Politoloq: “Ermənistanda maraqlı hadisələr hələ irəlidədir” MÖVQE

“ABŞ Dövlət Departamentindən Ermənistandakı hadisələrlə bağlı maraqlı açıqlama yayınlanıb. Departamentin rəsmisi Hezer Hauert Ermənistanda tərəfləri konstuktiv dialoqa çağırıb. Amerikalı rəsminin sonrakı cümləsi diqqəti cəlb edir: “Ermənistanda sülh yolu ilə hakimiyyətin ötürülməsi Ermənistan Konstitusiyasına əsaslanmalıdır və biz Ermənistanın yeni hökuməti ilə dialoqa açığıq”. Bu cümlənin qayəsi sonuncu hissədədir”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Vaşinqton Ermənistanda hələ yeni hökumət qurulmadan köhnə-yeni hökuməti aşırmağa çalışan yeni qüvvələrin legitimliyini dəstəkləyib: “Halbuki, Nikol Paşinyanın hələ heç bir vəzifəsi yoxdur və o Sərkisyanın ardınca onun yerində oturan Karen Karapetyanı da istefaya məcbur etmək istəyir. Vaşinqton bəyanatı ilə Paşinyana ilk dəstəyini vermiş oldu”.

E.Şahinoğlu əlavə edib ki, Ermənistanda maraqlı hadisələr hələ irəlidədir: “Nikol Paşinyan Serj Sərkisyanı istefaya məcbur etdi. Ancaq bu hələ birinci mərhələnin sonudur. Paşinyan hakim Respublika Partiyasını və onun nümayəndəsi Karen Karapetyanı da tarixin arxivinə göndərmək istəyir. Bu isə asan deyil. Çünki Karen Karapetyan və illərdir hakimiyyətdə möhkəmlənən və bundan siyasi və iqtisadi dividentlər əldə edən böyük qruplaşma asanlıqla təslim olmaq istəmir. Karapetyan Paşinyanın ultimatumunu qəbul etmir. Bu isə o deməkdir ki, Ermənistanda məxməri inqilab davam edəcək. Paşinyan da bunda israrlıdır. Bizi işğalçı dövlətdə növbəti gərgin mərhələləri seyr etməliyik”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə