Astanada Azərbaycan-Qazaxıstan siyasi məsləhətləşmələri keçirilib

Astanada Azərbaycan və Qazaxıstan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Məsləhətləşmələrdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılığı ilə nümayəndə heyəti təmsil edib. SİA xəbər verir ki, əvvəlcə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovun Qazaxıstan xarici işlər naziri Kayrat Abduraxmanovla görüşü keçirilib.

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun qazaxıstanlı həmkarı Qalımjan Koyşıbayevlə ikitərəfli görüşü olub.

Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi-ticarət, nəqliyyat, mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Azərbaycan ilə Qazaxıstan arasında nəqliyyat sahəsinin inkişafı əsas istiqamətlərdən biri olaraq hər iki ölkə üçün önəm daşıdığı vurğulanıb.

Söhbət zamanı ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğu, xalqlarımız arasında münasibətlərin ortaq tarixi, etnik və mədəni köklərə əsaslandığı qeyd olunub. Ölkələrimizin liderləri arasında səmimi dostluq və yüksək səviyyəli dialoq tərəfdaşlığın hərtərəfli inkişafına mühüm təkan verdiyi bildirilib.

Görüşdə digər sahələrdə əməkdaşlığın hərtərəfli inkişafı və qarşılıqlı, faydalı birgə layihələrin müəyyən edilməsinə dair fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə