölkə onsuz da kifayət qədər zəifləyib, etirazlar dalğasından sonra isə tam çıxılmaz hala düşüb. Belə vəziyyətdə olan Ermənistanla inkişaf etmiş Azərbaycanın danışıqlara getməsi bu ölkə üçün faciəli ola bilər. Ona görə də, Paşinyan vaxt udmaq istəyir.

Ekspertlərin sözlərinə görə, N.Paşinyan bilir ki, danışıqlar prosesində qondarma rejimin iştirakı təklifini Azərbaycan heç vaxt qəbul etməyəcək və proses bir az da uzana bilər.

Politoloqların sözlərinə görə, Paşinyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi sərsəm fikirlər söyləyir. Onun sərsəm fikirlərinə qarşı sual yaranır ki, əgər doğrudan da, Paşinyanın söylədiyi kimidirsə, bəs onda Dağlıq Qarabağda nəyə görə Ermənistanın hərbi hissələri yerləşir? İkincisi, Ermənistan vətəndaşları hansı əsasla Dağlıq Qarabağda hərbi xidmət keçir? Paşinyan parlament kürsüsündən bəyan edir ki, oğlunu hərbi xidmət keçmək üçün, məhz Dağlıq Qarabağa göndərəcək. Faktiki olaraq, Dağlıq Qarabağın Ermənistan silahlı qüvvələri tərəfindən qorunduğu heç kəsə sirr deyil. Ümumiyyətlə, qondarma "Dağlıq Qarabağ Respublikası"nın Ermənistandakı xunta rejimi tərəfindən yaradıldığı və idarə olunduğu heç vaxt "tamamilə məxfi" qrifində saxlanılan məsələ olmayıb və bu gün də belədir.

Qabil Hüseynli: "Nikol Paşinyan millətçi kimi erməni xislətini hər addımda büruzə verir"

Politoloq Qabil Hüseynli, sözügedən məsələ ilə bağlı bildirib ki, Nikol Paşinyan millətçi kimi erməni xislətini hər addımda büruzə verir: "İşğalçı dövlətin başında duran adamın işğala məruz qalmış ölkənin ünvanına səsləndirdiyi ifadələr etik və siyasi normalardan uzaqdır. Açıq deyir ki, işğal faktına bəraət və legitimlik qazandırmaq istəyir".

Q.Hüseynli onu da vurğulaıb ki, Dağlıq Qarabağda Ermənistanın hərbi hissələri yerləşir, Ermənistan vətəndaşları orada hərbi xidmət keçir: "DQR"in büdcəsinin formalaşmasında, təchizatında Ermənistan iştirak edir. Əgər həqiqətən də, "DQR" "müstəqil subyektdirsə", onda Ermənistan qoşunları oradan çıxarsın. Neçə ki, işğal faktı ortadadır və bu faktorun arxasında duran Ermənistan dövlətidir, Azərbaycan yalnız onunla danışıqlar apara bilər. Ümumiyyətlə, Paşinyanın mövqeyi, bəyanatı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar prosesinə, münaqişənin və Ermənistandakı problemlərin həllinə yardım göstərmir, əksinə, həmin problemləri dərinləşdirir. İstər demokrat, istər qeyri-demokrat olsun, erməni xisləti özünü göstərir. Paşinyan dünyada heç bir dövlət tərəfindən tanınmayan oyuncaq qurumu "de-yure" necə tanıdacaq? Belə görünür ki, bizi qarşıda daha çətin işlər gözləyir. İşin başında diletant və qatı millətçi adam durur. Belə adamla konstruktiv danışıqlar aparmaq mümkün deyil".

Politoloqun sözlərinə görə, bu məsələdə ziddiyyətli məqamlar çoxdur. İndiyə qədər təcavüzkarla təcavüzə məruz qalmış ölkə arasında bərabərlik işarəsi qoyulub: "Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsi, 1 milyon insanının etnik təmizləməyə məruz qalması, 30 milyon insanının tələf edilməsi və ölkəmizə 350 milyard dollar ziyan vurulmasının üzərindən sükutla keçilir. Ermənistanın törətdiyi cinayətlərə qiymət verilmir. Bu, ikili standartlardan da çox ziyan vuran yanaşma tərzidir. Məsələlərin bu cür dəyərləndirilməsi və bu cür yanaşma nə problemin həllinə, nə danışıqların bərpasına töhfə verəcək".

Arzu Nağıyev: "Nikol Paşinyan status-kvonu saxlamaq üçün danışıqlardan yayınır"

Siyasi ekspert Arzu Nağıyev isə deyib ki, separatçılara müstəqillik söz verən N.Paşinyan Azərbaycanın heç vaxt separatçı rejimi tərəf kimi qəbul etməyəcəyini bilir: "Görünən odur ki, Paşinyan status-kvonu saxlamaq üçün danışıqlardan yayınır".

A.Nağıyev bildirib ki, səhra komandirlərindən və cinayətkar ünsürlərdən təşkil edilmiş Sarkisyan-Koçaryan hakimiyyəti Ermənistanın məhvi, öz hakimiyyətlərini qorumaq üçün əllərindən gələni etdilər: "Lakin onlar hakimiyyəti sona qədər saxlaya bilmədilər, bu gün də çalışırlar ki, məsuliyyətdən yayınmaq üçün hakimiyyətə yenidən qayıtsınlar. Paşinyan bunu dərk edərək, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqlar aparmaqdan çəkinir və məsuliyyətdən qorxur".

Beləliklə, Paşinyan ən optimal variantı tapa bilməsə, Ermənistan məhv olacaq. Artıq bü faktın gerçəkliyi göz önündədir...

A.SƏMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə