"Erməni xalqı onu fəlakətə sürükləyən terrorçudan canını qurtardı"

Erməni xalqı onu fəlakətə sürükləyən terrorçudan canını qurtardı. Bundan əvvəl prezident, sonradan isə baş nazir olmuş və xalqın kütləvi etirazları qarşısında məcbur qalıb istefa vermiş Serj Sarkisyan erməni xalqına fəlakətlər gətirmiş bir şəxsdir. Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Musa Qasımlı bildirib ki, neçə illərdir erməni xalqı “Qarabağ planı” deyilən bir xuntanın ölkəni idarə etməsindən əziyyət çəkir. Bu şəxs uşaq qatili idi və prezidentliyi müddətində erməni xalqına yaxşı heç bir şey vermədi. Ermənistan boşaldı, aclığa düçar oldu və bu, Ermənistanı dalana dirədi. Ona görə də xalq ayağa qalxaraq bu şəxsi qovdu. Nə üçün qovdu? Xalq aydın şəkildə gördü ki, Serj Sarkisyan prezident olduğu müddətdə erməni xalqına heç bir şey verməyib, təbii ki, baş nazir olaraq da heç bir şey verməyəcək. Ermənistanda normal bir hakimiyyət qurulmayınca, Azərbaycan ərazilərinin işğalına son qoyulmayınca vəziyyət heç zaman düzəlməyəcək. Çünki Ermənistanın xilası Azərbaycanla əməkdaşlıqdan keçir. Azərbaycanla əməkdaşlıq etmək üçün Ermənistan mütləq işğal etdiyi Dağlıq Qarabağ regionunu və ətraf rayonları geri qaytarmalıdır. Başqa hər hansı bir variantda Azərbaycan heç zaman Ermənistanla barışa bilməz və barışmadığı müddətdə də Ermənistan bütün layihələrdən kənarda qalacaq, təcrid vəziyyəti davam edəcək. Onun da bütün yükünü erməni xalqı çəkəcək. Erməni xalqı rəhbərlərinə deməlidir ki, biz nə üçün başqasının torpağını işğal altında saxlayırıq.

Musa Qasımlı qeyd edib ki, Serj Sarkisyanın hakimiyyətdən getməsi onun Xocalıda törətdiyi soyqırımına görə cinayət məsuliyyətinə cəlb olunmaq imkanlarını artırır. Beynəlxalq axtarışa verilərsə, onun Ermənistandan kənara çıxışı mümkün olmayacaq, onun qara günləri başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə