“Heç bir şərəfsiz erməni öz xalqına bunun kimi zülm eləməz” Ekspert rəyləri

Ermənistanın baş naziri Serj Sarkisyan vəzifəsindən istefa verdi. Serj Sarkisyan Ermənistan xalqına müraciətində bildirdi: "Nikol Paşinyan haqlı idi. Mən səhv etdim. Yaranmış vəziyyətdə bir neçə həll yolu var idi, lakin mən heç birinə getməyəcəyəm. Küçə hərəkatı mənim baş nazir vəzifəsində çalışmağıma qarşı idi. Mən sizin tələblərinizi yerinə yetirirəm".

Məsələ ilə bağlı hərbi ekspertlər SİA-ya açıqlama veriblər.

Hərbi-siyasi icmalçı Ramil Məmmədli bildirib ki, artıq Ermənistan ABŞ-Rusiya soyuq müharibəsinin döyüş meydanına çevrildi və tərəflər öz addımları ilə bunu açıq şəkildə bəyan etdilər: “Proseslərin hansı istiqamət alacağını baş verən hadisələr göstərəcək. Serj Sarkisyanın bütün planları alt-üst oldu. Özü arxivə göndərildi. Nikol Paşinyan indi davam edən mitinqdə elan etdi ki, Baş nazir ümumxalq səsverməsi ilə seçiləcək. Buna qədər isə müvəqqəti hökumət qurulacaq. Serj Sarkisyanın xalqın təzyiqlərinə dözməyərək istefaya getməsi Ermənistan üçün yeni dövrün başlanğıcı olacaq. Bunun Qarabağ münaqişəsinə də müsbət təsir edəcəyinə ümidlər az deyil”.

“Azeri Defence” jurnalının baş redaktoru Rəşad Süleymanov isə deyib ki, o Ermənistanda Azərbaycana Serj Sərkisyan qədər sərf edə biləcək və bizim əlimizə oynayan ikinci şəxsin olacağını düşünmür: “Heç bir şərəfsiz erməni öz xalqına bunun kimi zülm eləməz, ölkədən vətəndaşları didərgin salmaz. Ermənistanın nizama düşüb, demokratik olması, iqtisadi və sosial cəhətdən inkişaf etməsi birmənalı şəkildə zərərimizədir. Sərkisyanın hakimiyyəti dövründə 400 mindən artıq iş qabiliyyətli erməni Ermənistanı tərk edib. Bizə düşmənin başında normal düşüncəli deyil, ölkəsini girdaba aparan, ağılsız siyasəti ilə vətəndaş qarşıdurmalarına yol açan şəxslər lazımdır ".

Qeyd edək ki, aprelin 13-dən Yerevanda sabiq prezident S.Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə