Ermənistan-Azərbaycan münaqişəsi NATO PA-nın seminarında diqqət mərkəzində olub

NATO Parlament Assambleyasının Batumidə keçirilən 97-ci “Rouz-Rout” seminarı aprelin 25-də işini davam etdirib.

SİA xəbər verir ki, bugünkü sessiyada Cənubi Qafqazda davam edən münaqişələr və onların yaratdığı təhlükələr diqqət mərkəzində olub.

Çıxışlarda Cənubi Qafqazda mövcud olan münaqişələrin Avropa və Asiyanın təhlükəsizliyinə təhdid olduğu vurğulanıb.

Ermənistandan olan QHT nümayəndəsi Benyamin Poqasyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açıb, problemin həlli ilə bağlı kompromis təklif edib.

Azərbaycan nümayəndə heyətinin məsələyə münasibəti çox gecikməyib.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxış edərək əvvəlcə münaqişənin tarixi və başvermə səbəbləri barədə ətraflı məlumat verib. O bildirib ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib. Hazırda işğal altında olan həmin ərazilərdə narkotiklər yetişdirilir, terrorçular hazırlanır. Həmin ərazilərdə hazırlanan terrorçular isə dünyanın bir çox ölkələrində qanlı terror aktları və digər cinayətlər törədirlər. Dünya birliyi bunu unutmamalıdır.

M.İbrahimqızı deyib: “Təəssüf ki, bu gün işğala məruz qalanla işğalçıya fərq qoyulmur. Lakin işğala məruz qalandan kompromis tələb olunur. Bu, mümkünsüzdür, ilk növbədə, işğala son qoyulmalı, işğalçıya qarşı tədbirlər görülməlidir. Bütün beynəlxalq təşkilatlar işğalçıdan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını tələb etməlidir”.

Deputat bildirib ki, Azərbaycan öz torpaqlarını güc yolu ilə azad edə bilər, lakin yenə də problemin həlli üçün sülh yoluna üstünlük verir.

Bəzi çıxışlarda Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş münaqişə adlandırılmasına etiraz edən M.İbrahimqızı 2017-ci ilin Aprel hadisələrini xatırladıb, bu cür hadisələrin təkrarlanmaması üçün Ermənistanı işğalçılıq siyasətindən əl çəkməyə, Azərbaycan torpaqlarını BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında qeyd-şərtsiz tərk etməyə çağırıb.

Milli Məclisin deputatı Kamran Bayramov isə çıxışında bildirib ki, Azərbaycan sülhsevər ölkədir və hər zaman kompromisə hazırdır. Lakin, ilk növbədə, Azərbaycanın işğal altında olan əraziləri azad edilməlidir. Azərbaycan dövləti və xalqı yalnız bundan sonra kompromisə gedə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə