"Sanksiyalar Azərbaycanın nümayəndə heyətinin fəaliyyətinə heç bir təsir göstərməyəcək" MÖVQE

"Heç kim Azərbaycanı Avropa Şurasından kənarlaşdıra bilməz". SİA-nın xəbərinə görə, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, fərdi məsuliyyət ölkə məsuliyyətinə çevrilə bilməz: "Bəzən bildirilir ki, Azərbaycan nümayəndə heyəti oradan çıxarılıb. Bu yanlışdır. Bizim orada işimiz sözümüzü demək və sənədlərin qəbul edilməsidir. Ötən gün qəbul edən sanksiya nə sözümüzü deməyə, nə də sənəd qəbul etmək kimi səlahiyyətlərimizi əlimizdən almır. Bu sanksiya Dağlıq Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında heç bir məhdudiyyət yaratmır. Əksinə biz bu istiqamətdə fəaliyyətimizi daha geniş şəkildə davam etdirəcəyik".

S.Seyidov qeyd edib ki, AŞPA-da sanksiyalara məruz qalan üzvlərin mütləq əksəriyyəti Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyən insanlardır: "Əsas məsələ hansısa şəxs deyil, Azərbaycanın milli maraqlıdır ki, buna heç kim müdaxilə edə bilməz. Ümumilikdə sanksiyalar Azərbaycan nümayəndə heyətinə heç bir təsir göstərməyəcək".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə