Mərkəz sədri: "Sarkisyan Paşinyanla görüşdə üç dəqiqə duruş gətirə bildi" ŞƏRH

“Serj Sarkisyanın son günlərlərdəki davranışı onun kimliyini xarakterizə etdi”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Mərkəz sədrinin sözlərinə görə, Serj Sarkisyanın davranışı Ermənistanın müstəqillik dövründəki siyasəti və bu siyasətin Qərb tərəfindən qəbul olunması barədə kifayət qədər mühüm mənbə oldu:

I. Serj Sarkisyan Nikol Paşinyanla görüşdə cəmi 3 dəqiqə duruş gətirə bildi. Bu onun özgə fikrə dözümsüzlüyünün bariz nümunəsidir.

II.S.Sarkisyan N.Paşinyanı 2008-ci ilin 1 mart qırğınlarından düzgün nəticə çıxarmamaqla hədələdi. N.Paşinyan1 mart qırğınları zamanı həbs olunanlardan biri idi. Xocalıda azərbaycanlıların soyqırımını törədən Serj Sarkisyan həm də 2008-ci ilin martında erməni xalqını da qırğın edib. Amma S.Sarkisyanın qırğınları 2008-ci ilin 1-i martı ilə bitmədi. S.Sarkisyanın dövründə həm qoşunların təmas xəttində, həm Ermənistan-Azərbaycan sərhədində, həm də Ermənistanın daxili siyasi proseslərində kifayət qədər erməni ölüb. Əgər AŞPA-dakı çıxışı zamanı Xocalı soyqırımını törətməsi ilə öyünən S.Sərkisyana vaxtilə avropalı siyasətçilər “dur” desəydilər bəlkə də ermənilərin əlavə ölümünün qarşısını ala bilərdilər.

III. S.Sarkisyan N.Paşinyanla görüşdən dərhal sonra onu və digər iki müxalifətçi deputatı həbs etdirməklə qan tökməyə hazırlaşdığını göstərdi. Sadəcə qısa müddət ərzində mitinq iştirakçılarının sayı 5000 nəfərdən 100 minə çatması S.Sarkisyanı bu fikrindən daşındırdı.

IV. S.Sarkisyan kifayət qədər hirsli yaydığı müraciətdə özünün həm savadsızlığını, həm də ümumiyyətlə səviyyəsizliyini nümayiş etdirir. Amma eyni zamanda o da bəlli olur ki, S.Sarkisyan yenidən hakimiyyətə qayıtmağa cəhd edəcək. Əgər parlament seçkiləri və s. ilə qanuni yollarla hakimiyyətə qayıda bilməsə də S.Sarkisyan Ermənistanda hökmən qeyri-formal hərbi qruplaşma yaradacaq.

V. S.Sarkisyanın N.Paşinyanla görüşündən sonra baş verən hadisə S.Sarkisyanın daxili aləmini və öz ətrafında yaratdığı auranı çox yaxşı xarakterizə etdi. Ermənistan prezidenti Armen Sarkisyanın köməkçisi Asmik Poqosyan mətbuat üçün ayrıca bəyanat yaydı ki, guya N.Paşinyan prezident Armen Sarkisyanın sözünü baş nazir Serj Sarkisyana olduğu kimi çatdırmayıb. Bəlkə də başqa vaxtda bu fikri müəyyən kinayə ilə qarşılamaq olardı. S.Sarkisyanın fikrincə, A.Sarkisyanın sözünü ona məhz N.Paşinyan çatdırmalıdır. Başqa sözlə, Ermənistan prezidenti yaşda Serj Sarkisyandan böyük, savad, nəsil, kök və Qafqaz ənənələrinə görə S.Sarkisyandan qat-qat irəlidə olan prezident Armen Sarkisyan N.Paşinyanla apardığı danışığın mətninin mahiyyətini S.Sarkisyana çatdıra bilməyib.

Amma daha dramatik orasıdır ki, N.Paşinyan prezident Armen Sarkisyanla etdiyi bütün danışıqları mitinqdə səsləndirdi və bütün erməni mətbuatı da bunu yazdı. N.Paşinyan açıq dedi ki, baş nazir S.Sarkisyanla görüşdə yalnız onun istefa vermə mexanizmini müzakirə edəcək. Belə alınır ki, Serj Sarkisyan hətta mətbuatı da oxumur. Serj Sarkisyanın ətrafındakı köməkçiləri də ölkədə baş verənlər barədə ona məlumat vermir.

S.Sarkisyan öz savadsızlığı və səviyyəsizliyi, ətrafında yaratdığı izolyasiya mühiti ilə özünü bədbəxt elədi. Bu elə də böyük məsələ deyil. S.Sarkisyan elə bədbəxt idi. Müəyyən bir dövr xoşbəxt olmuşdu, yenidən öz layiq olduğu bədbəxtçilik kreslosuna qayıtdı. Amma işdə orasındadır ki, o erməni xalqını da bədbəxt edib.

Ehtimal ki, Ermənistanda bundan sonra vəziyyət o qədər də yumşaq olmayacaq. Siyasi müstəvi kifayət qədər qəlizləşəcək. Çünki N.Paşinyan bütün siyasi məhbusların azad olunmasını tələb edir. Jirayr Sefilyan azadlığa çıxacaqsa bu artıq Ermənistandakı etirazlara həm Qarabağ məsələsini yenidən gətirəcək, həm də zor elementlərini daxil edəcək. N.Paşinyan baş nazirliyə əgər özünü təqdim edəcəksə bu da Ermənistanda əlavə gərginlik mənbəyi olacaqdır.

Ən yaxşısı hal-hazırda Serj Sarkisyanın erməni xalqı ilə səmimi olması, parlamentin son iclasında miqrasiyanın səbəbi ilə bağlı publik deyə bilmədiklərini və Dağlıq Qarabağ tənzimlənməsindəki real vəziyyəti erməni xalqına çatdırmasıdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə