Rüstəm İbrahimbəyov şərəfsizlik simvoludur TƏHLİL

Məlum hadisə hamını şoka saldı. Yəni ki, “Milli xəyanətkar”, “ssenarist” Rüstəm İbrahimbəyovun çəkdiyi “Qafqaz üçlüyü” filmi Azərbaycan xalqını Əkrəm Naibovun yazdığı “Daş Yuxuları” romanında təhqir etdiyindən daha ağır oldu. Bu çılız rejissor Ə.Naibovdan da bir addım qabağa gedərək millətimizə qarşı daxilindəki nifrəti ssenariləşdirərək film formasına çevirdi və bütün xalqın hissiyatına toxunaraq, erməni sevgisini ortaya qoydu. Hətta təsəvvürə gətirmək çox çətindir ki, vaxtilə özünü bu xalqın nümayəndəsi hesab edən birisi nəyin və hansı məbləğin müqabilində xalqına, millətinə, dövlətinə qənim kəsilib. Bu təkcə millətimizə nifrətdən deyil, həm də erməniyə “XİDMƏT”dən irəli gəlib. Erməni diasporunun maliyyəsi ilə çəkilən bu film, eyni zamanda, R.İbrahimbəyovun nə qədər cılız, nə qədər satqın, nə qədər ermənipərəstliyinin göstəricisidir.

R.İbrahimbəyov erməniyə “Ayı xidməti” göstərir ….amma niyə?

R.İbrahimbəyov nifrət etdiyi Bakıda dələduzluq yolu ilə mənimsədiyi torpaqlarını itirəndən sonra radikal müxaliflik yolunu seçdi, siyasi səhnəyə girər-girməz ermənilərə olan hədsiz sevgisini büruzə verməyə başladı. Əvvəl Rusiyada fəaliyyət göstərən erməni diasporu ilə razılaşıb anti-azərbaycancı qüvvələrlə işbirliyi qurdu, radikal müxalifətçiləri bir araya gətirərək “Milli Şura” yaratdı. Bunun ardınca "milli şura"nın namizədi kimi prezident seçkilərinə qatıldı və erməni missioneri kimi “XİDMƏTƏ” başladı. Amma dayaz düşüncəli anti-azərbaycan qüvvələr “ssenaristi” şişirdib “XİDMƏTƏ” göndərəndə həm Azərbaycan reallığını, həm də İbrahimbəyovdan lider düzəltmək mümkün olmadığını nəzərə almalı idilər. Çünki, reallıqda radikal müxalifət çoxdan tarixin arxivində, o dövrdə yaratdıqları “Milli Şura” isə arxiv eksponatlarının üzərində qurulmuşdu. Xüsusilə, safarişçilər tərəfindən İbrahimbəyovun lider-namizəd olaraq ictimaiyyətə sırınması isə hava şarının şişirdilməsinə bənzəyirdi və bir anın içində də şar partladı. Onların cılız təfəkküründə bu məsələlər nəzərə alınmalı idi. Bu məsələnin bir tərəfi, digər tərəfi isə tam başqa idi…

R.İbrahimbəyov müxalifətin məzmunudurmu?

HAŞİYƏ: 2013-cü il prezident seçkilərində R.İbrahimbəyovun "vətənpərvər", "qeyrətli" ziyalı kimi təqdim olunması və vahid namizədi olaraq irəli sürülməsi anti-milli qüvvələrin sifarişi idi. O dövrdə “Milli Şura”nın iclasında vaqeə olan bir məqamı xatırlatmaq istərdim: “Milli Şura”nın İcra Aparatının rəhbəri, “El” hərəkatının sədri Eldar Namazov vahid namizədin Rüstəm İbrahimbəyov olmasını təklif edib. Bildirib ki: "Bu gün Azərbaycan tarixi bir gün yaşayır. Həm də Rüstəm İbrahimbəyovun ortaya qoyduğu mövqe və milli məsələlərə münasibəti bu cür deməyə əsas verir. Məhz Rüstəm İbrahimbəyovun bu xüsusiyyətləri cəmiyyətin diqqətini cəlb etdi. Bu baxımdan hesab edirəm ki, vahid namizəd Rüstəm İbrahimbəyov olsun”. Və bu fikir AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qənbər və digərləri tərəfindən dəstəklənir, R.İbrahimbəyov 84 səslə vahid namizəd kimi təsdiq edilir.

Ən maraqlısı isə odur ki, o vaxt onu dəstəkləyib vətənpərvər ziyalı kimi təqdim edənlər hələ ki, R.İbrahimbəyovun çəkdiyi filmə və onun xalqa xəyanətinə münasibət bildirməyiblər. Əgər “cılız ssenaristin” bu mövqeyi həmin radikal müxalifətin mövqeyidirsə, deməli bunların mübarizələrinin kökündə erməni sifarişi, erməni xisləti dayanır və İbrahimbəyovun əməllərinə şərikdilər. Əgər belədirsə, deməli radikal müxalifət liderlərinin məzmunu xəyanətdən ibarətdir. Yox əgər bu mövqe ilə razı deyillərsə, həmin təşkilatların rəhbərləri ictimaiyyətə R.İbrahimbəyovun xəyanətkar olduğunu bildiməlidirlər…

Sapı özümüzdən olan “baltalar”

Çox təəssüf ki, çox vaxt düşmən “sapı özümüzdən olan baltalardan” istifadə edir. Ölkə daxilində və xaricdə “potensial biqeyrətlər” vardır ki, onlar daima “balta” kimi özümüzə qarşı istifadə edilməyə hazırdılıar. Bu gün bir çoxları sosial şəbəkə vasitəsi ilə R.İbrahimbəyovu haqlı şəkildə ittiham etməklə yanaşı sual verirlər – “maraqlıdır, Rüstəm İbrahimbəyovu vadar edən nədir ki, ermənilərin müdafiəsinə qalxıb?”. R.İbrahimbəyov bu gün erməni məhəbbəti ilə sübut edir ki, azərbaycanlılara erməni daşnakları qədər, hətta daha artıq nifrət edir. Onun kimilər “XİDMƏTLƏRİ” ilə də sübut edirlər ki, ermənilərin azərbaycanlılara qarşı edə bilmədiklərini bu gün onlar edirlər. Bu, nəinki rəzilliyin, satqınlığın göstəricisidir, əslində milli dövlətçiliyə arxadan zərbə, xalqa xəyanət deməkdir!

Bəhruz Quliyev,

“SƏS”qəzetinin baş redaktoru

Bütün xəbərlər Facebook səhifəmizdə