Millət vəkili: "Ermənistanda kriminal hakimiyyət şirnikləndirilib" MÖVQE

"Avropa Şurası və onun struktur təşkilatlarının məqsədi üzv ölkələrdə demokratiyanın inkişafı, fundamental insan hüquq və azadlıqlarının mühafizəsi və dəstəklənməsi, beynəlxalq hüquqi standartların qəbulu və tətbiqini təşviq etmək, ona dəstək verməkdir. Üzv ölkələr isə təşkilatın sıralarına daxil olarkən bu məsələlərlə bağlı öhdəliklər götürür, ölkədə idarəetməni, qanunvericilik bazasını Avropa standartlarına uyğunlaşdırmaq, öhdəliklərini icra etmək üçün praktik addımlar atır və atmalıdır. Çox təəssüf ki, Avropa Şurasına üzv ölkə olan Ermənistan ötən 17 ildə təşkilata daxil olarkən üzərinə götürdüyü heç bir öhdəliyə əməl etməyib, əksinə bütün çağırışları qulaqardına vurub". Bunu SİA-ya Milli Məclisin deputatı, ölkəmizin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin üzvü Sahibə Qafarova deyib.

Onun sözlərinə görə, Ermənistan bu gün AŞ-ın üzvü olan başqa bir dövlətin ərazilərini işğal edən, 25 ildir işğalçılıq siyasətini davam etdirən yeganə üzv dövlətdir: "Eyni zamanda, Ermənistan mülki əhalini kütləvi şəkildə qətlə yetirib, azərbaycanlılara qarşı terror və soyqırımı həyata keçirib, ekologiyanı, mədəni abidəlıri terrora məruz qoyub: "Bunlar Ermənistan dövlətinin işğalçı mahiyyətindən irəli gəlir. Şübhə yoxdur ki, Ermənistan dövlətinin və ölkənin avtoritar hakimiyyətinin qanunsuz fəaliyyətinə həm də beynəlxalq ictimaiyyətin ikili standartları rəvac verib. Belə ki, Ermənistanın işğalçılıq siyasətinə, bu ölkədə demokratik dəyərlərin, insan hüquqlarının pozulmasına, hakimiyyətdəki hərbi xuntanın təmsilçilərinin törətdikləri cinayətlərə göz yumulması, bəzi beynəlxalq dairələrin loyal münasibəti, Ermənistana qarşı lazımi sanksiyaların, cəzaların tətbiq olunmaması, səhra komandiri Serj Sarkisyanın özünü sanki cəzasızlıq mühitində hiss etməsi bu kriminal hakimiyyəti şirnikləndirib".

Sahibə Qafarova vurğulayıb ki, vaxtilə Ermənistan palamentinin gülləbaran edilməsi, siyasətçilərin qətli, qanlı mart hadisələri, bu gün isə kütləvi etirazlarda Ermənistan polisinin insanlara qarşı qeyri-insani davranışları, yüzlərlə nümayişçinin həbsi, onlara qarşı güc tətbiqi də bir daha Sarkisyanın kriminal rejiminin, işğalçı ölkədə idarəetmə institutlarının antidemokratik, despot mahiyyətini ortaya qoyur.

"Bildiyiniz kimi, son günlər Serj Sarkisyanın baş nazir təyin olunmasından sonra Ermənistanda geniş miqyaslı etiraz dalğası və qarşıdurmalar başlamışdı. Ola bilər, bu, kimlər üçünsə gözlənilməzdir, amma hesab edirik ki, baş verənlər tam qanunauyğun idi. Çünki Serj Sarkisyan iqtidarı ölkədə dözülməz vəziyyət yaradıb. Ölkənin iqtisadiyyatı tamamilə çöküb, siyasi azadlıqlar məhdudlaşdırılıb, vətəndaş cəmiyyəti institutlarına, kütləvi informasiya vasitələrinə qarşı hakimiyyətin təzyiqləri artıb. Azərbaycana qarşı işğalçılıq siyasəti ucbatından bütün regional inteqrasiya proseslərindən kənarda qalan Ermənistanın gələcəyi ilə bağlı hər hansı nikbin proqnozlar vermək mümkün deyil", - deyən millət vəkili Sahibə Qafarova əlavə edib ki, bu gün Ermənistandakı daxili vəziyyəti ifadə edən faktlar ölkə vətəndaşlarının xaricə kütləvi axını, ölkəni birdəfəlik tərk etmələri, aclıq, səfalət, orduda özbaşınalıqların getdikcə artması ilə bağlıdır.

S.Qafarovanın sözlərinə görə, işğalçı ölkədə bu acınacaqlı durumun yaranmasının başlıca günahkarı isə şübhəsiz ki, Dağlıq Qarabağda azərbaycanlılara qarşı həyata keçirilən soyqırımının, terrorizm siyasətinin iştirakçılarından olan Serj Sarkisyan və onun cinayətkar komandasıdır.

"Belə olduğu halda, Serj Sarkisyanın yenidən öz hakimiyyətinin ömrünü uzatmaq üçün saxtakarlıqlara əl atması, xalqının iradəsini tanımaması erməni xalqının səbrini daşırdı və nəticədə Ermənistanda bu günlərdə şahidi olduğumuz olaylar baş verdi. Tam məsuliyyətimizlə deyə bilərik ki, işağlçı Ermənistan dövləti və onun terrorçu, soyqırımında iştirak etmiş, avtoritar hakimiyyəti qabaqcıl Avropa ailəsi üçün qara ləkədir", - deyə Sahibə Qafarova qeyd edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə