YAP Səbaildə AXC-nin 100 illik yubileyi qeyd olunub TƏDBİR

Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə həkk olunmuş mühüm və əzəmətli hadisə olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi Səbail rayonunda geniş şəkildə qeyd olunur. YAP Səbail rayon təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illik və Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyləri ilə bağlı hazırlanmış genişəhatəli tədbirlər planlarının icrası ilboyu davam edəcək, Ümummilli Liderimiz Heydər Əliyevə və müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunan müxtəlif səpkili tədbirlər, görüşlər keçiriləcəkdir.

Bu gün Səbail rayon İcra Hakimiyyəti, YAP Səbail rayon təşkilatı və Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının birgə təşkilatçılığı ilə Azərbaycanın dövlət quruculuğunda müstəsna əhəmiyyət kəsb edən şanlı 28 May – Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatının Aparat rəhbəri Zəfər Bayramov möhtərəm Prezidentimiz İlham Əliyevin 16 may 2017-ci il tarixli “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamını və 10 yanvar 2018-ci il tarixli Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsini dövlətçilik, müstəqillik ənənələrimizə və tariximizə verilən yüksək dəyər olaraq qiymətləndirib. Qeyd olunub ki, az müddət yaşasa da, müsəlman Şərqində ilk demokratik Respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin ictimai-siyasi, mədəni və milli mənəvi həyatımızın bütün sahələrində izi qalıb. Azərbaycan xalqı ötən əsrin əvvəllərində istiqlal mübarizəsinə qoşulmuş və azadlıq ideyalarını böyük fədakarlıq və cəsarətlə reallaşdırmış Cümhuriyyət qurucularının əbədi xatirəsini daim əziz tutur. Bu gün müasir Azərbaycanımız Xalq Cümhuriyyətinin siyasi-mənəvi varisi olaraq, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Ulu Öndər Heydər siyasətini sədaqətlə həyata keçirir və möhtəşəm uğurlara imza atır. Azərbaycan bu gün regionun lider dövləti kimi genişmiqyaslı infrastruktur, nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısıdır.

YAP Səbail “Mahnı Teatrı” ərazi ilk partiya təşkilatının sədri Zülfiyyə Mövsümova Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin istər respublikamızda, istərsə də dünya ölkələrində yaşayan azərbaycanlılar tərəfindən böyük təntənə ilə qeyd olunduğunu vurğulayaraq, bildirib ki, ildən-ilə inkişaf edən və artıq dünyada öz layiqli yerini tutmuş müasir Azərbaycan Respublikası Şərqin ilk demokratik Cümhuriyyətinin sədaqətli və layiqli varisidir. Bu varislik ənənələrini yaşadan Ulu Öndər Heydər Əliyev və Onun siyasi davamçısı ölkə başçısı cənab İlham Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz edib.

Sonra Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı videofilm nümayiş etdirilib.

Tədbirin bədii hissəsində Dövlət Mahnı Teatrının solistləri, respublikamızın xalq artistləri Gülyanaq Məmmədova, Heydər Anatollu, Əməkdar artist Xəyyam Mustafazadə və tanınmış incəsənət xadimləri Fəxri Kazım-Nicat, Mədinə Kazımova, Rövşən Qəhrəmanov və Aynur İskəndərli dünyaşöhrətli Azərbaycan bəstəkarlarının ölməz əsərlərini səsləndiriblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə