“İbrahimbəyov Ermənistan xüsusi xidmət orqanlarının əlində alətə çevrilib”

“Rüstəm İbrahimbəyov adı çəkilən filmdə öz mahiyyətini ortaya qoyub və öz xalqına, dövlətinə olan nifrətini, kinini-küdurətini ifadə edib”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.

Onun sözlərinə görə, biz artıq ikinci dəfədir ki, bu dövlətin çörəyini yemiş və onun bütün imtiyazlarından bəhrələnmiş və sonra xalqına yuxarıdan aşağı baxan, onu aşağılayan, təhqir edən, milli təəssübkeşlik hisslərini itirmiş “yazıçı” görürük: “Rüstəm kimilərin aqibəti məlumdur və bu kimi canlılar sağ ikən ölü canlardır. Bundan böyük rəzalət olarmı? Təbii ki, yox və inanmıram ki, o özü də bunun fərqində olmasın. Belə olduğu təqdirdə bəs nə baş verir? Nədir bu cür ünsürlərin xalqın hissləri ilə oynamasına gıtirib çıxaran? Fikrimcə burada bir neçə nüans var. Birincisi, İbrahimbəyov illərdir Rusiyada yaşayır və onun bu hala düşməsində də bu faktor mühüm yer tutur. Görünür o müəyyən dairələrin və xüsusilə də, Rusiyanın və hətta istisna deyil ki, Ermənistan xüsusi xidmət orqanlarının əlində artıq alətə çevrilib. Hələ 2009-cu ildən bu adam öz xalqını və dövlətini hədəf kimi seçmişdir. 2013-cü ildə Rusiyadakı bəzi qüvvələrin əli ilə Azərbaycanda hakimiyyətə gəlmək iddiasını ortaya qoydu. Ömründə siyasətlə məşğul olmamış birisi necə oldu birdən-birə siyasətə qoşuldu? Bədnam “Milli Şura” ideyasının müəlliflərinin izinin haralara qədər gedib çıxdığını hamı artıq yaxşı bilir. İbrahimbəyov kimilər sadəcə alətdirlər, onlar heç vaxt lider olmayıblar və liderlik dəyərləri bu cür insanlarda mümkün də deyil. İbrahimbəyov özündə cəsarət tapsaydı 2013-cü ildə həbsdən qorxmayıb Bakıya gələrdi. Və bu gün təqdim etdiyi filmdəki qorxaq obrazı elə onun özüdür. Bu gün Azərbaycan xalqı üçün Əkrəm Əylisli haradadırsa Rüstəm İbrahimbəyov da artıq oradadır. Bu adam özünə lənəti özü qazandı və inanmıram ki, bu xalq bir də onu bağışlayacaq. Bu film xalqımızın əleyhinə işləyəcək güclü bir silahdır. Təəssüf ki, illərlə bu silahdan düşmən tərəfi istifadə edəcək. Erməni xalqı ilə qonşu olmaq bir tale işidir və münaqişə həll olunacağı təqdirdə, torpaqlarımız qeyd-şərtsiz azad olunandan sonra bu iki xalq yenidən dinc qonşuluq şəraitində yaşamağa davam edəcək. Biz indiyədək əbədi düşmən olan iki dövlət və iki xalq görməmişik. Əlbəttə qorxaq və kəmfürsət erməni xislətini yaddan çıxarmaq olmaz. Birbaşa separatist, millətçilik azarına tutulmuş ermənilərin göstərişi ilə həm Əkrəm Əylisli, həm də Rüstəm İbrahimbəyov bilərəkdən, məqsədli şəkildə bu cür addımları atmaqla əslində barışın, sülhün və birgəyaşayışın mümkünsüzlüyünü ifadə edirlər. İnanmıram ki, bu yaşda və bu başda olan hər iki milli dönük nə etdiklərinin fərqində olmasınlar. Fərqindədirlər və hər şey ssenari əsasında, məqsədli şəkildə baş verir”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə