Gənc əsgərlərin andiçmə mərasimi keçirilib FOTOLAR

19 may 2018-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra tədbir iştirak­çılarına Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı çatdırılıb.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü ərəfəsində keçirilən andiçmə mərasimində çıxış edənlər Ulu Öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı isti­qamə­tindəki xidmətlərini, böyük dövlət xadiminin müəyyənləş­dirdiyi milli sərhəd strate­giyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvə­lərin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçiril­məsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırıl­masını xüsusi qeyd ediblər.

Ümummilli Lider Heydər Əliyevin 95 illik yubiyeyinin də sərhədçilər tərəfindən xidmətdə qazanılan müsbət nailiyyətlər və yüksək əhval-ruhiyə ilə qarşılanması xüsusi vurğulanıb, Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliy­yətini öz üzərlərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminlik bildirilmiş və onlara müvəffəqiyyətlər arzulanıb.

Tədbirdə iştirak edən validеynlər hərbi hissələrdə yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, övladlarını təbrik еdərək onlara Vətən sərhədlərinin kеşiyində ayıq-sayıq dayanmağı nəsihət ediblər.

Tədbir gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə