Erməni lobbisi ilə iş birliyi quran müxalifət cəzasız qala bilməz

Dağıdıcı xislətli müxalif ünsürlər düşdükləri böhranlı durumdan çıxa bilmədiklərini dərk etdiklərindən, çıxış yolunu milli və dövlətçilik maraqlarına zərbə vurmaqda görürlər. Bu sırada xalqına, dövlətinə xəyanət edərək ermənilərlə işbirliyi qurmaqdan çəkinməyən Emin Milli, Xədicə İsmayıl, Leyla Yunus və bu kimi digər məkrli şəxsləri kor-koranə şəkildə müdafiə etməkdə, onlara dəstək nümayiş etdirməkdədirlər. Hansı ki, AXCP və Müsavat yetkililərindən fərqli olaraq, bir zaman qondarma hüquq müdafiəçiləri ilə eyni mövqedən çıxış etmiş Müsavat başqanının keçmiş müavini Qubad İbadoğlu Əli Kərimli, Cəmil Həsənli və Arif Hacılının E.Millini, X.İsmayılı və L.Yunusu müdafiə edən mövqelərini kəskin şəkildə pisləyib. Q. İbadoğlu X.İsmayılı yalançı müxalif, saxta vətənpərvər adlandırıb: "Siz ey Vətən, millət, dövlət anlayışlarına gizli nifrətini zaman-zaman büruzə verən, əlacsız qalanda son çarə kimi "Çamur at, izi qalsın" prinsipi ilə mövcudluğunu sürdürən prinsipsizlər - yalançı müxaliflər, saxta vətənpərvərlər! Qulaqlarınızı açın və eşidin: mən təmsil olunduğum istənilən beynəlxalq və yerli platformada əsaslandırılmış müstəqil mövqedən çıxış edirəm, mövqeyim həmişə Azərbaycan dövlətinin və müstəqil vətəndaş cəmiyyətinin maraqlarının müdafiəsi üzərində qurulub".

Bir sözlə, fakt budur ki, Azərbaycanı istəməyən bəzi məkrli təşkilatların ayırdığı qrant Ə.Kərimli, A.Hacılı və digərləri üçün milli maraqlardan daha önəmlidir. Xaricdəki "söyüş qrupu"nu, eləcə də, adlarını "hüquq müdafiəçi"ləri qoyan özləri kimi ünsürlərin himayədarları rolunda çıxış etməklə, bir daha xalqdan ayrı düşən qüvvələr olduqlarını nümayiş etdirdilər. Baxmayaraq ki, AXCP ilə Müsavat heç zaman bir araya gələ bilmir. Bir-birini sıradan çıxarmaq, sanki onların əsas fəaliyyət istiqamətləri olub. Ancaq bu məsələdə bir yerdədirlər. Çünki xarici qrant verən ağaları belə istəyir. ADP sədri Sərdar Calaloğlu da mətbuata verdiyi açıqlamasında Ə.Kərimli və A.Hacılını tənqid edib, onları ucuz şoular hesabına siyasi dividend qazanmağa cəhddə ittiham edib. ADP sədri S.Calaloğlu Ə.Kərimlinin xaricdən maliyyə dəstəyi almaq üçün hər cür çirkin addım ata biləcəyini də istisna etmir: "Digər tərəfdən, beynəlxalq təşkilatlardan özlərinin təşkilatlanması adı ilə maliyyə dəstəyi almaq üçün dəridən-qabıqdan çıxırlar. Bununla da, müxalifət adını monopoliyalaşdırırlar".

"Milli Şura" əhəmiyyətsiz quruma çevrilib

S.Cəlaloğlu onu da bildirib ki, Ə.Kərimlinin özünü "radikal" adlandırmasının arxasında nə dövlətə, nə millətə, nə xalqa xeyir vermək məqsədi güdülür. Çünki Ə.Kərimli istər ölkədə, istərsə də ölkədən kənarda yaşanan geopolitik durumları, ölkədə baş verən müsbət prosesləri nəzərə almır və bir qayda olaraq, süni gərginlik yaratmaqla məşğuldur. Burada da yalnız bir niyyət var: mümkün qədər dünyanın demokratiyaya verdiyi dəstəyi özünə və partiyasına aid etmək: "Ancaq çox təəssüf ki, bu adamın özü demokratiya üçün, demokratiyanın inkişafı üçün heç bir iş görməyib. Bundan sonra da görəcəyini düşünmək sadəlövhlük olardı. Belə ki, onun özünün demokratiya haqqında anlayışı yoxdur. Bax, faciə də budur. Digər tərəfdən, ölkəmizdə milli maraqların təminatı ilə bağlı hər hansı məsələ müzakirə olunanda, biz bunları və Əli Kərimlini ortada görmürük".

ADP sədri AXCP rəhbərinin "Milli Şura"da oturaraq, milli-dövlətçilik maraqlarını satmaqla məşğul olduğunu da bildirib: " Ə.Kərimli bu gün də Rusiya layihəsinin əsas icraçılarından biridir. İ.Qəmbər vaxtında bunu anlayaraq, "Milli Şura"nı tərk etdi. Ə.Kərimli düşünür ki, Rusiya yenidən Azərbaycanı öz təsiri altına salmaq üçün hərəkətə keçər. Ona görə də, o və ətrafı bir alət kimi ortalığa düşəcəklər".

Əli Kərimli müxalifətin üz qarasına çevrilib

AXCP sədri Ə.Kərimlinin müxalifəti gözdən salan, utanc gətirən addımları artıq Müsavatla yanaşı KAXCP, ADP, "REAL" və digər təşkilatlar tərəfindən kəskin şəkildə pislənilir. Bu səbəbdən də, "REAL" ilə AXCP arasında ciddi konfliktlər yaranıb. Daha doğrusu, onsuz da, sərin olan münasibətlər Ə.Kərimlinin düşük hərəkətlərindən sonra daha da gərginləşib. Xatırlatmaq lazımdır ki, bir müddət əvvəl, sosial şəbəkələrdə Ə.Kərimli il İlqar Məmmədov arasında virtual səsvermə kampaniyası keçirilmişdir. Bu kampaniyada İ.Məmmədov Ə.Kərimlini xeyli üstələmişdi. Bunun ardınca AXCP və "REAL" qruplarının bir-birlərini ən ağır ittihamlara məruz qoymaları

onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirir. Ə.Kərimli virtual səsvermə zamanı uduzduğunun fərqinə vardıqdan sonra heç bir sübuta və əsasa söykənməyən belə bir dırnaqarası fərziyyə irəli sürmüşdü ki, guya hakimiyyət İ.Məmmədovun virtual səs yığmasında müəyyən yardımlar göstərib. Ancaq "REAL"ın icraçı katibi Natiq Cəfərli bu arqumentlərlə rədd etmişdi: "Yəni onlar çox bəsit ritorikadan istifadə ediblər. Bu dəfə də belə iddiaların səslənməsi, açığı, "REAL"ın və İ.Məmmədovun nüfuzuna kölgə salmaq məqsədi daşıyırdı". N.Cəfərli İ.Məmmədovun həbsdə olduğunu əsas gətirərək, əlavə edib ki, Ə.Kərimlinin ittihamı absurddur: "Təəssüf ki, yenidən qarşı tərəfin aqressiyası, səviyyəsiz və aşağılayıcı sözləri ilə üzbəüz qaldıq".

Bir sözlə, Ə.Kərimlnin məsuliyyətsiz açıqlamaları, yaramaz siyasəti ilə AXCP-ni dağıtmaqla yanaşı müxalifəti də qara günə qoyub. Məhz bundan çıxış edən İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı bəzi müxalif partiya sədrlərinin istefa vermələrinin vacibliyini söyləyib: "Müxalifət düşərgəsində iş o yerə çatıb ki, ağız deyəni qulaq eşitmir. Bir-birilərinin xətalarını, biabırçılıqlarını açmaqdan ötrü ötüşmə gedir. Özlərini o qədər nəzarətsiz və ərköyün hesab edirlər ki, nəinki iqtidarla, heç müxalifət düşərgəsinin özündə də fikir paylaşa və bölüşə bilmirlər. Kimlərsə hər şeyə birinci olmaq və sahib durmaq istəyirlər. Halbuki təkbaşına heç nəyi dəyişmək mümkün olmaz". Partiya sədri onu da qeyd edib ki, iqtidar da bu səbəbdən müxalifətlə əməkdaşlığa, danışıqlara maraq göstərmir: "İqtidar da görür ki, birlik yox, parlaqlıq və aydınlıq yox, məntiq və hikmət yox, geniş əhatə dairəsi olan ziyalı təbəqəsi olan şəxsiyyətlər yox, fürsətdən istifadə edib görüşləri öz xeyirlərinə həll edirlər. Və biləndə ki, barışıqlar milli və dövlət maraqlarından kənarda partiya maraqlarındadır, ya aşağılanır, geri çəkilsə sabah cəmiyyət sözünə baxmayacaq, ölkə Suriyanın, İraqın gününə düşəcək"

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə