Prezidentdən növbəti sosial sərəncam TƏHLİL

Dövlətimizin başçısı İlham Əliyevin imzaladığı Fərmanla 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11 000 manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub

Son illərdə hərbi sahəyə ayrılan xərclərin əhəmiyyətli dərəcədə artırılması ölkənin müdafiə potensialının gücləndirilməsi ilə yanaşı, Silahlı Qüvvələrdə xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsinə, mənzil-məişət problemlərinin həll olunmasına, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsinə şərait yaradıb. Bu sahədə dövlət siyasətinin mühüm istiqamətlərindən biri də hərbi qulluqçulara dövlət icbari sığortasının tətbiqidir. 1997-ci il avqustun 2-də "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması ilə əlaqədar sığorta ödənişlərinin verilməsinə dair normativ-hüquqi baza formalaşdırılıb, belə ödənişlərlə bağlı maliyyə təminatı məsələsi həll edilib və Qanuna uyğun olaraq sığorta ödənişlərinin verilməsinə başlanılıb.

Bununla belə, həmin Qanunun tətbiqindən əvvəl ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması da dövlətin qarşısında duran əsas məqsədlərdəndir. Bu məqsədlə Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalaması onlara ölkə başçısının timsalında göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Bu Fərmanla 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11 000 manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Nəticədə ölkəmizin hərbi qüdrətinin artırılması, o cümlədən Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin gücləndirilməsi və mənəvi-psixoloji vəziyyətinin daha da yüksəldilməsi dövlətimizin qarşısında duran ən vacib vəzifələrdən olduğu bir daha nümayiş etdirilir.

Prezident İlham Əliyevin andiçmədən sonra imzaladığı ilk Fərmanının minlərlə şəhidimizin ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılmasına həsr olunması ilk növbədə dövlətimizin başçısının növbəti 7 ildəki fəaliyyətinin konturlarını müəyyən edir. Bu, birinci növbədə ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün təmin edilməsi və qorunub saxlanmasında iştirak edən hərbiçilərimizin sosial müdafiəsinin qarantıdırsa, digər tərəfdən, həyata keçirilən sosial siyasətin növbəti 7 ildə də davam edəcəyini göstərir.

Ötən il Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Sədrliyi ilə bu ali dövlət vəzifəsində keçirdiyi ilk müşavirənin qaçqınların və məcburi köçkünlərin probleminin həllinə həsr olunması da ölkəmizdə reallaşdırılan dövlət siyasətinin başlıca prioritetlərindən birininin məhz sosial siyasətin təşkil etdiyini sübut edir. Təbii ki, Azərbaycanın iqtisadi imkanları artdıqca, birinci addım kimi sosial istiqamətdə atılır. Bu addım bir daha onu göstərir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Prezident İlham Əliyevin andiçmə məraisimindəki nitqində bu məsələyə bir daha toxunması, sosial siyasətin daim diqqət mərkəzində olduğunu bəyan etməsi sadalananların bariz nümunəsidir: "Dəfələrlə bu məsələ ilə bağlı fikrimi bildirmişəm, bir daha demək istəyirəm ki, gələcək fəaliyyətimdə də Azərbaycan vətəndaşının maraqları, onun rifahı daim diqqət mərkəzində olacaqdır".

"Səs" Analitik Qrupu

Bütün xəbərlər Facebook səhifəmizdə