Umud Rəhimoğlu: “Google" axtarış sistemi təxribata yol verib” MÜNASİBƏT

"Google" axtarış sistemi növbəti dəfə təxribata yol verib. Məşhur axtarış sistemi "Google maps"də Dağlıq Qarabağın və Azərbaycanın işğal olunmuş digər ərazilərinin adları erməni dilində göstərilir”. SİA-nın verdiyi məlumata görə, bu barədə Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu deyib.

“Təəssüf ki, bu yuxarıda adı çəkilən internet resursunun təxribata yol verdiyi ilk hal deyil. Bu cür təxribat daha əvvəl də baş vermişdi. Beynəlxalq axtarış sisteminin Azərbaycan və onun ərazilərinə qarşı bu kimi təxribatları ciddi narahatlıq doğurur, xəritədə Azərbaycana qarşı bu cür təxribat xarakterli dəyişikliklərin edilməsi beynəlxalq konvensiyalara ziddir"-deyə, BAMF sədri bildirib.

Umud Mirzəyevin sözlərinə görə, erməni lobbisi uzun müddətdir ki, tarixi yenidən yazmağa çalışır: “Xaricdə böyük təsirə malik olmaqla, onlar Dağlıq Qarabağ münaqişəsinin həllinin qarşısını almaq üçün hər vasitəyə əl atırlar. Xəritəni dəyişərək və faktları təhrif edərək, Ermənistan tərəfi vəziyyətin daha da gərginləşməsinə səbəb olur, Azərbaycan bütün qüvvəsi ilə münaqişənin sülh yolu ilə həll edilməsi üçün səy göstərir. Erməni lobbisi isə təsir vasitələrindən, indiki halda isə "Google" axtarış sistemindən istifadə edərək problemin sülh yolu ilə həllinə maneə törətməyə çalışır. Google rəhbərliyi müvafiq tədbirlər görməlidir. Bu, resursun faktları təhrif edərək bilərəkdən və ya təsadüfən ciddi pozuntulara yol verdiyi ilk hal deyil”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə