YAP Xətaidə AXC-nin 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Bu gün Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir çərçivəsində gənclərin Prezidentin köməkçisi, tarixçi alim, professor Dilarə Seyidzadə ilə görüşü təşkil olunub.

Tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədri Seymur Orucov tədbirin əhəmiyyəti barədə danışıb, gənclərin Azərbaycan tarixi barədə maarifləndirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra tədbirdə D.Seyidzadə gənclərə Azərbaycan tarixi barədə danışıb. O bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsinin tarixi əhəmiyyəti var: “Azərbaycan xalqı Şərqdə ilk dəfə çox çətin şəraitdə respublika yarada bildi, bütün dünyaya nümayiş etdirdi ki, bu xalq müstəqil ola bilər və bu gün bizim börcumuz hər il bu günü qeyd etməkdir”.

D.Seyidzadə vurğulayıb ki, AXC-ni yaradanlar çətin və zəhmətli yol keçib, Azərbaycanda milli oyanışa nail olmaq üçün çox böyük fədakarlıqlar ediblər: “Bizim hər birimizin borcu Azərbaycanın müstəqilliyini qoruyub saxlamaqdır. Əcdadlarımız bu respublikanı bizə çatdırıb və biz də bunu qorumalıyıq”.

Daha sonra tədbir gənclərin sualları ilə davam etdirilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə