Musa Qasımlı: "Azərbaycan-Türkiyə birliyinin böyük gələcəyi var"

Azərbaycan-Türkiyə münasibətləri dünya dövlətləri üçün bir nümunədir. Ölkələrimizin dostluğu, qardaşlığı, birliyi bu gün ən yüksək zirvədədir. Biz eyni köklü xalqlarıq, dilimiz, dinimiz, mədəniyyətimiz, tariximiz, adət-ənənələrimiz eynidir. Münasibətlərimizin təməlində bu amillər durur. SİA-nın məlumatına görə, bu fikirləri Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Musa Qasımlı deyib.

Musa Qasımlı bildirib ki, iki ölkə arasında münasibətlər beynəlxalq hüquq normalarından irəli gələn prinsiplərə əsaslanır. Dövlətimizin başçısı İlham Əliyevin Prezident seçiləndən sonra ilk səfərini Türkiyəyə etməsi Azərbaycan dövlətinin xarici siyasətində qardaş ölkənin tutduğu yeri göstərir. Bizimlə strateji tərəfdaş olan Türkiyə ilə əməkdaşlığın böyük perspektivləri var. Bu əməkdaşlıq diplomatik, siyasi, ticari, iqtisadi, elmi, texniki, mədəni, humanitar, hərbi və başqa sahələri əhatə edir. Səfər zamanı imzalanan sənədlər bir daha göstərdi ki, qarşılıqlı münasibətlərin böyük potensialı var.

“Bu səfər iki ölkə arasında əməkdaşlıqda yeni bir səhifə açacaq. Azərbaycan-Türkiyə münasibətləri yalnız ikitərəfli əhəmiyyət kəsb etmir, eyni zamanda, regionda və dünyada gedən bir çox proseslərə təsir göstərir. Bu gün Türkiyənin gücü Azərbaycanın gücüdür, Azərbaycanın gücü Türkiyənin gücüdür. Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə qədər Azərbaycana dəstək verən ikinci ölkə olmayıb. Azərbaycan-Türkiyə münasibətləri regionda qüvvələr nisbətinin dəyişməsinə, geosiyasi şəraitə ciddi təsir göstərir. Bu gün məhz Azərbaycan-Türkiyə əməkdaşlığı nəticəsində böyük geosiyasi layihələr həyata keçirilib və bu layihələr Avrasiyanın simasını dəyişib. Biz Avrasiyanın energetika və nəqliyyat xəritəsini cızırıq. Bizim həyata keçirdiyimiz layihələr sabitliyi və təhlükəsizliyi möhkəmləndirir. Bütün bu işlərin görülməsi, xüsusən neft-qaz boru kəmərlərinin, nəqliyyat, kommunikasiya xətlərinin çəkilməsi Azərbaycanın və Türkiyənin liderlərinin əzmkarlığı nəticəsində mümkün olub. Azərbaycan-Türkiyə birliyinin böyük gələcəyi var. İki ölkə arasındakı münasibətlər regionda münaqişələrin davam etməsində, onların uzadılmasında maraqlı olan dövlətlərə bir cavabdır”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə