Mais Səfərli: "Milli Şura" və ora daxil olan siyasi partiyalar artıq cəmiyyətin dəstəyindən məhrum olublar "

Müsahibimiz "Yurddaş" partiyasının sədri Mais Səfərlidir

- Mais bəy, məlumatlara görə, "Milli Şura" təmsilçiləri ölkədə qarışıqlıq salmaq üçün pozucu planlar hazırlayırlar. Sizcə, nədən onlar sivil mübarizədən imtina edib, məkirli planlara meyl göstərirlər?

- "Milli Şura" və ora daxil olan siyasi partiyalar artıq cəmiyyətin dəstəyindən məhrum olublar. Həmin partiyalarında göstərə biləcəyi bir fəaliyyət yoxdur. Yəni bu günə qədər müxalifət partiyaları normal bir fəaliyyət göstərə bilməyiblər. Bunun da səbəbi müxalifət partiya sədrlərinin başqalarının ağlı və göstərişi ilə hərəkət etmələridir. Demək olar ki, "Milli Şura"ya daxil olan partiya liderlərinin ətrafında 5-10 nəfər özlərinə yaxın adamlarından başqa heç kəs yoxdur. Ona görə də, müxalifət bu cür mini aksiyalar keçirməklə bir müddət də olsa, gündəmdə qalaraq Qərbdə olan bəzi dairələrin diqqətini özlərinə cəlb etməyə çalışırlar. Bu gün müxalifətin özü də çox yaxşı bilir ki, anormal qərarları və addımları ilə yalnız özlərini aldadırlar. Çünki onların xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur.

- ABŞ Dövlət Departamenti və ATƏT Azərbaycana qarşı qərəz nümayiş etdirdi. Müxalifətin də eyni mövqe sərgiləməsi antimilli qüvvələrin Azərbaycana qarşı eyni xətti icra etdiklərini demək olarmı?

- Ümumiyyətlə, ATƏT və ABŞ Dövlət Departamenti ənənəvi amplualarından çıxış edərək, Azərbaycana qarşı çox qərəzli mövqe nümayiş edirdilər. Xüsusilə də, Azərbaycanda keçirilmiş sonuncu prezident seçkiləri ilə bağlı. Bildiyiniz kimi, ATƏT-dən başqa da bu seçkiləri müşahidə edən, seçkiləri izləyən çoxlu sayda beynəlxalq təşkilatlar və ayrı-ayrı dövlətlərdən olan nümayəndələr var idi. Onların hamısının bir mənalı olaraq, rəyi bundan ibarət oldu ki, Azərbaycanda keçirilmiş prezident seçkiləri azad, ədalətli, demokratik və şəffaf şəkildə keçirilib və xalqın iradəsini əks etdirib. Amma ATƏT-in müşahidəçiləri bunun əksini qeyd etdilər və bu da onu göstərdi ki, bu qərəzli bir mövqedir. Yəni bu qədər təşkilatın, müşahidəçilərin qarşısında ATƏT-in belə mövqe nümayiş etdirməsi müəyyən şübhələr doğurur. Şübhələr isə ondan ibarətdir ki, ATƏT artıq bu və ya digər böyük dövlətlərin əlində bir siyasi alətə çevrilib. Əslində, ATƏT-in əsas missiyası nədir? Avropada sülhü və əməkdaşlığı təmin etməkdən ibarətdir. Amma bu gün məlum olduğu kimi, elə ən çox münaqişələr, sülhün pozulduğu məkan hansıdır? ATƏT-in əhatə etdiyi ərazilər. Nəyə görə ATƏT bu münaqişələrin öhdəsindən gəlmir, həllinə çalışmır? Çünki ATƏT artıq öz missiyasını yerinə yetirmir. Yəni öz missiyasından kənar işlərə baş vurur. Seçki məsələlərində isə onlar dövlətlərin daxili işlərinə qarışmaq yolu tuturlar.

- Bu qurumun ölkəmizə qarşı qərəzinin səbəbi nədir?

- Hesab edirəm ki, ikili standartlardan çıxış etdiyi üçün ATƏT bu vəziyyətdə fəaliyyət göstərə bilməz. Yəni o yenilənməlidir. Bir sözlə, ATƏT öz öhdəsinə düşən və qarşısında duran məsələləri həll etməlidir. Əgər ATƏT istəsəydi Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün artıq çoxdan müəyyən formalar tapardı. ATƏT Ermənistana təzyiq etmək üçün başqa yollar seçə və başqa vasitələrə əl ata bilərdi. Amma bunları etmir. Deməli, burdan görmək olur ki, ATƏT bu və ya digər siyasi dairələrin əlində oyuncağa çevrilib. ATƏT-in qərəzli mövqeyindən sonra cəbhədə atəşkəsin pozulması və "Milli Şura" deyilən qondarma qurumun mitinq taktikasını seçməsi Qərbdəki bəzi dairələrin Azərbaycana qarşı qərəzli yanaşmasının göstəricisidir.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...