Ərdoğan 200 deputatı parlamentdən uzaqlaşdırır

Türkiyədə 24 iyunda keçiriləcək parlament seçkilərində ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasından (AKP) hazırda mandat daşıyan 200 deputatın yenidən millət vəkili seçilməsinə icazə verməyəcək. SİA Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə partiya kulislərində artıq neçə gündür söhbətlər dolaşır.

Bütün siyasi partiyalar deputatlığa namizədlərinin siyahısını hazırlayıb başa çatdırıb. Siyahılar bu gün Ali Seçki Komissiyasına təhvil veriləcək. AKP-də isə siyahıya daxil olmayan namizədləri bir-bir özü müəyyənləşdirən Ərdoğan sonuncu dəfə siyahıya göz gəzdirərək, sənədin yekun variantını təsdiqləyib.

“Sözçü”nün məlumatına görə, hər parlament seçkisi öncəsi AKP-dən olan millət vəkillərinin təqribən 50 faizini dəyişdirən Ərdoğan, bu dəfə daha çox deputatı Türkiyə Böyük Millət Məclisindən uzaqlaşdıracaq. 316 millət vəkilindən 200-nün parlamentdən uzaqlaşdırılacağı gözlənilir.

Qeyd olunub ki, siyahıdan kənar qalacaq adlar seçkilərdən sonra nazirlik, yaxud bələdiyyə sədrliyi xülyası qurmaqla özlərini təsəlli edəcəklər. Həmçinin vurğulanıb ki, AKP-dən deputatlığa namizədlər siyahısına daxil olmaq uğrunda yaxın ətrafı və dostlarından gələn xahişləri azaltmaq üçün Ərdoğan Bosniyaya səfər edib. Bundan əvvəlki seçkilər ərəfəsində də o, eyni məqsədlə bir günlük İrana səyahətə çıxmışdı.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə