Helsinki Universitetinin professoru Azərbaycandan yazıb

Helsinkidə fəaliyyət göstərən Mədəni İrs Akademiyasının rəsmi saytında (ACU) VI Qlobal Bakı Forumuna həsr olunmuş geniş məqalə dərc edilib. Məqalənin müəllifi Helsinki Universitetinin professoru Eero Tarastidir. SİA-nın məlumatına görə, bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən məlumat verilib.

Məqalədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “İnklüziv cəmiyyətlər yaratmaq üçün boşluqların aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumu barədə geniş məlumat verilir. Müəllif qeyd edir ki, forum zamanı dialoqun, demokratiyanın, mədəniyyətlərarası əlaqələrin əhəmiyyəti, bütün xalqların bərabərliyi, dözülməzliyin doğurduğu risklər və digər aktual məsələlər müzakirə olunub. "Bu, artıq Bakıda bir çox dünya liderlərinin iştirakı ilə keçirilən VI forum idi. Məkan şəhərin ən gözəl binalarından birində yerləşən məşhur “Alov qüllələri” - “Fairmont” oteli idi." - deyə müəllif yazır.

Forum çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Nizaminin mədəni irsi müasir dövrdə” adlı simpoziumun keçirildiyini diqqətə çatdıran müəllif qeyd edib ki, Nizami Gəncəvi Azərbaycanın Gəncə şəhərində doğulub yaşayıb və o, Azərbaycanın milli sərvəti hesab edilir.

Dünyanın müxtəlif ölkələrində milyonlarla azərbaycanlının yaşadığını vurğulayan E.Tarasti Azərbaycan dilinin türk dilləri qrupuna aid olduğunu diqqətə çatdırır. Məqalədə Azərbaycan milli musiqisi haqqında geniş məlumat verilir, muğam özünəməxsus ənənəvi musiqi janrı kimi səciyyələndirilir: "Muğam triosu XIX əsrdən etibarən Azərbaycanda geniş yayılmağa başlayıb. Muğamın Üzeyir Hacıbəylidən başlayaraq klassik bəstəkarlara böyük təsiri olub".

Zaqatala rayonuna səfəri haqqında da oxucularla təəssüratlarını bölüşən müəllif Şəki Xan Sarayı haqqında məlumat verir, Azərbaycanda bir çox milli azlıqların rahat və əmin-amanlıq şəraitində yaşadığına diqqət çəkir.

Qeyd edək ki, Eero Tarasti fin əsilli musiqişünas alim, professor, semiotika üzrə mütəxəssisdir. O, Helsinki Universitetinin musiqişünaslıq bölməsinin müəllimi kimi fəaliyyət göstərir. 1978-ci ildə E.Tarasti Helsinki Universitetində "Əfsanə və Musiqi" adlı doktorluq dissertasiyasını Rixard Vaqner, Yan Sibelius, İqor Stavrinski yaradıcılığı əsasında müdafiə edib. Finlandiya və onun hüdudlarında 100-dən artıq beynəlxalq səviyyəli elmi tədbirlərin təşkilatçısıdır.

AZƏRTAC

Bütün xəbərlər Facebook səhifəmizdə