Güclü Ordumuz Ermənistana nəyə qadir olduğunu anladır

İlham Əliyev: "Bizim istəyimiz ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağını qaldırmaqdır"

Müasir dövrümüzdə müasir və yüksək standartlara cavab verən Azərbaycanın Milli Ordusu regionun ən güclü ordusu səviyyəsinə yüksəlib. Torpaqlarının 20 faizi işğalda olan Azərbaycan üçün ordu quruculuğu, ordunun daha da möhkəmlənməsi, təbii ki, zəruridir. Belə bir şəraitdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu siyasətinə sadiq qalaraq, ordunun gücləndirilməsi istiqamətində lazımi tədbirləri həyata keçirir. Ən yeni silah və sursatla, peşəkar zabit kadrları ilə tam təmin olunmuş Azərbaycan Ordusu müharibəyə də, mübarizəyə də hazır, gücülü və casarətlidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan Ordusu işğal olunmuş torpaqlarımızı azad etməyə hazır və qadirdir. Dövlət başçısının "Bu gün Azərbaycan Ordusunda olan texnika ən güclü ordulardan da geri qalmır"- fikrini ifadə etməsi, məhz gerçəkliklərdən qaynaqlanır. Elə bu günlərdə Azərbaycan Ordusunun yenidən işğalçı Ermənistana nəyə qadir olduğunu, gücünü, ordu potensilanı bir daha nümayiş etdirməsi ölkənin hərbi qüdrətini bir daha göstərmiş oldu. Azərbaycan Ordusunun 26 il işğal altında olan Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklərin Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilməsi ordumuzun növbəti uğuru kimi tarix yazdı və tarixə yazıldı. Qızılqaya və Qaraqaya dağlarında yeni mövqelərin ələ keçirilməsi, Dərələyəz mahalının Arpa kəndində (ermənilər adını dəyişdirərək "Areni" qoyublar) və Mehridərə vadisində düşmən fəaliyyəti nəzarət altına götürülməsi böyük hərbi nailiyyətimizdir. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun hərbi birləşmələrinin döyüşçüləri çox böyük qəhrəmanlıqla üç gün davam edən əməliyyatlar nəticəsində 11 min hektar ərazini ermənilərdən azad etdi. 2016-cı ilin aprel savaşında 2 min hektar ərazi işğaldan azad edilmişdisə, bu gün əsgərlərimiz 11 min hektar ərazini işğaldan azad etdi. Strateji əhəmiyyət kəsb edən yüksəkliklər silsiləsinin geri qaytarılması Azərbaycan üçün çox böyük önəm daşıyır. Ekspertlərin qənaətinə görə, Naxçıvanın itirilmiş ərazilərinin geri qaytarılması həm də Azərbaycan Ordusunun yeni döyüş yüksəkliklərinə sahib olması prosesini təmin edir. Qeyd edək ki, bu dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti ordumuza İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verir. Bununla, həm də strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulmuş oldu ki, bu da çox önəmlidir. Şübhəsiz ki, Əlahiddə Ümumqoşun Ordunun böyük hərbi üstünlük əldə etməsi düşməni ciddi narahat edir, onlarda təşviş yaradır.

Təsadüfi deyil ki, milli ordunun döyüş qabiliyyəti və peşəkarlığı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı dünyanın qabaqcıl orduları ilə müqayisə olunur. Güclü maddi-texniki təminat və xalq-ordu birliyi hərbi qulluqçuların döyüş əzmini daha da artırır. Bundan başqa, hərbi potensialın gücləndirilməsi məqsədilə Əlahiddə Ümumqoşun Ordu ən müasir silahlar, Naxçıvanın coğrafi yerləşməsinə, relyefinə uyğun olan müasir texnikalarla təchiz edilib. Bütün bunlar, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində mümkün olub.

ERMƏNİSTAN AZƏRBAYCAN ƏRAZİLƏRİNİ İŞĞAL ALTINDA SAXLAYA BİLMƏYƏCƏK

2016-cı ilin aprel uğurlarından sonra növbəti dəfə ordumuzun belə bir uğuru əldə etməsi Azərbaycanın gələcək uğurlarından xəbər verir. Məlum aprel döyüşlərində Azərbaycan Ordusunun düşmənin təxribatına layiqli cavab verməsi və Lələtəpə yüksəkliyinin düşməndən azad edilməsi tarixi hadisəyə çevrildi. Bu, Azərbaycanın konstruktiv mövqeyi idi, haqq-ədalətin bərpası idi. "Tarixi həqiqət də bizim mövqeyimizi möhkəmləndirir", - deyən Azərbaycan Prezidenti İlham Əliyev hərbi gücün də, iqtisadi potensialın da, siyasi nüfuzun da bizdə olduğunu çıxışlarının birində vurğulayıb: "Yəni biz məsələni istədiyimiz kimi həll edəcəyik. Bizim istəyimiz ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağını qaldırmaqdır. Budur bizim məqsədimiz və biz bu məqsədə doğru irəliləyirik. Aprel döyüşləri bu istiqamətdə çox önəmli tarixi addım olmuşdur".

Aprel ayının əvvəllərində "dörd günlük" müharibədə təcavüzkar erməni ordusunun təxribat xarakterli hücumlarına layiqli cavab verən Azərbaycan Ordusu yüksək hazırlıqlı peşəkar zabit və əsgərlərin xidmətini bir daha dünya ictimaiyyəti qarşısında canlandırdı. Çox gücsüz və zəif olan Ermənistan ordusundan fərqli olaraq, Azərbaycan Ordusunda döyüş əhval-ruhiyyəsi çox yüksəkdir. Dörd gün davam edən bu döyüşlərdə xalq öz ordusunun arxasında dayandı. Respublikanın hər yerində igid Azərbaycan əsgərlərinə dəstək aksiyaları keçirilirdi. Bunun əksi olaraq isə erməni "xalqı" onsuz da Azərbaycan Ordusunun qələbəsi qarşısında çaş-baş qalan dövlətə qarşı aksiya keçirdi. Azərbaycan xalqının sərgilədiyi yüksək vətənpərvərlik, həmrəylik və birlik nümayişi düşmənin və bütün havadarlarının iradəsini və ruhunu öldürdü. Qərb cəbhəsində bütün üstünlüklər qüdrətli ordumuzun yüksək döyüş hazırlığı, çevikliyi və potensial hərbi bacarığı nəticəsində təmin olundu. Azərbaycan işğalçı ölkəyə də, onun havadarlarına da, bütün ermənipərəstlərə də göstərdi ki, güclü ordumuz işğalçı erməni qəsbkarlarını istənilən an məhv etmək imkanına malikdir. Ermənistan tam anladı ki, onun işğalçılıq siyasətinin heç bir perspektivi yoxdur və uzun müddət Azərbaycan ərazilərini işğal altında saxlaya bilməyəcəklər. "Mən dəfələrlə demişdim ki, Ermənistanda iqtisadi böhran, demoqrafik böhran yaşanır, ölkə boşalır, hər il on minlərlə insan o ölkəni həmişəlik tərk edir, Ermənistanda inkişaf üçün heç bir perspektiv yoxdur. Demişəm ki, Azərbaycan Ermənistanı dalana çevirib, iqtisadi, siyasi, nəqliyyat dalanına çevirib. Nəyə görə? Ona görə ki, Ermənistan torpaqlarımızı işğal edib. İndi bütün bunları erməni xalqı deyib və deyir. Bu, bir daha onu göstərir ki, bu münaqişədə Azərbaycan öz istədiyinə nail olacaq, həqiqəti, ədaləti bərpa edəcək. Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki hakimiyyətin səhvlərini təkrarlamayacaq və münaqişənin tezliklə həll olunması üçün ciddi işlər görəcək və imitasiya naminə yox, real danışıqlar prosesinə start veriləcək" - deyə Azərbaycan Prezidenti çıxışlarının birində qeyd edib.

COCUQ MƏRCANLI KƏNDİNİN BƏRPASI AZƏRBAYCAN XALQININ ƏYİLMƏZ RUHUNUN GÖSTƏRİCİSİDİR

Bu gün Cocuq Mərcanlı qəsəbəsi öz yeni dövrünü yaşayır. Orada hazırda 150 ev, məktəb, uşaq bağçası və məscid tikilib. "Ermənilər tərəfindən dağıdılmış Şuşa məscidinin bənzərini biz Cocuq Mərcanlıda inşa etdik", - deyən Azərbaycan Prezidenti Cocuq Mərcanlı kəndinin bərpasının Azərbaycan xalqının əyilməz ruhunun göstəricisi olduğunu bildirib: "Bu, bir daha göstərir ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Bu, bir daha onu göstərir ki, bütün məcburi köçkünlər bir arzu ilə - öz doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayırlar. Əminəm ki, biz buna nail olacağıq. Cocuq Mərcanlı kəndinin yenidən qurulması aprel döyüşlərinin nəticəsindən, bizim parlaq qələbəmizdən sonra mümkün olmuşdur. Ağdərə, Füzuli və Cəbrayıl rayonlarının ərazilərinin bir hissəsi işğalçılardan təmizlənəndən sonra bu qəsəbənin bərpası mümkün olmuşdur. Azərbaycan Ordusu bir daha öz gücünü göstərdi. Azərbaycan xalqı bir daha göstərdi ki, heç vaxt işğalla barışmayacaq və nəyin bahasına olursa-olsun, öz doğma torpaqlarına qayıdacaq, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcək".

Cənab Prezidentin qeyd etdiyi kimi, indi orada həyat canlanır, şərait yaradılır, həm yaşamaq üçün, həm işləmək üçün bütün infrastruktur yaradılıb: "Bu, bir daha onu göstərir ki, biz bu gün dağılmış vəziyyətdə olan bütün şəhərlərimizi işğaldan azad edəndən sonra tezliklə bərpa edəcəyik. İşğal altında olan bütün ərazilərimizdəki tarixi abidələrimiz, məscidlərimiz, muzeylərimiz mənfur qonşular tərəfindən dağıdılıb, talan edilib... Ancaq biz torpaqlarımıza qayıdacağıq. Buna heç kimdə şübhə yoxdur, necə ki, Cocuq Mərcanlıya, Şıxarx qəsəbəsinə qayıtmışıq. Şıxarx qəsəbəsinin, işğaldan azad edilmiş torpaqlarda bu böyük qəsəbənin salınması, bir daha onu göstərir ki, biz torpaqlarımızı işğalçılardan azad edəndən sonra o torpaqlara dərhal yeni həyat gəlir. Əminəm ki, Azərbaycan dövlətinin gücü, Azərbaycan xalqının iradəsi nəticəsində, işğaldan sonra bütün şəhərlərimizi bərpa edəcəyik və o şəhərlərdə insanlar yaşayacaqlar, quracaqlar, ölkəmizin inkişafını təmin edəcəklər."

ERMƏNİSTANIN İŞĞALÇILIQ SİYASƏTİNİ DAVAM ETDİRMƏSİNƏ BAXMAYARAQ, ONUN YAŞADIĞI QORXU HİSSİ DANILMAZDIR

Azərbaycanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı haqlı, ədalətli və qətiyyətli mövqeyi dəyişməz olaraq qalır. Ölkəmiz münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq normaları əsasında ərazi bütövlüyümüzün tam bərpası çərçivəsində ədalətli həllinə səy göstərir. Bu müddət ərizində dəfələrlə atəşkəs rejimi pozulub. İşğalçı Ermənistan beynəlxalq hüququ kobudcasına tapdalayır, dünyanın mötəbər beynəlxalq təşkilatlarının qətnamələrinə belə əhəmiyyət vermir. Bildiyimiz kimi, BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasını tələb edən dörd müvafiq qətnamə qəbul edib. Bununla yanaşı, bir çox beynəlxalq təşkilatlar, dünya ölkələri Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsini pisləyiblər və işğalçılıq siyasətindən əl çəkməyə çağırıblar. AŞPA, ATƏT, İslam Konfransı Təşkilatı, NATO-nun Parlament Assambleyası səviyyəsində Ermənistanın işğalçılıq siyasətinə kəskin mənfi münasibət bildirilib. Ermənistanın işğalçılıq, anti-Azərbaycan siyasətini davam etdirməsinə baxmayaraq, onun yaşadığı qorxu hissi də danılmazdır. İndi bizim düşməni torpaqlarımızdan çıxarmağa qadir olan ordumuz var, beynəlxalq miqyasda Azərbaycanın haqq mövqeyi dəstəklənir və ən əsası da insanlarda düşmənə qarşı mübaribəyə hazır olan yekdil əhval-ruhiyyənin olması, onu deməyə əsas verir ki, Qarabağ torpağı düşmən əsarətindən azad ediləcək. Ordumuzun, xalqımızın düşmən üzərinə zəfər yürüşünə çıxacağı və üçrəngli bayrağımızı Qarabağ torpağına sancacağı günə az qalıb.

"ORDU QURUCULUĞU, MÜDAFİƏ POTENSİALININ MÖHKƏMLƏNMƏSİ VƏ GÜCLÜ ORDUNUN YARANMASI DÖVLƏT ÜÇÜN, HÖKUMƏT ÜÇÜN, HƏR BİR VƏTƏNDAŞ ÜÇÜN BİR NÖMRƏLİ VƏZİFƏDİR"

Bu gün hərbi potensialın artırılması, əsgər və zabitlərin xidmət şəraitlərinin yüksək səviyyədə təmin edilməsi istiqamətində dövlətimiz tərəfindən mühüm addımlar atılmaqdadır. Son bir neçə il ərzində Azərbaycanda müasir və çox güclü Hərbi-Sənaye Kompleksi yaradılıb. Azərbaycan Silahlı Qüvvələri bu gün müasir texnika ilə təchiz edilib və bunun nəticəsi olaraq Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik odumuz var. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, "Ordu quruculuğu, müdafiə potensialının möhkəmlənməsi və güclü ordunun yaranması dövlət üçün, hökumət üçün, hər bir vətəndaş üçün bir nömrəli vəzifədir. Biz bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik".

Elə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 11-də Müdafiə Nazirliyinin Raket Qoşunlarının "N" saylı hərbi hissəsinin açılışında iştirakı bunun daha bir göstəricisidir. Ümumi ərazisi 36 hektar olan hərbi hissənin qərargah binası müasir səviyyədə inşa olunub. Hərbi qulluqçulara xidmətlərini yüksək səviyyədə aparmaq üçün hərtərəfli şərait yaradılıb. Bütün bunlar, bir daha göstərir ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu istiqamətində mühüm işlər görülür, hərbi qulluqçuların xidməti, yaşayış və istirahət şəraitlərini yüksək səviyyəyə çatdırmaq məqsədilə konkret addımlar atılır. Görülən işlər ordu quruculuğu sahəsində son illərdə aparılan məqsədyönlü islahatların tərkib hissəsidir.

Yeni hərbi hissənin ərazisində iriqabaritli hərbi maşınlar üçün saxlanma anqarı, yanacaqdoldurma məntəqəsi, açıq test meydançası yaradılıb. Burada döyüş texnikası parkında hərbi texnikaya baxış zamanı Ali Baş komandana əməliyyat-taktiki raket kompleksi olan "POLONEZ" və "LORA" barədə məlumat verilib ki, onların maksimal atış uzaqlığı 300 kilometrə qədərdir. Bu komplekslər döyüş zamanı düşmənin əməliyyat düzülüşünün bütün dərinliyində onun nüvə və kimyəvi hücum vasitələrinə, kəşfiyyat-zərbə sistemlərinin yerüstü elementlərinə, qoşunların əsas qruplaşmalarına, bazalarda yerləşən aviasiyasına, hava hücumundan müdafiə vasitələrinə və obyektlərinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurulması üçündür.

Bütün bunlar bir daha göstərir ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə son dövrlərdə Ordumuzun müasir silah-sursat, hərbi texnika ilə təminatı məsələsinə xüsusi diqqət və qayğı ilə yanaşılır. Təsadüfi deyil ki, bu gün Ordumuzun balansında dünyanın ən müasir silah-sursatı və hərbi texnikası var. Azərbaycan Ordusunun maddi-texniki bazasının yüksək səviyyədə təminatı üçün müasir silah-sursat, hərbi texnika xaricdən alınır. Bununla yanaşı, Ali Baş Komandanın diqqət və qayğısı sayəsində ölkəmizdə yaradılan müdafiə sənayesi kompleksi də Azərbaycanda ən müasir hərbi texnikanın istehsalına geniş imkanlar açır.
Qeyd edək ki, ölkəmizin son illərdə dinamik inkişafı, silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması Cənab Prezidentin öz vədinə sadiq olduğunu bir daha təsdiq edir. Bəli, bu gün Azərbaycanın güclü və müasir ordusu vardır. Bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu Ümummilli Lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir və döyüş qabiliyyətini artırır. Dövlətimizin diqqət və qayğısını, xalqın dayağını daim öz üzərində hiss edən hərbçilərimizin isə döyüş ruhu birə-beş artır, Vətən övladları sərhədlərimizin keşiyində ayıq-sayıq dayanırlar. Günün müxtəlif vaxtlarında Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən, mütəmadi olaraq, atəşkəs rejimi pozulsa da, əsgər və zabitlərimizin ayıq-sayıqlığı nəticəsində düşmən susdurulur, kəşfiyyat-təxribat qruplarının qarşısı vaxtında alınır.

Bəli, bu gün silahlı qüvvələrimiz Cümhuriyyətin 100-cü ildönümünü böyük ruh yüksəkliyi, döyüş və mənəvi-psixoloji hazırlıqda qazandığı nailiyyətlərlə qarşılayır. Prezident İlham Əliyevin ordu quruculuğu siyasəti, Azərbaycan Ordusundakı ruh yüksəkliyi və əsgərlərimizin vətənpərvərlik hisslərinin yüksək olması yaxın gələcəkdə düşmən üzərində qələbəmizdən - üçrəngli bayrağımızın Qarabağda dalğalanacağından xəbər verir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə