Mərkəz sədri: "Təxribat Ermənistanın ən son anti-Rusiya resursudur” ŞƏRH

“Naxçıvan istiqamətində təxribat Ermənistanın ən son anti-Rusiya resursudur”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan 10 illik prezidentliyi dövründə antiRusiyaçılıq istiqamətində orijinal addımlar atdı, yeni resurslar yarada bildi:

I. Aİ-nin “Şərq Tərəfdaşlığının” ilk təşəbbüskarlarından biri S.Sarkisyan idi. Məqsədi bütün Qərb dünyasını Rusiyaya qarşı kökləmək idi. SSRİ dövrünü Ermənistan üçün cəhənnəm adlandıran S.Sarkisyanın bu niyyəti asan başa düşüləndir. “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində Yerevan bir neçə dəfə 102-ci hərbi bazanın Ermənistan ərazisindən çıxarılmasını müzakirə edib. Ən azı iki dəfə bu barədə rəsmilər məlumat yayıblar.

S.Sarkisyan Şimali Qafqaz mövzusunu Aİ rəsmiləri ilə dəfələrlə müzakirə edib. Ermənistanın Şimali Qafqazla heç bir coğrafi, dini, etniki bağlılığı yoxdur.

II. Çərkəz soyqırımının Ermənistan tərəfindən tanınması ideyasını S.Sarkisyanın döyüş yoldaşı Eduard Enfeciyan ABŞ-dakı “Los-Anceles geosiyasi klubu” adından aktuallaşdırdı.

III. Serj Sarkisyan Suriya mövzusunda V.Putinin təklifini rədd etdi. 2014-cü ildə Kəssab hadisələrini RF dövlət mətbuatı “ikinci erməni soyqırımı” kimi təfsir etdi. V.Putin S.Sarkisyana sülhməramlı adı ilə Ermənistan qoşunlarının Suriyaya yeritməyi təklif etdi. S.Sarkisyan V.Putinin təklifini rədd etdi. Bu S.Sarkisyanın V.Putini ilk və son inkar etməsi deyildi.

Serj Sarkisyanın bu antiRusiya resurslarını Kreml neytrallaşdıra bilsə də, anti-Rusiya maşını kimi Serj Sarkisyanı isə dayandıra bilmədi.

Ona görə S.Sarkisyan daha irimiqyaslı təxribat planı hazırladı və bunu Qərblə razılaşdırdı: Naxçıvan istiqamətində təxribat törətməklə Ermənistan Türkiyəni Qars müqaviləsinin şərtlərinə uyğun müharibəyə qoşa bilir. Naxçıvanı müdafiə etmək məcburiyyətində qalan Türkiyə qoşunları hərbi əməliyyat zamanı Ermənistanın ərazisinə daxil olur və bu zaman Rusiya müttəfiqlik öhdəliyini yerinə yetirərək Ermənistan ərazisinə daxil olmuş Türkiyə qarşı müharibəyə başlayır. Ən nəhayət bu müharibə KTMT-NATO və ya RF-NATO müharibəsinə çevrilir. Cənubi Qafqazda başlanmış müharibə Rusiyanın ərazisinə daha yaxın olduğu üçün Rusiya Suriyadan geri çəkilir. Hətta Ukrayna məsələsində də Qərb Rusiyaya şərt diktə etməli vəziyyətədək güclənir. Bunun əvəzində Qərb Ermənistana xeyli miqdarda geosiyasi və geoiqtisadi resurs ayırır. Ayrılan resursun miqdarı dünya erməniliyini Dağlıq Qarabağ problemi adı ilə SSRİ-nin dağılmasındakı iştiraklarından qazandığı resursdan qat-qat çox olur.

Kreml S.Sarkisyanın bu niyyətinə bələd idi. Ona görə önləyici addımlar atmışdı. Rusiya-Ermənistan Birgə Qoşun Birləşməsi Ermənistanın IV və V ordularını əhatə edir. Bu ordular Ermənistanın Azərbaycanın Naxçıvan ərazisindəki sərhədində yerləşirdi.

S.Sarkisyan Naxçıvan istiqamətindəki təxribatı idarə etməklə Dağlıq Qarabağ tənzimlənməsinin gedişini də idarə edə bilirdi.

Hal-hazırda Serj Sarkisyan hakimiyyətdə deyil. N.Paşinyanı hakimiyyətə gətirən Qərb S.Sarkisyanın Naxçıvan istiqamətində təxribat planlarından axıradək xəbərdar idi. Ona görə N.Paşinyan D.Tonoyanı müdafiə naziri təyin etdi. Çünki D.Tonoyan belə planların hazırlanmasında həmişə öndə olub. Onun rəhbərlik etdiyi Fövqəladə Hallar Nazirliyini ikinci hərb nazirliyə çevirməsində məqsəd bu idi. D.Tonoyan bu işi ABŞ və NATO-nun dəstəyi ilə reallaşdırırdı. Müdafiə nazirinin müavini işlədiyi dövrdə D.Tonoyan “statik müdafiədən çevik cilovlamaya” konsepsiyasını ortalığa qoydu. Nəticədə, 2016-cı ilin aprel təxribatlarını yaratdı. Ermənilər aprel təxribatı zamanı məğlub olsa da bu D.Tonoyanın təxribatçılıq mahiyyətini zərrə qədər dəyişmədi. Yeni baş nazir N.Paşinyan tərəfindən müdafiə naziri təyin olunan kimi ilk səfərini Azərbaycanın Naxçıvanla sərhədinə etdi və bu zaman özü ilə yeni Xarici İşlər Naziri Z.Mnatasakyanı da götürmüşdü. Erməni məntiqinə görə D.Tonoyan və Z.Mnatsakyan ilk səfərlərini Dağlıq Qarabağa etməli idilər.

Beləliklə, N.Paşinyan D.Tonoyanın rəhbərlik etdiyi ordunun ona qarşı üsyan etməyəcəyindən tam arxayındır. D.Tonoyanın Qərblə əlaqələrini, anti-Rusiyaçılığını, təxribat törətmə potensialını nəzərə alaraq onu müdafiə naziri təyin etdi. İki erməni nazirinin Naxçıvan istiqamətindəki Azərbaycan dövlət sərhədinə yaxınlaşması təxribatların praktiki mərhələsinin təməlini qoydu. Azərbaycanlı hərbçi şəhid oldu. Rəsmi Bakı Müdafiə və Xarici İşlər Nazirlikləri vasitəsilə operativ və düzgün mövqe ortalığa qoydu. Erməni tərəfinə eləcə də onların havadarlarını aşağıdakılar barədə fikirləşməyi məsləhət bilərdik:

I. D.Tonoyanın 2916–cı il aprel təxribatlarına hazırlığını öyrənsinlər. O boyda ciddi hazırlıqdan sonra D.Tonoyanın planını Azərbaycan hərbçisi dəlmə-deşik etmişdi. İndi də Naxçıvan istiqamətindəki Serj Sarkisyan-Vigen Sarkisyan-David Tonoyan təxribatını da Azərbaycan hərbçisi dəlmə-deşik edəcək.

II. Türkiyənin Naxçıvanda qoşunlarının olması ilə bağlı erməni siyasətçilərinin və rəsmilərinin fikirləri absurddur. Ermənistanda və Rusiyada bəziləri Azərbaycanı Türkiyənin əlavəsi kimi göstərməklə özlərinin acizliyini etiraf edirlər. 2016-cı ilin aprel döyüşlərindən iki ildən çox vaxt keçib. Döyüşlərdə Azərbaycan tərəfdən iştirak etmiş hər hansı xarici vətəndaş barədə məlumatları olsaydı, Ermənistan tərəfi bunu çoxdan ortalığa qoyardı. Ermənistan özünü aldatmasın. 2016-cı ilin aprel döyüşlərində erməni təxribatına cavab verən tək dövlət Azərbaycan idi. Heç bir dövlət Azərbaycana kömək etmədi. İranın və Rusiyanın aprel döyüşləri zamanı mövqeyi ermənilərə çox yaxşı bəllidir.

III. Hərbi-siyasi proseslərin ağırlıq mərkəzini Naxçıvana keçirməklə ermənilər Dağlıq Qarabağda məğlubiyyətlərini əvvəlcədən etiraf etmələri deməkdir: Azərbaycanla təkbətək üz-üzə qalmaqdan qorxan Ermənistan iri dövlətləri qarşı-qarşıya qoymaqla Naxçıvan istiqamətində hərbi təxribatlar hazırlayır.

IV. Naxçıvan istiqamətindəki erməni təxribatlarına Azərbaycanın verəcəyi cavab Ermənistanın coğrafiyasını dəyişəcək. Naxçıvandan Mehriyədək olan məsafə təxminən 40 km-dir.

V. Ermənistanın öyündüyü məsələlərdən biri onun torpaq itirməyən yeganə Cənubi Qafqaz dövləti olması idi. Ermənistan bu öyünmək mənbəyindən məhrum ola bilər.

Ermənistanın taleyinin həlli erası başladı. Bu dəfə ki, proseslər yalnız Ermənistanın və ermənilərin ziyanına olacaqdır. N.Paşinyanın komandası və özünün fəaliyyəti bunu deməyə tam əsas verir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə