Sarkisyan rejimi və cinayətkar xunta niyə çökdü? TƏHLİL

Aprelin 13-dən Ermənistanda Serj Sərkisyanın baş nazir olmasına qarşı müxalifət lideri Nikol Paşinyanın rəhbərliyi ilə etiraz aksiyalarına başlanılsa da, aprelin 17-də parlament Sarkisyanın baş nazir iddiasını təsdiqlədi. Lakin xalqın etirazından sonra uzun müddət hakimiyyətin müxtəlif postlarında vəzifə tutan Serj Sarkisyan baş nazir postundan istefa vermək məcburiyyətində qaldı.

Maraqlıdır, uzun illərdir Ermənistana rəhbərlik edən, öz postunu göz-bəbəyi kimi qoruyan, hətta bu yaxında özünü baş nazir postuna yerləşdirib bir diktator kimi bütün səlahiyyətləri əlinə alan Serj Sarkisyanın mitinqlərdən sonra istefa verməsi nədən xəbər verir? Ermənistanda nə baş verir və bu gözlənilməz istefanın pərdə arxasında nələr durur? Yəni heç kimin ağlına belə gəlməzdi ki, Sarkisyan kimi hakimiyyət hərisi belə asanlıqla öz postunu təhvil verib, vəzifəsindən imtina edə bilər. O, öz istefasında soyuqqanlıq nümayiş etdirə bilər və bu onun kimi hiyləgər biri üçün çətin deyil, hətta onun tərzinə də çox yaxındır. Amma öz ailəsində yaşanan gərginlik, anasının bu arada səhhətinin pozulması, xəstəxanaya yerləşdirilməsi ondan xəbər verir ki, hadisələrin bu şəkildə cərəyan etməsi heç də onun və yaxın ətrafının ürəyincə deyildi. Daha doğrusu, gözlənilmirdi də. Belə olan halda, bu diktatorun, bu terrorçunun, bu vəzifə hərisinin belə sakit şəkildə istefa verməsinin təbii ki, onun özündən asılı olmayan köklü səbəbləri var.

Serj Sarkisyanın terrorçu olmaqla yanaşı millətçi, ekstremist olması, həmçinin, Ermənistanı çox sivil, mədəni bir dövlət kimi təqdim edib, dünyaya sırımaq ciddi cəhdləri heç kim üçün sirr deyil. Əksər hallarda erməniləri məzlum, yazıq, guya ki, haqları tapdalanmış bir xalq kimi təqdim edən, bundan bəhrələnməyə çalışan, yardımlara göz dikən, siyasi, maddi divident üçün hər sifətə düşən Sarkisyanın bu dəfə də öz istefasından peşəkar bir avantürist kimi istifadə etməyəcəyini kimsə deyə bilməz. Ermənilər, ələxüsus bu terrorçunun yaxın ətrafı hər hadisədən özləri üçün xeyir götürməyə çalışır və Serj Sarkisyanın vəzifəsindən uzaqlaşdırıldığı üçün bundan sonra deyə bilərlər ki, baxın, Ermənistan demokratiyanın az qala zirvəsindədir. Beynəlxalq qurumların, sivil dünya

ölkələrinin düşüncələrində çaşqınlıq yaratmaq üçün, Karapetyanın əvvəl baş nazir olmasını, sonra isə baş nazirin müavini təyin edilməsinı, Sarkisyanın istefasını, Karapetyanın yenidən baş nazir postuna oturması reallığı kimi oyunları və səhnəcikləri görünür ermənilər yetərli arqumentlər hesab edirlər və çalışacaqlar ki, bu hadisələrdən də özləri üçün qazanc götürsünlər.

Ermənilərin məqsədi "demokratiya" görüntüsü yaratmaqdır. Bəli, məhz görüntü yaratmaqla ABŞ-ın "Minilliyin çağırışı" proqramına qatılmaq niyyəti güdürlər. Onsuz da iyanələr, yardımlar hesabına mövcud olan Ermənistan bu son hadisələri də şans hesab edə bilər və yenə də məqsəd bu hadisələrdən istifadə edib pul qopara bilər. Daha dəqiq desək, bu son hadisələrlə, istefa kimi görüntü xarakterli addımları ilə Amerikadan ildə 70-80 milyon dollar müftə pul qoparmaq erməni xislətinin mahiyyətini təşkil edir. ABŞ hökümətinin yardımlarından başqa hələ Avropa ölkələrinə də ümid edən ermənilər üçün gedib Avropada dilənmək heç də ar deyil və onlar buna öyrəncəlidirlər.

Ermənistanda demokratiyadan söhbət belə gedə bilməz və cərayan edən hadisələrın arxasında gizli məqamlar var

Əslində, heç bir demokratiyadan söhbət belə gedə bilməyən, hətta Sarkisyanın diktatura rejimi altında olan Ermənistanda cərayan edən hadisələrın arxasında gizli məqamların olduğu diqqəti cəlb etməyə bilməz. Bəllidir ki, Rusiyanın forpostu olan Ermənistan Qərbin də maraq dairəsindədir. Eyni zamanda, Rusiya ilə Qərb arasında münasibətlər də normal deyil və hər biri, öz növbəsində, Ermənistanda mövqeyini möhkəmləndirmək, idarəetmə rıçaqlarını əlinə almaq niyyətindədir. Rusiya Ermənistanda baş verənlərə guya ki, biganə olduqlarını göstərib, Serj Sarkisyanı dəstəkləmək niyyətində olmadıqlarını da bildirdi. Amma rusların baş nazir postuna namizədi Karen Karapetyandır və onun bu postda oturmasında maraqlıdır. Qərb isə nəzarəti əlində saxlamaq üçün Nikol Paşinyanın bu posta keçməsini istəyir. Demokratiyanı alət kimi istifadə edən Qərbin əlində Paşinyan Ermənistanda nəzarəti ələ keçirmək üçün bir vasitədir. Paşinyanın "xalq kimi istəsə o da baş nazir olacaq" tələbi də təsdiq edir ki, müxalifəti ruhlandıran Qərb bu yolla baş nazir postunda öz adamını oturdub idarəetməni ələ almaq niyyəti güdür. Qısa şəkildə desək, Rusiya-Qərb qarşıdurması fonunda Moskvaya qarşı Cənubi Qafqazdan yeni cəbhə açıldığı göz qabağındadır və Gürcüstandan sonra Ermənistanı da itirmək Kreml üçün heç arzu olunan deyil. Ermənilər isə nə Rusiyadan, nə də Qərbdən əllərini üzmək fikrində deyillər və bu baxımdan, hadisələrin hələ hansı istiqamətdə davam edəcəyini proqnozlaşdırmaq düzgün olmaz.

Nəticəni kiminsə müəyyənləşdirdiyi və rusların bu məqamda üstünlüyü inkar edilə bilməz

Paşinyanla görüşdə, "sən qanuni hakimiyyəti hədələyirsən" deyərək, salonu tərk edən Sarkisyan, niyə bir gün sonra, "Paşinyan haqlı idi, mən səhv etdim" deyərək istefa verdi? Paşinyanın həbs olunması da Sarkisyanın geri çəkilməyəcəyini göstərirdi və birdən nə dəyişdi ki, o geri çəkiləsi də oldu, istefa verəsi də? Nəticəni kiminsə müəyyənləşdirdiyi qənaətinə gəlməkdə hər kəs haqlıdır və rusların bu məqamda üstünlüyü inkar edilə bilməz. Göründüyü kimi, hər şey bir neçə hərbi hissənin hərbiçilərinin küçələrə çıxaraq, kütləyə dəstək verməsi ilə dəyişdi və Ermənistan ordusunda rusların təsirinin güclü olduğunu nəzərə alsaq, görərik ki, Kremlin onu dəstəkləyəcəyinə əmin olmayan Sarkisyan fakt qarşısında qaldı. Sarkisyan hiyləgərcəsinə çox gözəl anladı ki, hərbiçilərin küçələrə çıxarılması Moskvanın nəzarətdən çıxan vəziyyəti öz xeyrinə dəyişmək gedişi idi.

Rusiya kütlənin qəzəbinin yatırılması, Karapetyanı posta gətirərək Ermənistanda nəzarətin əldə saxlanması üçün Sarkisyanı qurban verdi. Lakin nəzərə alsaq ki, Paşinyanın Sarkisyan qarşısında irəli sürdüyü, istefa, xalqın namizədi baş nazir seçilir, müvəqqəti hökumət yaradılır, növbədənkənar parlament seçkiləri keçirilir kimi dörd şərtdən, tələbdən yalnız biri, istefa qəbul edilib, bu baxımdan Ermənistanda çaxnaşmaların bitdiyini söyləmək olmaz. Xalqın namizədi baş nazir seçilməlidir tələbi ilə Paşinyanın baş nazir seçiləcəyinə, yəni Qərbin adamının ölkəyə rəhbərlik edəcəyinə və rusların namizədinin - Karapetyanın oyundan kənarda qalmasına Rusiya heç razılaşacaq görünmür. Digər tərəfdən Qərb özü də bu prosesdən qazanc umur. Paşinyanın prosesi dəqiqliklə idarə etməsi planın əvvəldən hazırlandığını aydın şəkildə göstərirdi və etiraz aksiyasını Qərbin başladığına zərrə qədər şübhə yeri qoymur. Bu baxımdan, ruslara qarşı geosiyasi oyunda Qərbin Ermənistandan nəsə qopartmadan əl çəkəcəyi də inandırıcı deyil. Karapetyanın Sarkisyanı əvəzləməsi faktiki olaraq, Rusiyanın nəzarəti əldən vermədiyi, hətta bir az da gücləndiyi deməkdirsə, maraqlıdır, bu zaman Qərbə nə çatacaq və nə qopara bilər? Ola bilsin ki, Paşinyanın timsalında güclü alternativ yaratmaq niyyəti güdür və hətta onun hökumətdə təmsil olunması da Qərb üçün sərfəlidir. Yəni, eynilə Gürcüstanda, prezident Qərbin, Baş nazir Rusiyanın olduğu kimi bir variantla razılaşma düşünülə də bilər. Lakin, Rusiya-Qərb münasibətləri hansısa razılaşmanın əldə oluna biləcəyinə ümidləri puça endirir və əminliklə demək olar ki, Ermənistanda başlayan bu etiraz aksiyaları hələ başlanğıc ola bilər. Daha dəqiq desək öyunbazlıqda, müxtəlif hiyləgərlikdə ad qazanan, tayı bərabəri olmayan Ermənistan özü hələ uzun müddət böyük oyunların meydançasına çevriləcək.

Bu gün səfalət içində olan Ermənistan Sarkisyanın əsəridir

Ermənilər də artıq çoxdan başa düşürdülər ki, Sarkisyan Qarabağ kartından istifadə edərək erməni xalqını istismar edir. Başa düşürdülər ki, bu günkü səfalət içində olan Ermənistan Sarkisyanın əsəridir və ölkədə hökm sürən aclığın, acınacaqlı vəziyyətin səbəbkarı bilavasitə onun özüdür. Ermənilər yaxşı bilirlər ki, bu terrorçu 20 ildən çoxdur Dağlıq Qarabağı öz oyunları üçün istifadə edir və bu oyunların bir tərəfdən də qurbanı elə ermənilərin özü olub. Sarkisyan öz terrorçuluq siyasəti ilə təmsil etdiyi xalqı girov saxlayıb, Ermənistanın marginallaşmasına səbəb olub. Məhz buna görə erməni xalqının özü də cinayətkar xuntaya öz yerini göstərmək məcburiyyətində qaldı. Sarkisyan kimi terrorçunun başçılıq etdiyi cinayətkar rejimdən bezən, onun hakimiyyətinin acı nəticələrini dadan xalq hər nə olursa olsun Serj Sarkisyanın baş nazir postundan uzaqlaşmasını tələb etməkdə əlbəttə ki, haqlı idi. Belə cinayətkardan, terrorçudan rəhbər ola da bilməzdi və hadisələr sübut etdi ki, erməni xalqı ölkəni öz biznesinə çevirən mafioz klandan canını qurtarmaqda israrlıdır. Artıq 10 ildir Ermənistanda hakimiyyəti zəbt etmiş Serj Sarkisyan epoxası başa çatdı.

Etirazlar öz nəticəsini verdi və Sarkisyan xalqın istefa tələbini qəbul etməyə məcbur qaldı. Sarkisyanın yeritdiyi işğalçılıq siyasəti nəticəsində dilənçi kökünə düşən, sürünə-sürünə yaşamaq məcburiyyətində qalan, eyni zamanda, özlərinin dediyi kimi, "bu lənətə gəlmiş ölkəni tərk etmək"dən başqa çarələri qalmayan xalq ondan imtina etdi. Sarkisyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yeritdiyi qeyri-konstruktiv mövqe bu gün Ermənistanın bu ağır vəziyyətini şərtləndirən amillər sırasında mühüm mövqeyə malik olduğunu dərk edən erməni xalqının ondan imtina etməkdən başqa çarəsi qalmamışdı.

İndi Sarkisyanı əvəz edəcək şəxsin praqmatik siyasətçi olmasına erməni xalqının çox böyük ehtiyacı var

Regionda reallaşdırılan bütün beynəlxalq layihələrdə iştirak etməkdən məhrum olan Ermənistan artıq itirdiklərinin fərqindədir və marginallaşmasının səbəbini çox yaxşı bilir. Ermənilər bütün bunların səbəbinin, yəni regionda küncə qısılmış və iyanələrə, yardımlara möhtac qalmış bir vəziyyətə düşmələrinin əsas səbəbinin məhz Sarkisyan rejiminin yürütdüyü işğalçılıq siyasəti, terrorçuluq olduğunu da gözəl başa düşürlər. Dağlıq Qarabağın işğal edilməsi faktını da, Xocalıda törədilən dəhşətli insanlıq dramının insanlıq normalarına sığmadığını da, bu çirkin əməllərin törədicisinin Serj Sarkisyan olduğunu da bilirlər. Hətta bunu da bilirlər ki, Xocalı kimi bir dəhşətli insanlıq dramının torədicisinin, yəni Sarkisyanın əslində bu cinayətlərə görə mühakimə olunması da labüddür və onun boyun qaçırması mümkünsüzdür. Heç bir analoqu, oxşarı olmayan bu soyqırımda iştirak edən, hətta rəhbərlik edən bir terrorçu beynəlxalq məhkəmə qarşısında cavab verməlidir. Sözsüz ki, hazırda baş verən hadisələr, onun öz postundan uzaqlaşdırılması göstərir ki, heç də erməni xalqı bu terrorçunun arxasında deyil və bu mənada tam əminlikə demək olar ki, tezliklə Sarkisyan müttəhimlər kürsüsündə oturmalı olacaq və törətdiyi qətliamlara, vandallığa görə cavab verəcək.

İndi Sarkisyanı əvəz edəcək şəxsin praqmatik siyasətçi olmasına erməni xalqının çox böyük ehtiyacı var. Elə bir adam Ermənistanda hakimiyyətə gətirilməlidir ki, o, ölkənin düşdüyü çıxılmaz vəziyyətin yeganə səbəbinin onun işğalçılıq siyasəti olduğunu dərk etsin və məhz bu siyasət nəticəsində bumeranq effekti ilə üz-üzə qaldığının, labirintə düşdüyünün, dalana dirəndiyinin fərqində olsun. Ermənistanın yeni baş naziri fərqli bir siyasət həyata keçirməlidir, çünki Sarkisyan siyasətinin davamı mövcud çıxılmaz vəziyyətin davamı deməkdir. Ermənistanda elə bir rəhbər təyin edilməlidir ki, o, Azərbaycanla danışıqlara gəlib praqmatik bir mövqe ortaya qoysun və ermənilər bilməlidirlər ki, ölkənin gələcəyi yalnız və yalnız bu münaqişənin ədalətli həllindən, Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılmasından keçir.

İnam İMRANOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə