Məhəmmədəli Al-Haşim: İran Azərbaycan ilə əlaqələrin inkişafına xüsusi önəm verir

Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov bu ölkənin Ali Rəhbərinin Şərqi Azərbaycan Vilayətindəki nümayəndəsi, Təbrizin imam cüməsi Məhəmmədəli Al-Haşim ilə görüşüb.

SİA xəbər verir ki, səfir son illər Azərbaycan-İran münasibətlərinin inkişaf etdiyini və bunun hər iki ölkənin prezidentləri tərəfindən aparılan siyasətin nəticəsi olduğunu bildirib. Ölkələrimiz arasındakı münasibətlərin xalqlarımızın mənafeyinə uyğun olduğunu qeyd edib. Əlaqələrin inkişafına Şərqi Azərbaycan Vilayətinin də öz töhfəsini verdiyini vurğulayıb.

Prezident Həsən Ruhaninin və xarici işlər naziri Məhəmməd Cavad Zərifin cari ilin mart ayında Azərbaycana səfərlərinə toxunan səfir B.Hüseynov qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafına zəmin yaratdığını bildirib. H.Ruhaninin səfərinin məhsuldar keçdiyini, səfər çərçivəsində iki ölkə arasında bir sıra mühüm sənədlərin imzalandığını qeyd edib. Ölkələrimiz arasında iqtisadi münasibətlərin yüksək inkişafından, o cümlədən ticarət dövriyyəsi, birgə avtomobil və dərman istehsalı, nəqliyyat xətlərinin əlaqələndirilməsindən söhbət açıb. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin hər iki ölkə üçün önəmini vurğulayıb. Qeyd edib ki, Azərbaycan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin həyata keçirilməsi üçün öz töhfəsini verəcək.

Diplomat bildirib ki, Azərbaycan Prezidentinin imzaladığı sərəncamlara əsasən ölkəmizdə turizm sənayesinin inkişaf etdirilməsi üçün viza rüsumu azaldılıb, “ASAN viza” sistemi yaradılıb. Hazırda İran vətəndaşları Azərbaycanın İrandakı diplomatik nümayəndəliklərinə müraciət etmədən də elektron viza ala bilərlər. Həmçinin bu il martın 15-dən başlayaraq İran vətəndaşlarına Azərbaycanın beynəlxalq hava limanlarında viza rəsmiləşdirilir. Azərbaycan əhalisinin böyük əksəriyyətinin müsəlman olduğunu qeyd edən B.Hüseynov, həmçinin ölkəmizdə digər dinlərin də nümayəndələrinin yaşadığını diqqətə çatdırıb. Dövlət tərəfindən hər kəs üçün dini etiqad azadlığının təmin olunduğunu bildirib. Ölkəmizdəki dini tolerantlıq haqqında həmsöhbətinə məlumat verib. Azərbaycan Respublikasında dini, mədəni və tarixi abidələrə göstərilən dövlət qayğısından danışıb. Səfir M.Al-Haşimini Azərbaycana, o cümlədən Naxçıvan Muxtar Respublikasına səfərə dəvət edib.

M.Al-Haşim Azərbaycana dəvət üçün təşəkkürünü ifadə edərək Bakıya, eləcə də Naxçıvan Muxtar Respublikasına səfər etməyi düşündüyünü, gələcəkdə münasib vaxtda bu ziyarətin baş tuta biləcəyini vurğulayıb.

Prezident H.Ruhaninin ölkəmizə səfərinə toxunan M.Al-Haşim İranın Azərbaycan ilə əlaqələrinin inkişafına xüsusi önəm verdiyini söyləyib. Qeyd olunub ki, iki ölkə arasında həyata keçirilən qarşılıqlı səfərlər mövcud dostluq münasibətlərinin, əməkdaşlığın daha da möhkəmlənməsinə mühüm töhfədir. Münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərin artırılması zəruridir.

M.Al-Haşim Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə işarə edərək, İranın münaqişələrin sülh və danışıqlar yolu ilə aradan qaldırılmasına tərəfdar olduğunu vurğulayıb.

Azərbaycanın Təbrizdəki baş konsulu Əliyənnağı Hüseynovun da iştirak etdiyi görüşdə ölkələrimiz arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə