"AŞPA hesabatlarının məqsədi üzv dövlətləri qaralamaqdır"

Korrupsiya, həqiqətən, bütün sistemin pozulmasına, inkişafın və rifahın ləngiməsinə səbəb olan ən təhlükəli sosial zorakılıqlardan biridir. Bu baxımdan, istənilən iddiaların araşdırılması məntiqli və məqbuldur. Ancaq bu gün bu hesabatdan görünür ki, AŞPA-nın bəzi üzvləri bundan sui-istifadə edirlər. Aydın görünür ki, məqsəd problemləri aradan qaldırmaq deyil, üzv dövlətləri qaralamaqdır.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan nümayəndə heyətinin üzvü Ülviyyə Ağayeva AŞPA-nın yaz sessiyasında söyləyib. O qeyd edib ki, müzakirə olunan hesabat gənc, demokratik, çox çətin qonşuluqda yerləşən üzv dövlətin - bütün çətinliklərə və təhlükələrə baxmayaraq, dəyərləri paylaşan, təkcə özü üçün deyil, tərəfdaşları üçün də fayda gətirmək məqsədilə yorulmadan səy göstərən dövlətin imicinə xələl gətirmək məqsədi daşıyır.

Millət vəkili AŞPA sədrinə müraciət edərək sərt danışıqların səmərəsiz olduğunu və bunun təşkilatın məqsədlərinə nail olmağa kömək etməyəcəyini diqqətə çatdırıb. “Avropa Şurasının həmrəyliyini və bütövlüyünü gücləndirmək üçün üzv ölkələri daha da yaxınlaşdırmalıyıq, onları uzaqlaşdırmağa çalışmamalıyıq”, - deyə o vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə