Elməddin Behbud: “"Qafqaz üçlüyü" xalqımıza və tariximizə qarşı təhqirdir” MÜNASİBƏT

“Hətta Sovet dövründə belə babalarımızın qurduğu müsəlman Şərqinin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətdə də olsa varlığı ilə qürur duyan, bu sevinci böyük bir həsrətlə içində yaşadan minlərlə soydaşımız olub. Paradoks bundadır ki, XX əsrin sonlarında müstəqilliyini yenidən qazanan suveren Azərbaycanda və onun sərhədlərindən kənarda hələ də 1905-ci ildən üzü bəri milyondan artıq dinc, silahsız azərbaycanlını ən qəddar üsullarla qətlə yetirən ermənilərə alçaqcasına qurban olmağa hazır olan, erməni heyranlığını hər fürsətcə nümayiş etdirmək üçün özünü və heysiyyatını ayaqlar altına atan həmvətənlərimiz var”. SİA-nın verdiyi məlumata görə, bunu Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyinin sədri Elməddin Behbud deyib.

Onun sözlərinə görə, belələri işğalçı Rusiyanın 19-cu əsrdə torpaqlarımıza köçürdüyü haylara qarşı göstərdiyi rəğbəti ilə hər bir özünü tanıyan, milli kimliyini uca tutan sadə azərbaycanlının nifrət obyektinə çevrilməkdən də çəkinmirlər: “Bu sıralamada ön mövqeyini heç kimə verməmək üçün fəaliyyətini son illər durmadan davam etdirən Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu "Qafqaz triosu" filmi başdan-başa xalqımıza və tariximizə qarşı təhqirdir.

Görünür Rusiyanın ötən 20 il ərzində Azərbaycanın böyük həcmli iqtisadi resurslarından yararlanmaqla ayaq üstə dayanan Gürcüstanın vasitəsi ilə Ermənistanın blokadasını daha geniş miqyasda yarmaq üçün göstərdiyi çalışmalara əlavə olaraq İrəvana gedəcək qatarlarda ermənilərə gül buketi təqdim etmək missiyasını xeyli öncədən İbrahimbəyova və silahdaşlarına tapşırıblar.

O qatarların daşıdığı ruhi və cismani xəyanətkarları isə nə bu millətin, nə də qırmızılara göstərdiyi xidmətlər nəzərə alınmadan 1920-ci ildən keçən qısa zaman müddətində güllələnənlərin əcnəbi sahiblərinin bağışlamadığını heç kim unutmamalıdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə