Rövşən Rzayev komitənin kollektivinə təqdim olunub

Bu gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyev yeni təyin olunmuş komitə sədri Rövşən Rzayevi Komitənin kollektivinə təqdim edib və ona işlərində uğurlar arzulayıb.

SİA-nın verdiyi məlumata görə, yeni komitə sədrini təqdim edən Ramiz Mehdiyev Rövşən Rzayevin keçdiyi həyat yolu və iş təcrübəsi barədə geniş məlumat verib.

Ramiz Mehdiyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkə əhalisinin ən həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün çox böyük işlərin görüldüyünü diqqətə çatdırıb və bu istiqamətdə işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Ramiz Mehdiyev ölkə Prezidenti tərəfindən qarşıya qoyulan vəzifələrə nail olmaq üçün komitənin kollektivinə müvafiq məsləhət və tövsiyələrini verib.

Yeni təyin olunmuş komitə sədri Rövşən Rzayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ona göstərdiyi yüksək etimada görə minnətdarlığını bildirib və qaçqın və məcburi köçkünlərlə bağlı qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyini qeyd edib.

Qeyd edək ki, Rövşən Şükür oğlu Rzayev Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamı ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...