Siyavuş Novruzov: “634 ailə sevinc içindədir" MÜSAHİBƏ - SƏS TV

Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun SİA-ya müsahibəsi:

- Siyavuş müəllim, may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü qeyd olunacaq. Sizin bu tarixi hadisə ilə bağlı fikirlərinizi almaq istərdik.

- Şərqdə ilk Demokratik Cümhuriyyət quran xalqımız bir daha dünyaya sübut etdi ki, Azərbaycan xalqı dövlətə, dövlətçiliyə, dövlət ənənələrinə sadiq olan, çox yüksək mənəvi dəyərlərə, keyfiyyətlərə malik bir xalqdır. Azərbaycan hüquqi dövlətin qurulmasının əsas təməlini, demokratik təsisatları hələ əsrin əvvələrində həyata keçirib. Əgər qadına seçki hüququ ABŞ-da 1967-ci ildə verilirdisə Azərbaycanda qadınlara seçmək və seçilmək hüququ hələ 1918-ci ildə Demokratik Cümhuriyyət qurulanda verilmişdi. Şərqdə ilk parlamentli respublika qurulmuşdu. Ondan sonra isə Qərbi Avropa dövlətlərində parlament tipli dövlət sistemi qurulur. Hər bir sahəyə rəhbərlik edən insanın çox yüksək mənəvi keyfiyyətlərə, azərbaycançılığa, dövlətçiliyə, xalqına bağlılığı bir daha sübut edir ki, bu xalqın kökü çox qədimdir və böyük tarixə malikdir. Bu xalq həmişə öz dövlətçiliyini qoruyub və bundan sonra da qoruyacaq. Bu gün Azərbaycan regionda və dünyada ən aparıcı, sözünü deyən bir ölkəyə çevrilib. Təbii ki, Demokratik Cümhuriyyətin varisi kimi, onun qoyduğu, tövsiyyə etdiyi ənənələr bu gün həyata keçirilir. Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra demək olar ki, müstəqil Azərbaycan dövləti Demokratik Cümhuriyyətin taleyini yaşamadı. Elə bir məqam yetişmişdi ki, Azərbaycan parçalana bilərdi. Çünki separatizm baş qaldırmışdı və ərazilərimiz işğal olunurdu. Bir sözlə, Demokratik Cümhuriyyətdə baş verənlər təkrarlana bilərdi. Məhz Ümummilli Liderin səyi nəticəsində bunların qarşısı alındı və Demokratik Respublikanın qarşıya qoyduğu məqsədlər müstəqil Azərbaycan dövləti tərəfindən həyata keçirildi. O zamanlar ümumiyyətlə, Azərbaycan parlamentinin sədri müxtəlif konfranslarda iştirak edib Azərbaycana qayıda bilmirdi. Ulu Öndər Heydər Əliyev isə hakimiyyətə gələn kimi ilk növbədə BMT-nin daimi üzvlərinin hər birinə səfərlər etdi, bütün iri dövlətlərlə müqavilələr imzaladı, Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsi üçün lazımi addımları atdı və daxildə sabitliyi əldə etdi. Bundan sonra isə Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına sədrlik missiyasını həyata keçirdi. Demokratik Respublikanın arzusu da məhz bundan ibarət idi. Bu gün cənab Prezident İlham Əliyev tərəfindən bunlar həyata keçirilir.

- Ötən gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məhkum edilmiş 634 məhkumun Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında Sərəncam imzaladı. Bu Sərəncamın əhəmiyyətini necə dəyərləndirirsiniz?

- 634 nəfərin əfvi və onların bilavasitə cəzaçəkmə müəssisəsindən azad olunması çox böyük tarixi hadisədir. Ümummilli Lider Heydər Əliyev hakimiyyətdə olduğu dövrdən bu günə kimi 34 əfv sərəncamı olub. Onun bir qismi Ulu Öndər tərəfindən, digər qismi isə cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilib. Bundan başqa isə Milli Məclisdə 11 Amnistiya Aktı qəbul olunub. Bu Amnistiya Aktı da kifayət qədər insanlara şamil olunub. Ən son Amnistiya Aktı isə Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirildi. Bu Amnistiya Aktı 10 mindən artıq insana şamil olundu. Bu bir daha Heydər Əliyev siyasətinin hümanistliyinin bariz nümunəsidir. Yəni ölüm hökmünün aradan qaldırılması, əfv sərəncamlarının, Amnistiya Aktlarının imzalanması ilə məhkumların yenidən həyata qayıdıb cəmiyyət üçün lazımi bir insana çevrilməsi şansının verilməsi məhz Heydər Əliyev siyasətinin aparıcı istiqamətlərindən biridir.

Biz bundan öncə də Prezidentin təşəbbüsü ilə Milli Məclisdə cəzaların yüngülləşdirilməsi ilə bağlı qanun qəbul etdik. Bunun əhatə dairəsi daha geniş idi. Çünki xeyli sayda insan dərhal cəzanın çəkilməmiş hissəsindən azad olundu və s. Bu Azərbaycanda 10 mindən artıq insana tətbiq olundu. Əgər xatırlayırsınızsa, ilk olaraq mən Milli Məclisdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Ümummilli Lider Heydər Əliyevin 95 illiyi ilə əlaqədar belə bir geniş əfv sərəncamının imzalanması ilə bağlı təşəbbüs irəli sürdüm. Mən həm Prezidentə, həm də Əfv Komissiyasının üzvlərinə öz təşəkkürümü bildirirəm ki, millət vəkilləri tərəfindən qaldırılan bu məsələlər hərtərəfli şəkildə öz əksini tapdı. Əfv Komissiyası tərəfindən 1500 nəfərin işinə baxılıb. Bu hər bir ailənin sevincidir. Təsəvvür edin ki, bu gün Azərbaycanda olan 634 ailə sevinc içindədir. Hesab edirəm ki, bundan gözəl bayram hədiyyəsi ola bilməz.

- Siyavuş müəllim, əfv siyahısında olan 634 nəfər məhkumdan 12 nəfəri hüquq müdafiəçiləri tərəfindən "siyasi məhbus" kimi tanınıb. Bu barədə nə deyərdiniz?

- Ümumiyyətlə, Azərbaycanda “siyasi məhbus” anlayışı yoxdur. Bu gün Azərbaycanda siyasi baxışlarına görə heç kim məsuliyyətə cəlb olunmayıb. Ola bilsin ki, kimlərsə ayrı-ayrı siyasi partiyaların üzvüdür, mətbuat orqanlarına rəhbərlik edir və yaxud da dini cərəyanların üzvüdür. Onlar konkret törətdiyi cinayət əməlinə görə məsuliyyətə cəlb olunublar. Bildiyiniz kimi əfv Amnistiya Aktı deyil. Əfvdə müraciətə baxılırsa, Amnistiya Aktında isə maddə düşür. Əgər kimsə müraciət edib və onun məsələsinə baxılıbsa o artıq azadlıqdan məhrum olunub. İndi bəziləri iddia edirlər ki, onların müraciətlərinə baxılmamlıdır, çünki cinayət törətməyiblər. Təbii ki, bütün bunlar kökündən yanlışdır. Çünki o insanların hər birinin törətdiyi konkret cinayət əməli var və bu cinayət əməlinə görə də məsuliyyət daşıyırlar. Əgər azadlığa çıxıb cəmiyyətdə normal fəaliyyət göstərmək, cəmiyyətə qoşulmaq istəyirlərsə, cənab Prezident İlham Əliyevə müraciət etməlidirlər. Təbii ki, bu müraciət əsasında da onların işlərinə baxılmalıdır.

Bəzi adamların adlarının siyahıya salınmasına gəlincə isə deyə bilərəm ki, vaxtilə müəyyən hüquq-müdafiə təşkilatları bunu biznes mühitinə çevirmişdilər. Hansısa toyuq oğrusundan, ev yarandan, narkotik satandan pul alıb onun adını siyahıya salaraq Avropa Şurasına, başqa-başqa instansiyalara göndərirdilər ki, həmin insanlar “siyasi məhbus”durlar. Azərbaycanda olan hüquq-müdafiə təşkilatlarının bir çox bunun əleyhinə idilər. Onlar bu adamları tanımadıqlarını söyləyirdilər. Sözün həqiqi mənasında bu belədir. Məsələn, mən 30 ildir ki, siyasətdəyəm və o adamların 98 faizini tanımıram. Hansı partiya üzvü olmasından asılı olmayaraq kim cinayət törədibsə məsuliyyətə cəlb olunmalıdır. Bu gün elə YAP İdarə Heyətinin, Siyasi Şurasının üzvləri var ki, onlar məsuliyyətə cəlb olunublar. Partiya üzvü olmaq onun qanun qarşısında hansısa əməlini yüngülləşdirmir. Qanun qarşısında hər bir Azərbaycan vətəndaşı eynidir.

- Bu yaxınlarda Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycana qarşı sanksiya tətbiq etdi. AŞPA-nın bu ikili standartlarına, ermənipərəst əməllərinə nə ad vermək olar?

- AŞPA-nın bu addımı çox ədalətsizdir. Azərbaycanı müxtəlif cərəyanlara, cinahlara qoşmaq cəhdi baş tutmayacaq. Bu gün Azərbaycan dövləti müstəqil siyasət yeridir. Bunların hərəkətləri kampaniya xarakteri daşıyır. Məsələn, bir ölkəyə qarşı bir kampaniya yaradıb ona embarqolar tətbiq edirlər, bəyanatlar verirlər və s. Onların Azərbaycanın da bu proseslərə qoşulmasını istəyirlər. Amma ölkəmiz bu məsələlərin heç birinə qoşulmur. Bu gün Azərbaycan hər bir dövlətlə bərabər şəkildə öz müstəqil siyasətini aparır. Qoşulmamaq siyasəti Azərbaycanın ən düzgün siyasətidir. Bu baxımdan onlar Azərbaycanı cəzalandırmaq üçün müxtəlif yollara əl atırlar. Orada söhbət tək Səməd Seyidovdan və ya digərindən getmir. Burada əsas söhbət Azərbaycana qarşı olan mövqedən gedir. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev xalqın maraqlarını hər yerdə təmsil edir və bu yolda mübarizə aparır. Təsəvvür edin ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) seçkilərə gəlməmişdən öncə bəyanatları hazır idi. Seçim Azərbaycan xalqınındır. Bildiyiniz kimi hakimiyyətin mənbəyi xalqdır. Azərbaycan xalqı sərbəst şəkildə gəldi öz seçimini etdi. ATƏT DTİHB kimi təşkilatlar da bunları öz gözləri ilə gördü. Amma təəssüflər olsun ki, Ermənistandakı seçkiləri demokratik adlandırıblar. Bu gün Ermənistana nəzər salsanız görərsiniz ki, hələ də orada aksiyalar davam edir. Bu təşkilatlar Azərbaycanda olan ictimai-siyasi sabitliyi qəbul etmirlər və görməməzlikdən gəlirlər.

- Rüstəm İbrahimbəyov müəllifi olduğu “Qafqaz üçlüyü” filmi ilə bir daha Azərbaycana, xalqımıza qarşı öz çirkin xislətini ortaya qoydu. Buna sizin münasibətiniz?

- Rüstəm İbrahimbəyovun indiyə qədər də Azərbaycan xalqını, türk etnosunu aşağılayan yazıları olub. Rusiyanın müxtəlif mətbuat orqanlarında, televiziyalarında bu səpkidə çıxışları olub. Bu şəxs ermənilərə olan məhəbbətini açıq şəkildə mütəmadi olaraq təqdim edib. Hesab edirəm ki, İbrahimbəyov bu xalqın nümayəndəsi deyil. Azərbaycan dövləti, xalqı tərəfindən ona verilən bütün titullar geri alınmalıdır. Qoy getsin Ermənistan, ona hansı titulları istəyir versinlər. Çünki onun bütün həyatının şüurlu fəaliyyəti ermənilərə daha çox xidmət etmək olub. Hətta deyərdim ki, Zori Balayan belə o qədər erməni xalqına xidmət etməyib. Ümumiyyətlə, hər adam Orxan Pamuk deyil. Elə bilirlər ki, bunlar da Orxan Pamuk kimi bu yolu gedib öz məqsədlərinə çatacaqlar. Əsrin əvvəllərindən başlamış indiyə qədər Dağlıq Qarabağda, Naxçıvanda, İrəvanda, Dərələyəzdə və s. azərbaycanlıların diri-diri basıdırılması, onların belinə qaynar samovarların bağlanılması, Qərbi Azərbaycanda uşaqların borulara dodurularaq ağızlarının qaynaq olunaraq yandırılması, Xocalı soyqırımı kimi hadisələri görən adam azərbaycanlıları qəddar, başkəsən, vəhşi kimi təqdim edir amma erməniləri qürurlu, ləyaqətli, ziyalı, vətəninə, xalqına sədaqətli kimi göstərir. Bunu ancaq qanında erməni qanı axan adam edər. Onun ailəsindən başqa heç bir azərbaycanlı bu çəkilişdə iştirak etməyib. Bütün bunlar onu göstərir ki, “Milli Şura”nın nümayəndəsi bu şəxs idi. Bir zamanlar "Rüstəm" deyib meydanlara çıxanlar indi xalqın qarşısına çıxıb cavab versinlər. “Ağsaq atın kor nalbəndi” olar. Ona görə də Azərbaycan xalqı düzgün qərar verən və Demokratik Cümhuriyyət quran xalqdır. Xalq bunları tanıyır və ona görə bunların arxasınca getmir. O erməni çörəyi yeyənlərin fəxri sədri Rüstəm İbrahimbəyovdur. Hesab edirəm ki, bu insana erməni xalqının "milli qəhrəmanı" adını vermək lazımdır.

- Son olaraq, Soçi şəhərində bir qrup separatçılarla görüş təşkil olundu. Bu görüş başlıca olaraq nəyə hesablanmışdı və məqsəd nə idi?

- Bu gün Rusiya dövləti ilə Azərbaycan arasında, eləcə də hər iki ölkənin rəhbərləri arasında çox yaxşı münasibətlər mövcuddur. Amma bildiyiniz kimi Rusiyada böyük erməni diasporu var. İstər qeyri-hökumət təşkilatları, televiziya kanalları, istərsə də kinoverilişlərinin böyük əskəriyyətinə ermənilər rəhbərlik edir. Məsələn, Rusiyada olan ən böyük “Mosfilm”ə ermənilər rəhbərlik edir. Biz Rusiyada istənilən seriala baxanda orada erməni görə bilərik. Təbii ki, bunun da istənilən siyasətçilərə (parlamentə, hökumətə) təsir mexanizmi var. Həmin hökumət qüvvələrinin da o təsir altında olması məhz erməni diqtəsinin səyi nəticəsində həyata keçirilir. Biz Ermənistan istisna olmaqla hər bir qonşumuzla çox yaxşı münasibətdəyik. O baxımdan Rüstəm İbrahimbəyovun filmində də bizi gürcülərlə qızışdırmağa çalışırlar. Çünki o filmə tək siyasətçilər deyil, həm də ictimaiyyət baxmır. Həmin insanlar Azərbaycan haqqında başqa düşüncəyə malik olsunlar deyə bu cür təqdimatlar edilir. Bundan gənc nəsil nə tərbiyyə götürəcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə