Səbaildə Zərifə xanım Əliyevanın 95 illik yubileyi qeyd edildi YENİLƏNİB-FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi münasibətilə təntənəli yubiley tədbiri keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, Milli Məclisin deputatı, tanınmış yazıçı-publisist Elmira Axundova, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü, Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri prof. Adilə Abasova, Koreya Şərq Təbabəti Klinikasının baş həkimi Zərifə Quliyeva, eləcə də rayon ictimaiyyətinin nümayəndələri, səhiyyə və təhsil müəssisələrinin əməkdaşları, elm və mədəniyyət xadimləri, veteranlar, rayon partiya təşkilatının İdarə Heyətinin üzvləri, gənclər, tələbələr və çoxsaylı qonaqlar iştirak ediblər.

Əvvəlcə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın zəngin həyat və fəaliyyətinə həsr olunan videofilm nümayiş etdirilib.

Çıxış edən Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev bildirib ki, yüksək mənəvi-əxlaqi dəyərlərə malik olan, gözəl insan, həssas xanım kimi yaddaşlara həkk olan Zərifə xanım eyni zamanda Azərbaycan tibb elmində özünəməxsus yeri olan görkəmli alimdir: "Zərifə xanım tibb elminin ən çətin və az tədqiq edilmiş sahələrindən biri olan oftalmologiyanı seçib, bütün elmi fəaliyyəti boyunca bu sahənin həll olunmamış problemlərinin tədqiqi ilə məşğul olub və o, bu sahədə çox böyük nailiyyətlər əldə edib.

Millət vəkili diqqətə çatdırıb ki, Zərifə xanım həm müəllim, həm də həkim kimi fəaliyyət göstərib və hər zaman insansevərliyi, qayğıkeşliyi, ədalətliliyi ilə fərqlənib, intellektli, savadlı və dövlətçiliyimizə bağlı mütəxəssislər yetişdirməyi hər şeydən üstün tutub. Yalnız savadlı həkim, əsl pedaqoq və güclü psixoloq olan insan bu mənəvi hissləri özündə cəmləşdirə bilərdi. Qısa həyat yolu ərzində genişmiqyaslı işlər görmüş Zərifə xanım eyni zamanda böyük bir missiyanı da yerinə yetirib. Heydər Əliyev kimi dahi şəxsiyyətin, görkəmli dövlət başçısının, diplomatın, siyasətçinin etibarlı, dəyanətli, şəfqətli və cəsur həyat yoldaşı olmaq məhz ona nəsib olub. Zərifə xanım ən çətin məqamlarda Heydər Əliyevə dəstək olub, onun yanında durub. Bütün bunlar Zərifə xanımın necə mətanətli, dəyanətli, cəsur bir Azərbaycan-türk qadınına xas xüsusiyyətlərə malik olduğunu bir daha sübut edir. Onun yüksək mənəvi keyfiyyətləri bütün Azərbaycan xalqına, xüsusilə qadınlarımıza və gənc qızlarımıza nümunədir.

Millət vəkili Elmira Axundova Zərifə Əliyevanı peşəkar həkim olmaqla yanaşı, həm də fəal ictimai xadim kimi xarakterizə edib. O bildirib ki, Zərifə Əliyevanın bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı.

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu bildirib ki, Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin, dünyanın ən böyük Azərbaycanlısının, dünya azərbaycanlılarının lideri, türk dünyasının qüdrətli siyasətçisi, Ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub: "Görkəmli alim, sədaqətli ömür-gün yoldaşı, mehriban və qayğıkeş ana olan, milli-mənəvi və yüksək əxlaqı dəyərləri varlığında təcəssüm etdirən Zərifə xanım Əliyeva bütün dünyada qadınlığa örnəkdir".

Tədbirdə çıxış edənlər akademik Zərifə xanım Əliyevanın həyat və elmi fəaliyyəti haqqında danışdılar, onunla bağlı xatirələrini paylaşdılar. Qeyd olundu ki, fitri istedadı olan və novator tədqiqatçı həkim kimi tanınmış Zərifə xanım Əliyevanın keçdiyi şərəfli həyat yolu hər bir azərbaycanlı üçün kamillik və müdriklik məktəbidir. Dünya şöhrətli bir çox oftalmoloqun haqqında yüksək fikirlər söylədiyi Zərifə xanımın həyat tərzi xeyirxahlıq idi. Nəcib insan, dəyanətli və ləyaqətli Azərbaycan xanımı Zərifə xanımın xatirəsi əbədi olaraq Azərbaycan xalqının qəlbində yaşayacaqdır.

Tədbirin sonunda Azərbaycan Respublikasının Xalq artisti Laləzar Mustafayeva Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr olunan "Ana" şerini səsləndirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə