Azər Həsrət: “Ermənistanın çöküşü qaçılmaz olacaq" MÜSAHİBƏ

Siyasi şərhçi Azər Həsrətin SİA-ya müsahibəsi:

- Azər müəllim, Ermənistanda baş qaldıran xalq etirazları qısa zamanda öz nəticəsini verdi. Azərbaycan və insanlıq düşməni Serj Sarkisyan məxməri bir inqilaba devrildi və istefaya məcbur edildi. Erməni xalqı iqtidardakı “müharibə partiyası”nı niyə devirdi?

- Əslinə qalanda bunun baş verməsi gözlənilən bir hadisə idi. Çünki Serj Sarkisyan 10 il ərzində yəni prezidentliyi dövründə erməni xalqına etmədiyi zülm qoymadı. Birincisi, o hakimiyyətə qan üzərində gəlmişdi. 2008-ci ildə Serj Sarkisyan hakimiyyətə gələndə onun saxta seçki ilə hakimiyyətə gəlməsinə etiraz edən xalqa silah qaldırdı və 10 nəfəri öldürdü. Yəni onun göstərişi ilə dinc nümayişçilərə qarşı silah işlədildi və insanlar öldürüldü. Digər tərəfdən öz hakimiyyəti dövründə erməni xalqına heç bir xoş gün yaşatmadı. İnsanlar daim aclıq, səfalət içində oldu. İnsanlar daim etiraz üçün səbəblər tapdılar. Eyni zamanda Azərbaycan torpaqlarını işğalda saxlamaqla, günahsız erməni gənclərini gətirib Qarabağda Azərbaycan əsgərinin qarşısında çıxarmaqla onların həlak olmasına səbəb oldu. Nəticə etibarilə də erməni anaları küçələrə çıxaraq övladlarının onlara aid olmayan torpaqlarda niyə həlak olmalı olduğu haqqında sorğulamağa başladılar. Bu sorğulayanlara qarşı da divan tutuldu, güc işlədildi və zorakılıq tətbiq edildi. Bütün bunlar erməni xalqını boğaza yığmışdı. Yəni insanlar o qədər qəzəbli idilər ki, Serj Sarkisyanın bir an öncə hakimiyyət dövrünün bitməsini gözləyirlər. Amma o biraz biclik işlətdi və hakimiyyətini uzatmaq təsirini saxlamaq üçün baş nazirlik postuna iddia etdi. Ona görə də ermənilər artıq düşündülər ki, bu adamdan qurtulmağın başqa yolu yoxdur və mütləq ayağa qalxıb üsyan edib onu devirmək lazımdır.

- Sarkisyanı kim devirdi, xalq, Putin, yoxsa Qərb?

- Ümumiyyətlə, Ermənistan hakimiyyəti həmişə Rusiyanın dəstəklədiyi hakimiyyət olub. Yəni prezidentlər, bütövlükdə hakimiyyətin elitası, yüksək eşalonu birmənalı olaraq Rusiyanın seçdiyi adamlardan ibarət olub. Serj Sarkisyan da prezidentliyə məhz Rusiyanın adamı olaraq gəlmişdi. Amma hakimiyyətinin son günlərində, son aylarında bir qədər mərkəzdən qaçmağa meyilləndi, özünü qərbpərəst kimi göstərməyə başladı və hətta Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı sazişini belə imzaladı. Yəni bu Ermənistan tərəfindən böyük cürət idi. Təbiidir ki, Rusiya bütün bunlara biganə qala bilməzdi. Ona görə də Rusiya gözlədi ki, Serj Sarkisyan prezidentlik dönəmini bitirdikdən sonra çəkilib gedəcək və yeni hakimiyyətlə Rusiya öz işini quracaq. Amma belə olmadı. Belə olmadığına görə də Rusiyanın bu işdə birmənalı olaraq rol aldığını iddia edə bilərik. Amma burada bir məqamda var ki, Rusiya ilə ABŞ-ın yaxınlaşması fonunda xüsusilə də Trampın Vladimir Putini Vaşinqtona dəvət etməsi fonunda bu hadisələrin baş verməsi ola bilsin ki, Qərblə Rusiya arasında cənubi Qafqazla bağlı yeni qaydaların müəyyənləşdirilməsindən xəbər verir. Yəni burada mümkündür ki, təkcə Ermənistan deyil, Azərbaycan və Gürcüstan da daxil olmaqla cənubi Qafqazla bağlı Qərb və Rusiya arasında yeni qaydalar müəyyənləşdiriləcək. Həmin qaydalara uyğun olaraq da Serj Sarkisyan hakimiyyətdə qalmamalı idi.

- Rusiya Ermənistanda baş verənlərə hansı mövqe sərgiləyir?

- Rusiya Ermənistandan istifadə edir. Yəni bu birmənalıdır və bunu ermənilər özləri də etiraf edir. Onların siyasətçiləri, analitikləri və s. bilir ki, Ermənistan Rusiyanın əlində bir vasitədir. Bu xüsusən Azərbaycana qarşı istifadə üçün, digər tərəfdən də Türkiyəyə qarşı istifadə üçündür. Bütövlükdə isə cənubi Qafqazı təsiri altında saxlamaq üçündür. Bildiyiniz kimi Azərbaycanla bağlı Gürcüstanda müstəqil siyasət yürütməyə can atır. Düzdür, Gürcüstan Azərbaycandan fərqli olaraq birmənalı qərbyönümlü siyasət yürüdür. Ona görə də balansı itirib və Rusiyanın təzyiqlərinə məruz qalıb. Amma Azərbaycan daha balanslı siyasət yürüdür. Azərbaycan həm Rusiya, həm də Qərblə münasibətlərdə dövlət maraqlarını üstün tutur. Yəni onlara təslim olmur. Ona görə də Rusiya burada başa düşür ki, onun söykənəcəyi tək qüvvə ermənilərdir. Bax ona görə Rusiya erməniləri bu cür dəstəkləyir və onlara haradasa ümid bəsləyir, inanır. Bir faktı da qeyd etmək lazımdır ki, bu hadisələr Rusiya ilə Türkiyənin də yaxınlaşması fonunda baş verir. Yəni Rusiya Azərbaycana və Türkiyəyə qarşı erməni faktorundan istifadə edirsə və bu arada Türkiyə Rusiya ilə yaxınlaşırsa, Azərbaycanın da münasibətləri Rusiya ilə yaxşıdırsa təbiidir ki, burada ermənilər müvəqqəti də olsa arxa plana keçə bilərlər.

- Müxalif “Addım” Hərəkatının sədri, “məxməri inqilab”ın lideri Nikol Paşinyan bəyan edib ki, “məxməri inqilab” yarımçıq qala bilməz. Onu sonadək başa çatdırmaq lazımdır. Bundan sonrakı mərhələdə Ermənistanı nə gözləyir?

- Ermənistanı ağıllı siyasət aparacaqları təqdirdə çiçəklənmə gözləyir. Bu nə deməkdir. Bu o deməkdir ki, yeni seçilmiş prezident Armen Sarkisyan bu günlərdə açıqlama verdi ki, “biz erməni xalqına sabaha ümid verə bilməmişik”. Yəni erməni xalqı bu illər ərzində istər Robert Koçaryan olsun, istərsə də Serj Sarkisyanın prezidentliyi dönəmində sabaha ümidlərini büsbütün itirib. Armen Sarkisyan deyib ki, biz o ümidləri verə bilməmişik. Bunu anlayırsa o deməkdir ki, bu adam düşünəcək ki, erməni xalqının sabahına ümid yaratsın. Ümid yaradılması üçün nə etmək lazımdır? Ermənistanı blokadadan çıxarmaq lazımdır. O blokadadan çıxmaq üçün isə Azərbaycanla və Türkiyə ilə münasibətləri yoluna qoymaq lazımdır. Bunun da yoluna qoyulmasının tək yolu Azərbaycanın işğal altındakı torpaqlarından çəkilib getməkdir. Bax bu ağılla bu cür hərəkət etsələr, qısa bir müddətdə ermənilər Azərbaycan torpaqlarından çəkilib getsələr çox az bir vaxtda hətta deyərdim 6 ay, 1 il içərisində Ermənistanın çiçəklənməsindən danışa bilərik. Bunlar baş verməyəcəyi təqdirdə ermənilər səfalətə davam edəcəklər. Beləcə Ermənistanın çöküşü qaçılmaz olacaq.

- “Qarabağ klanı”nın hakimiyyətdən getməsi Azərbaycana hansı şans verir?

- “Qarabağ klanı” Azərbaycan və Ermənistan üçün də başağrısıdır. Ümumiyyətlə, Qarabağın işğalı Ermənistanın daşıya bilməyəcəyi bir yükdür. 1990-cı illərin əvvəllərində, xüsusilədə Azərbaycanda hakimiyyətsizlik və yaxud da ki qarmaqarışıqlıq dönəmində onlar vəziyyətdən istifadə etdilər və Azərbaycan torpaqlarını işğal etdilər. Təbiidir ki, o dönəmdə bizim ordumuz yox idi, normal bir dövlət başçımız yox idi. Yəni, Ümummilli Lider Heydər Əliyev hələ 1993-cü ildə hakimiyyətə gələnə qədər bu hadisələr baş verirdi. Həmin dövrdə onlar həvəsli idilər və üstəlikdə Rusiyanın açıq dəstəyi (ordu, silah, əsgəri güc ilə) var idi. Beləcə bütün bunlardan istifadə edib həvəsləndilər və Azərbaycan torpaqlarını işğal etdilər. Amma zaman keçdi və Azərbaycan bir dövlət olaraq çox gücləndi. Ermənistan isə çökdükcə çökdü. Üstəlikdə çiyinlərində Qarabağ kimi çox ağır bir yükü daşıyaraq çökdü. Bax bu gün onlar idrak edirlər ki, artıq Qarabağ onlar üçün çəkilməz bir yükdür və o yükdən imtina etmək lazımdır. Mitinqlərə çıxanların, etiraz edənlərin böyük əksəriyyəti ümumiyyətlə Qarabağ adı çəkmir. Sarkisyanla bağlı fikirlər bundan ibarətdir ki, bu adam əyalət təfəkkürlüdür, dövlət başçısı olmağa layiq deyil. Baxmayaraq ki, 10 il Ermənistanı idarə edib. Təbiidir ki, belə təfəkkürlü adamların ümumiyyətlə hakimiyyətdə olması qorxulu və zərərli bir şeydir. Artıq Ermənistanda ağlı başında olan insanlar düşünməyə və anlamağa başlayıblar ki, Qarabağ sadəcə olaraq Azərbaycanın problemi deyil, Qarabağ həm də Ermənistanın problemidir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə