Akif Aşırlı: "Rüstəm İbrahimbəyov hər zaman erməni mövqeyindən çıxış edib" AÇIQLAMA

“Hər bir yaradıcı insan yazdığı əsərlə öz şəxsiyyətini, düşüncəsini, baxışını millətinə xalqına, tarixinə olan münasibəti ortaya qoyur. Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu “Qafqaz üçlüyü” filmi də onun kimliyini bir daha üzə çıxarmış olub”. Bu fikirləri SİA-ya açıqlamasında “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı deyib.

Onun sözlərinə görə, sözügedən filmdə R.İbrahimbəyovun azərbaycanlılara olan münasibətini gözləniləndir: “Çünki, biz hər zaman onun Azərbaycanın maraqlarına qarşı fəaliyyət göstərdiyinin şahidi olmuşuq. R.İbrahimbəyov hər zaman torpaqlarımızı işğal edən, soyqırıma məruz qoyan, ümumiyyətlə türk dünyasına qarşı ərazi iddiaları ilə çıxış edən ermənilərin mövqeyindən çıxış edib. O, hər zaman türklərə qarşı içində kin gəzdirən birisidir ki, bu filmdə məhz bu hislərin açıq şəkildə ifadəsidir”.

A.Aşırlı hesab edir ki, zaman-zaman belə insanlara dəstək verən, onu Azərbaycanda vahid prezidentliyə namizəd görmək istəyən insanlar nə qədər böyük səhvə yol verdiklərini düşünməlidirlər: “Həmin şəxslər bu xalqın qarşısında günahlarını yuya biləcəklərmi? Nə yaxşı ki Azərbaycan dövləti və onun ağıllı, düşüncəli xalqı var. Azərbaycan xalqı ağı qaradan seçməyi bacarır və bu tip insanlara olan münasibətini zamanında ortaya qoyub”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə