YAP Pirallahı rayon təşkilatı idman turniri keçirib

Aprelin 22-də Pirallahı rayonunda Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının və koşiki-karate federasiyasının birgə təşkilatçılığı ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş yarış turniri keçirilib. Turnirə respublika idman cəmiyyətlərindən 70-dək idmançı qatılıb.

Yarışdan öncə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Yarışın açılışında çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri, rayon icra hakimiyyətinin şöbə müdiri Hikmət Şikarov Azərbaycanda öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi ilə xalqımızın müstəqillik arzusunun gerçəkləşdirilməsini və möhkəm bünövrə üzərində yenidən qurulmasını təmin edən və bütün həyatını xalqına həsr edən ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolu, idmanımızın inkişafına göstərdiyi diqqət və qayğısından, uzaqgörənliklə həyata keçirdiyi idman siyasətindən, insan həyatının ayrılmaz tərkib hissəsi olan sağlamlıq və gümrahlıq məşğələlərinə verdiyi böyük əhəmiyyətdən, müdrik rəhbərliyindən və qətiyyətli fəaliyyətindən danışıb.

Eyni zamanda, Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısından bəhs edən Hikmət Şikarov idmançılarımızın Olimpiya, Avropa və dünya çempionatlarındakı parlaq qələbələr qazandıqlarını vurğulayıb. O, ölkəmizdə idmana göstərilən qayığının əsasının hələ Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladıb. “Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizdə idmanın kütləviliyinin artırılmasına, uşaq, yeniyetmə və gənclərin fiziki sağlamlıqlarının möhkəmləndirilməsinə xüsusi diqqət yetirir”-deyə qeyd edən partiyanın rayon təşkilatının sədri vurğulayıb ki, Pirallahı rayonunda gənclər siyasəti və idmanın inkişafı istiqamətində mütəmadi olaraq işlər aparılır və bu işlər gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə, onlar arasında sağlam həyat tərzinin təbliğinə, gənclərin problemlərinin həllinə dəstək göstərilməsinə, istedadlı gənclərin üzə çıxarılmasına şərait yaradır. Beləliklə, müxtəlif yarışların və turnirlərin təşkili rayonda həm idmanın inkişafına, həm də kütləviliyinin artırılmasına xidmət edir.

Azərbaycan koşiki-karate federasiyasının prezidenti Talıb Berziqiyarov çıxışında idmanın bu növünün ölkəmizdə inkişafı istiqamətində görülən işlərdən, təşkil olunan yarışlardan danışıb, idmançılara uğurlar arzuladı.

Turnirin sonunda qaliblərə YAP Pirallahı rayon təşkilatının və Federasiyanın diplom, kubok və medalları təqdim olunub.

RövşənNURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə