“Ermənistanın təxribatına adekvat cavab veriləcək" AÇIQLAMA

“Ermənistanın növbəti təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid oldu. Düşünürəm ki, bunun hamısı gözlənilən idi. Yəni Nikol Paşinyanın hakimiyyət başına keçməsi o demək deyil idi ki, proseslər yeni müstəvidə davam edəcək. Təbii ki, bütün bu proseslərin başında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və “Qarabağ kartı” dururdu”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.

Politoloqun sözlərinə görə, Rusiyanın ATƏT-in Minsk Qrupu həmsədr dövlətlərindən biri olmasına baxmayaraq separatçılarla görüşlər keçirir, eyni zamanda qondarma Dağlıq Qarabağ qurumunun rəhbərləri ilə görüşür: “Bütün bunlar iki istiqamətdə aparılır. Birincisi, Paşinyanın əldə saxlanması üçün hakimiyyətin məhz Qərbə yönəlməməsi idi, digəri isə Rusiya SSRİ-nin varisi kimi bu münaqişələrin qızışdırılmasında bir nömrəli rol oyanırsa, indi də həmin məsələlərdə birbaşa cavabdeh olmalıdır. Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri kimi münaqişəni daha da sakitləşdirməyə yönəltmək istiqamətinə baxmayaraq rəsmi Moskva öz raketlərinin artıq ikinci bir etapını Ermənistana göndərməyə başlayıb. Təbii ki, bunun özü də təxribata yol açan məsələdir. Digər məsələ ondan ibarətdir ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olduğu üçün çalışırlar ki, Naxçıvan Muxtar Respublikası ərazisində təxribat törətsinlər ki, bu da əlavə atəşə yol açsın.

Azərbaycan Prezidenti İlham Əliyev və Müdafiə naziri Zakir Həsənov Naxçıvanda olanda və hərbiçilərlə görüş zamanı ermənilər artıq başa düşürdülər ki, onların zəif bəndləri məhz Ermənistan-Naxçıvan sərhədidir. Buna görə də orada böyük problemlər yaratdılar. Ermənistan tərəfindən hər hansı bir təxribata adekvat cavab veriləcək. Təəssüflər olsun ki, bütün bunlar ATƏT-in Minsk Qrupu tərəfindən susqunluqla qarşılanır. Buna baxmayaraq Azərbaycan Xarici İşlər Nazirliyi baş verən olayla bağlı məlumat yaydı. Rusiya və digər ATƏT-in həmsədrləri çoxdan cəhd edirlər ki, Dağlıq Qarabağ separatçılarını ikinci tərəf kimi danışıqlara cəlb etsinlər. Lakin bu, Azərbaycanın yürütdüyü xarici siyasətə ziddir. Dağlıq Qarabağ münaqişəsinin həlli ancaq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll oluna bilər”.

Qeyd edək ki, mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə