"AŞPA getdikcə lazımsız quruma çevrilir"

"Bu, AŞPA-nın tarixində qara bir ləkə olaraq qalacaq və xatırlanacaq"

Məlum olduğu kimi, Avropa Şurası Parlament Assambleyasının Prosedur Qaydaları, İmmunitetlər və İnstitusional Məsələlər Komitəsi korrupsiyada adı hallanan AŞPA üzvlərinə qarşı sanksiyalar tətbiq edib. Sanksiyalar Pedro Aqramunta 10 il, digər üzvlər Sezar Florin Preda, Səməd Seyidov və Cordi Xuclaya qarşı 2 il ərzində qüvvədə olacaq. Qurumun mayın 16-da yaydığı rəsmi məlumatda adı sadalanan bu dörd deputatın davranış kodeksini ciddi şəkildə pozduğu, onların müvəqqəti olaraq, assambleyanın mandatından məhrum edildiyi bildirilir. Onlar təyin olunma və ya məruzəçi kimi çıxış etmək, bir sıra əsas vəzifələrə qoşulmaq və ya seçkiləri müşahidə etmək kimi səlahiyyətlərindən məhrum ediliblər. Sadalanan dörd AŞPA üzvü, bu müddət ərzində, seçki müşahidəçisi kimi iştirak edə, heç bir komitənin, ya alt komitənin sədri, ya sədr müavini ola, AŞPA-nın prezidenti olmaq üçün seçkilərdə namizədliyini irəli sürə bilməyəcək. Onlar, həmçinin, assambleyanı və ya öz komitələrini təmsil etmək, Avropa Şurasının icra orqanına-Nazirlər Komitəsinə suallar vermək hüququndan da məhrum ediliblər. Söhbət etdiyimiz müsahiblərimiz Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun adının sanksiya tətbiq oluna şəxslər siyahısına daxil edilməsi AŞPA-nın Azərbaycana qarşı olan qərəzi ilə əlaqələndirdilər.

Millət vəkili Eldəniz Səlimov:

- AŞPA-nın belə bir qərar verməsi yolverilməz və qəbuledilməzdir. Bu, həmin təşkilata heç bir halda başucalığı gətirmir və gətirməyəcək də. Bu, AŞPA-nın tarixində qara bir ləkə olaraq qalacaq və xatırlanacaq. AŞPA-ya üzv olan ölkələr arasında bəlkə də Azərbaycan kimi ikinci bir ölkə yoxdur və tapılmaz ki, bu qurumla əməkdaşlığa bu qədər önəm vermiş və səmimi mövqe sərgiləmiş olsun. Avropa Şurası və onun təsisatları, ayrı-ayrı yetkili şəxsləri tərəfindən dəfələrlə Azərbaycanla bağlı ədalətsiz yanaşmalar ortaya qoyulub və ikili standartlar nümayiş etdirilib.

Ancaq Azərbaycan hər zaman dözümlülük, səbr nümayiş etdirib, demokratik dəyərlərə, o cümlədən, elə həmin qurumun özünün dəyərlərinə sadiqliyini sübut edib və əməkdaşlığa davam deyib. Son hadisə isə, bir daha onu göstərir ki, Azərbaycanın səmimi əməkdaşlıq mövqeyinə rəğmən, yenə də həmin qurumdakılar öz şəxsi, cılız və dar maraqlarından çıxış etməyə üstünlük verirlər. Amma qeyd edim ki, bu cür yanlış mövqe bizdən çox, onların ziyanına işləyəcək, bundan zərər çəkən onlar özləri olacaq. Bunu da nə qədər tez anlasalar, dərk etsələr, özləri üçün bir o qədər faydalı olar.

Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov:

- Avropa Şurasının Səməd Seyidov haqqında çıxartdığı qərar uzun müddətdən bəri bu qurumun Azərbaycana qarşı apardığı qərəzli kampaniyanın növbəti məntiqsiz qərarıdır. Heç bir tutarlı faktlara söykənmədən, sadəcə, kiminsə cəfəng sözləri ilə verilən bu qərar bir daha Avropa Şurasının iç üzünü ortaya qoymuş oldu. Bir daha sübut etmiş oldu ki, Avropa Şurasında təmsil olunan deputatların əksəriyyəti ermənipərəst mövqedədir və onların seçilməsində erməni lobbisinin rolu vardır. Bir vaxtlar Ermənistan hakimiyyətinin rəhbərliyində olan Sarkisyan və onun terrorçu komandasına qarşı bu qurum heç vaxt belə sərt təpki göstərməmişdir. Baxmayaraq ki, Sarkisyan öz xalqının qəddar düşməni idi və Ermənistanda bütün insan haqlarını boğurdu. Eyni zamanda, onun əli Azərbaycan vətəndaşlarının qanına batmışdı. Bunu özü də çəkinmədən etiraf edirdi. Məsələn, Xocalı soyqırımı ilə bağlı onun bir fikri yetərli idi ki, bu adam beynəlxalq tribunaya verilsin: "Azərbaycanlılar elə bilirdilər ki, biz dinc əhaliyə qarşı silah işlətmərik, ancaq Xocalıdan sonra onlar başa düşdülər ki, biz ciddiyik". Bu sözləri sanki Avropa Şurası və ya digər nüfuzlu beynəlxalq təşkilatlar eşitmirdilər. Bu kimi uzun müddət ikili mövqe sərgiləyən Avropa Şurasından, təbii ki, heç nə gözləmək də olmazdı. Hesab edirəm ki, Azərbaycan öz tutduğu yolla inamla irəliləməli, bu cür cılız hadisələrə qarşı səbir nümayiş etdirməlidir. Azərbaycanı bu gün tutduğu yoldan heç bir beynəlxalq təşkilat döndərə bilməz. Çünki bu yol Cənab Prezidentin apardığı siyasətin və onu dəstəkləyən xalqın yoludur. Avropa Şurasına gəldikdə isə, bu qurumlar, artıq təkcə Azərbaycana qarşı tutduqları qərəzli mövqeyə görə yox, eyni zamanda, Avropa üçün də üzərinə götürdüyü missiyanı yerinə yetirə bilmir. Artıq AŞPA getdikcə lazımsız quruma çevrilir. Bu cür qurumda üzv olmaq məsələsində də, yəqin ki, gələcəkdə Azərbaycan hökuməti öz qəti mövqeyini ortaya qoyacaqdır.

"Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev:

- Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidova və digərlərinə qarşı çıxardığı ədalətsiz qərar, ümumilikdə, Azərbaycana qarşı yönəlib. Belə görünür ki, bəzi dairələri Azərbaycanın güclənməsi və öz maraqlarını müdafiə etmək istiqamətindəki səyləri kimlərisə narazı salıb. Ona görə də əllərindəki imkanları işə salıb bu ədalətsiz qərarın qəbul edilməsinə nail olublar. Qərar Azərbaycana qarşıdırsa, deməli, bunu Azərbaycanı istəməyən qüvvələr edir. Azərbaycanı istəməyən qüvvələr dedikdə isə, ilk növbədə, ermənipərəst dairələr yada düşür. Bu baxımdan, biz deyirik ki, bu ədalətsiz qərarın arxasında ermənipərəst qüvvələr durur. O ki qaldı bu qərardan sonra Azərbaycanın Avropa Şurasındakı fəaliyyətinə, düşünürəm ki, bütün ədalətsizliklərə baxmayaraq, ölkəmiz bu qurumdakı fəaliyyətini davam etdirməlidir. Bununla belə, bu ədalətsiz qərar münasibətlərin səmimiyyətinə, əlbəttə ki, təsirsiz ötüşməyəcək. Xüsusilə də, Azərbaycan ictimaiyyətinin Avropa Şurasına münasibətinin formalaşmasında rol oynayacaq. Bu qərardan sonra Azərbaycanda kiminsə Avropa Şurasının ədalətli bir qurum olduğunu söyləmək çətin olacaq. Bununla belə, Avropa ilə, Avropa təsisatları ilə əməkdaşlıq bizim üçün önəmlidir. Biz əməkdaşlığa və dostluğa sadiq tərəfdaş kimi, Avropa Şurası ilə işləməkdə davam etməliyik.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə